Məhkəmə qərarları › İş №2-1(112)-3287/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3287/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3287/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X31 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, 3-cü şəxs X2 nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X5 və X4 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X5 və X4 göstərilməklə onların yaşayış yeri üzrə ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 atası tərəfindən ona bağışlanmışdır və o, 1988-ci ildən evdə rəsmi olaraq qeydiyyata alınaraq yaşayır. Onunla bərabər arvadı və üç övladı da, qeydiyyatda olmaqla yaşayırlar. Vaxtilə atası, əmisi X3 da, qeydiyyata aldırmışdır. Lakin, onun xəbəri olmadan etmişlər. Ev özbaşına tikili kimi qeydiyyatda olsa da, artıq 30 ildən artıqdır ki, o evə sahiblik edərək istifadə edir. Evin sənədlərini qaydasında qoymaq üçün onların qeydiyyatda olması onun hüquqlarını həyata keçirməsinə mane olur. Digər tərəfdən onların da, qeydiyyatda olması səbəbindən illərdir ki, kommunal xərcləri ödəmək məcburiyyətindədir. Evin əsas sahibi odur, 3-cü şəxslərin evdə heç bir əşyası, əmlakı olmayıb. Qeydiyyatı formal xarakter daşıyır. 3-cü şəxslərin həmin evdə qeydiyyatda qalması onun sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır və əlavə kommunal xidmətlərin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə mənzil sahibi olaraq onun hüquqlarını pozur. Bu səbəbdən, hesab edir ki, cavabdehlərin həmin mənzilə olan formal istifadə hüququ itirilməlidir, xitam verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayədəsi və digər 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X2 nümayəndəsi və vəkili X24 iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Ev öz başına tikilidir. - cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2022-ci il tarixli. 091-53831H-3222 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə imtina edilmişdir. - - Məhkəmənin sorğusuna əsasən 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixli 131 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Salyan yolu, dalan 2, özütikmə 31 a ünvanında məişət tullandılarının daşınmasını ödəmək üçün olan 15047v nömrəli məlumat vərəqi X6 adınadır. Salyan yolu, dalan 2, ö/t 31 a ünvanında X11, X14, X15, X16, X17, X10, X7, X18 qeydiyyatdadırlar. Salyan yolu, dalan 2, ö/t 31 a ünvanında qeydiyyatda olanlardan X15 hal-hazırda göstərilən ünvanda yaşamır, lakin X8 həyat yoldaşı X9 göstərilən ünvanda hal-hazırda qeydiyyatsız yaşayır. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 100 D saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 091- 84981-1222 nömrəli məktub və fərdi uçot kartoçkası göndərilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, X5 2006-cı ildən, X4 isə 2007-ci ildən ünvan 5 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, mübahisəli ünvan özbaşına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar