Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3288/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı qərarın ləğvinə dair iddiasına dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin 14.07.2021-ci il tarixli, 40 nömrəli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zirə Bələdiyyəsinin 14.07.2021-ci il tarixli, 09 saylı iclas protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətində olan qeyri-yaşayış təyinatlı əmlakına və torpaq sahəsinə dair 7372.54 manat hesablanmış əmlak və torpaq vergisinin ondan tutularaq Zirə Bələdiyyəsinin hesabına ödənilməsi barədə Zirə Bələdiyyəsinin 40 saylı qərarı qəbul edilmişdir. Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin xəbərdarlıq məktubundan sonra ona məlum olmuşdur ki, barəsində sözügedən qərar qəbul edilmiş və icra olunması üçün əvvəlcə 17.06.2021-ci il tarixində və sonra yenidən həmin qərara əsasən 24.08.2021-ci il tarixində Xəzər rayon İcra Şöbəsinə əsassız olaraq iki eyni iş üzrə icra sənədi göndərmişdir. İş üzrə üçüncü şəxs Xəzər rayon İcra Şöbəsi həmin qanunsuz qərara əsasən 02.07.2021-ci il tarixində “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Lakin, qərarın surətini rəsmi olaraq ona göndərməmişdir. Qeyd etdiyi kimi icra məmurunun çağırışından sonra məlumatı olmuşdur ki, barəsində Zirə Bələdiyyəsi sözügedən qərarı qəbul etmişdir. Bələdiyyə bundan sonra qərarın surətini dəfələrlə müraciətinə baxmayaraq, ona göndərməmiş, yalnız kserosurətini onlara vermiş və o, həmin qərara yazılı etiraz etmiş və xahiş etmişdir ki, qərar onun sübutları və iştirakları ilə qəbul edilsin. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Bakı şəhəri Xəzər rayon Zirə qəsəbəsi Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən əmlak, Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətinə verilmliş torpaq sahəsi və sonradan orada inşa etdiyi daşınmaz əmlakı Zirə Bələdiyyəsi olmamışdan əvvəl mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi şəxsi mülkiyyətindədir. O, vergi ödəyicisi kimi fəaliyyət göstərir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdadır. X5 hədələyici müraciətlərlə onlara müraciət edərək, onlardan qanundan kənar vergi borcu adı ilə pul tələb etmişdir və hər dəfə onun məktubları tərəflərindən cavablandırılmışdır. Mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından tələb olunan vergi bborcu qanunsuz və əsassızdır, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Bakı şəhəri ərazisində olan bələdiyyələrə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır və olmayan torpaq sahəsinə görə də, Zirə Bələdiyyəsinə mübahisəli torpaq sahəsinə dair heç bir çıxarış verilməmişdir. Mübahisəli torpaq sahəsi Zirə Bələdiyyəsinin mülkiyyətdə deyil. X3 müraciət etsə də, mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaqları olması barədə Zirə Bələdiyyəsi heç bir əsaslandırıcı sübut (mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaq sahələrinə aid olması barədə çıxarışın və koordinatları müəyyən edən kadastr xəritəsini təqdim etməklə) təqdim edə bilməmişdir. Zirə Bələdiyyəsinin qanunsuz hərəkətləri ilə onun fəaliyyətinə və əmlakından bir mülkiyyətçi kimi istifadəsinə suni maneələr yaradır və ona öz qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər vurur. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından, həmin bələdiyyənin mülkiyyətinə bugünə kimi torpaq sahəsi verilmədiyindən, tələb olunan vergi borcu qanunsuz və əsassızdır. Qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz (ərizə) təqdim edilərək bildirilmişdir ki, aşağıdakı əsaslara görə hazırki iddia ərizəsinə baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud nzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəicəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baıxlmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalenliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki vəziyyətdə isə iddiaçının mübahisələndirdiyi – Xəzər rayonu, Zirə Bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli, 40 saylı qərarı (09 saylı iclas protokol qərar) poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu Zirə qəsəbəsi, 38 saylı bağ evinə göndərilmiş və 29 iyul 2021-ci ildə rəsmi qaydada təqdim edilmişdir (xəbərnamənin surəti əlavə edilir). Bundan əlavə, iddiaçının həmin qərarı qeyd olunan vaxtda alması, onun Zirə Bələdiyyəsinə ünvanladığı və 09 avqust 2021-ci ildə bələdiyyəyə daxil olmuş etirazdan da, müəyyən olunur. Belə ki, həmin etirazda iddiaçı Zirə bələdiyyəsinin 14.07.2021-ci il tarixli, 40 saylı qərarına etiraz etmiş, sonda qanunsuz hərəkətlərə son qoyulmasını bələdiyyədən tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəyini bildirmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 21.10.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, bu zaman qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də. məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəlləsinin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Vergi Məcəlləsinin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1 -1 -ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. fiziki şəxslərin əmlak vergisi; 8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Vergi Məcəlləsinin 198.1 -ci maddəsinə görə fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə-onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Vergi Məcəlləsinin 200-cü maddəsində fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası müəyyən edilmişdir. 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. 200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır. Qeyd olunan qanunun tələblərinə uyğun olaraq bələdiyyə tərəfindən 30.11.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km. 10 ünvanında yerləşən qeyri yaşayış (“Qızıl Balıq” X6) təyinatlı 1602,30 kv.m əmlaka əmlak vergisi hesablanaraq ödənilməsi tələb edilmişdir. Habelə, Vergi Məcəlləsinin 206.3-cü maddəsinə görə bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur. Bu Qanunun tələbinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, bu barədə 23.02.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli 9-13 saylı məktubla iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. İddiaçı etirazında qeyd edir ki, qeyd olunan torpaq sahəsi və üzərindəki tikili onun xüsusi mülkiyyətində olduğuna və həmin sahənin Zirə bələdiyyəsinin mülkiyyətində və ərazisində olmadığına görə qeyd edilən vergilərin tələb edilməsi qanunsuzdur. Halbuki, Zirə bələdiyyəsinə də, məlumdur ki, istinad olunan əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmaqla Zirə qəsəbə bələdiyyəsinin inzibati ərazisində yerləşdiyinə görə, bu vergilərin ödənilməsi iddiaçıdan tələb edilir. İddiaçının özündə olan dövlət reyestrindən çıxarış ilə də, müəyyən olunru ki, daşınmaz əmlaklar Xəzər rayonunun Zirə qəsəbəsində yerləşir. Zirə Bələdiyyəsi məhz mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödənişlərini iddiaçıdan tələb edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 295286 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən Əmlak Kompleksi kimi, ümumi sahəsi 1602.3 kv.m olan, 1.99342 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən müəssisə (“Qızıl Balıq” X6) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********64-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 30.11.2013 qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-13 nömrəli, 23 fevral 2021-ci il tarixli məktubun surətindən görünür ki, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yol, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 30.11.2013-cü il tarixli çıxarış əsasında ona məxsus ümumi sahəsi 19934.2 kv.m olan torpaq sahəsinə görə torpaq vergisi, 1602.3 kv.m əmlaka görə əmlak vergisi və Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən gecikdirilmiş günlərə görə faiz hesablanmışdır. Tədiyyə bildirişində göstərilən vergi borcunu 5 gün ərzində ödənilməsi xahiş olunmuş, vergi borcu ödənilmədiyi halda, Vergi Məcəlləsinin 57-ci maddəsi üzrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcəkdir və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən bu barədə akt tərtib ediləcəkdir. Akt tərtib edildikdən 30 gün müddətində vergi borcu ödənilmədikdə məhkəməyə müraciət olunacaqdır. Xahiş edilmişdir ki, tədiyyə bildirişində hesablanan ümumi vergi borcu 5 gün müddətində ödənilsin, əks halda Vergi Məcəlləsinin 52.1-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5744 seriyalı, 23.02.2021-ci il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı 2021-ci ili üçün Azəraycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 448.64 manat və 206.3-cü maddəsinə əsasən torpaq vergisi 2986.84 manat hesablanmışdır. Verginin ödənilmə müddəti 15.08.2021-ci il tarixinədək 1717.74 manat, 15.11.2021-ci il tarixindək 1717.74 manat olmuş, ötən dövrlər üzrə vergi borcu 3435.48 manat, faiz məbləği 501.58 manat, cəmi ödəniləcək məbləğ 7372.54 manat təşkil etmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış, 09.03.2021-ci il tarixdə Bakı şəhəri Zirə Bələdiyyəsinə daxil olmuş müraciətdən görünür ki, iddiaçı qanunsuz hesablanmış borcun ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəmədə iddia qaldıracağını bildirmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-22 nömrəli, 19 mart 2021-ci il tarixli məktubdan görünür ki, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında ona məxsus olan əmlak və torpaq sahəsinin mülkiyyətində olduğuna görə Zirə Bələdiyyəsi tərəfindən torpaq və əmlak vergisi toplamaq səlahiyyəti olmadığı barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Zirə Bələdiyyəsinin əhatə etdiyi ərazi Zirə qəsəbəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəsissələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 200.1ci maddəsinə görə binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kv.m-nə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinin 200.6-cı maddəsinə əsasən fiziki şxəslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, 208.6-cı maddəyə görə fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. O, fiziki şəxs olduğuna görə və mülkiyyətində olan torpaq sahəsi və əmlak qanunverciliklə Zirə bələdiyyəsinin əhatə etdiyi ərazi olan Zirə qəsəbəsində yerləşdiyinə görə torpaq və əmlak vergisini Zirə Bələdiyyəsinin büdcəsinə ödəməlidir. İşdə olan Bakı şəhəri Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 04 may 2021ci il tarixli aktdan görünür ki, Vergi Şöbəsinin baş müfəttişi X4, Vergi Şöbəsinin müfəttişi X1, Bələdiyyə kargüzarı X2 əmlak və torpaq vergisinin ödənişini təmin etmək məqsədilə Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 1.99342 ha torpaq sahəsinə və 1602.3 kv.m əmlakına görə vergi ödəməkdən imtina etmişdir. İddiaçı aktın surəti ilə tanış olmuşdur. İşdə olan Zirə Bələdiyyəsi tərəfindən tərtib edilmiş 02 nömrəli, 14 iyul 2021-ci il tarixli inzibati akt (qərarının) surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən, mülkiyyətində olan əmlaka və torpağa görə Xəzər rayon Zirə bələdiyyəsinin 14.07.2021-ci i tarixli, 09 saylı iclas protokoluna əsasən 04.05.2021-ci il tarixli akta əsasən Vergi Məcəlləsinin 198.1.1 və 206.3cü maddələrinə əsasən hesablanmış əmlak və torpaq vergisini ödəməlidir. Qərara əsasən ödənilməli olan pul məbləği 7372.54 manat təşkil etmişdir. İşdə olan Bakı şəhəri Zirə Bələdiyyəsinin 40 nömrəli, 14.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli, 09 saylı iclasının protokoluna əsasən qərara alınmışdır ki, Bakı şəhəri şəhəri, Xəzər rayonu. Gürgan-Zirə- Şahdili yolu, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinədn verilmiş RX seriyalı, ******* nömərli, 30.11.2013-cü il tarixli çıxarış əsasında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 203.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1-ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372 (yeddi min üç yüz yetmiş iki) manat 54 (əlli dörd) qəpik vergi borcunun ondan tutularaq YVÖK 12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi, qəbul edilmiş qərarla bağlı İddiaçı məlumat verilmləsi və vətəndaş tərəfindən 10 gün müddətində icra edilmədikdə qərar icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərar iddiaçı tərəfindən 29.07.2021-ci il tarixdə qəbzə imza etməklə təhvil alınmışdır. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” 02.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Cavabdeh 01 nömrəli, 17.06.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 7372.54 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.07.2021-ci il tarixli, 9909/20Ş nömrəli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, 02.07.2021-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin 01 nömrəli, 17.06.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.09.2021-ci il tarixli, 14436/20Ş nömrəli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Zirə Bələdiyyəsinin 02 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədininin icrası ilə əlaqədar olaraq iddiaçıya xəbərdarlıq edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 14.07.2021-ci il tarixli, 40 nömrəli qərarını, 27.07.2021-ci il tarixdə poçt qəbzinə imza etməklə təhvil almış, 27.10.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin inzibati aktda şikayət vermə qaydası və müddəti qeyd edilmədiyindən, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin müddəalarına əsasən hesab edir ki, iddia mümkün sayılmalıdır. Belə ki, sözügedən maddədə göstərilmişdir ki: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə qanunvericiliyin aşağıdakı normalarına istinad etməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Bələdiyyəsinin 40 saylı, 14.07.2021-ci il tarixli «mülkiyyətində olan əmlak və torpaq vergisinin ödənilməsi» barədə qərarı mübahisələndirildiyinən, sözügedən qərarın qanuniliyinə hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək (3.1.2), yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək (3.1.3), səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar vermək (3.1.11) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmçinin Əsasnaməyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 3.3-cü maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin Əsasnamənin 5.2-ci maddəsinə əsasən bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. Həmin Əsasnamənin 5.3-5.11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Cavabdeh 40 saylı, 14.07.2021-ci il tarixli «əmlak və torpaq vergisinin ödənilməsi» barədə qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərarın mətnində 14.07.2021-ci il tarixli, 09 saylı iclas protokoluna istinad olunsa da, iş materiallarında həmin protokolun mövcudluğuna dair sübut yoxdur. Həmçinin qəbul edilən qərar Bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmiş, iddiaçıdan müvafiq məbləğdə borcun tələb edilməsinə yönələrək, bu qərar icraya yönəldilmişdir. Halbuki, Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət etməlidirlər. Doğrudur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci madəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin, bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi (bundan sonra mətndə - VM) vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. VM-nin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. VM-in 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. VM-in 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, ““İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Buna görə də cavabdehin ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin 14.07.2021-ci il tarixli, 40 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3288/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3288/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver