Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3289/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Adil oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsindəki 4 saylı yaşayış binası ilə üzbəüz olan sahədə yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 795 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhəddi) Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.metr torpaq sahəsində ev tikməyə imkanı olmadığı üçün qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsi barədə müraciəti nəzərə alınaraq RİHB-nın 763 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun adına keçirilmişdir. İddiaçı həmin vaxtdan da sərəncamdan irəli gələn göstərişlərə riayət etməklə torpaq sahəsində fərdi yaşayış evini tikməklə ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qeyd ediliən torpaq səhəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ əsasında çıxarışın verilməsinin təmin edilməsini xahiş etsə də, cavabdeh əsassız olaraq xx.xx.2020-ci il tarixli məktubla tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. x xxxxxx 2001-ci ildən sonra vətəndaşların mülkiyyətinə torpaqlar qanunla müəyyən edilmiş qaydada bələdiyyələrin ehtiyat fondundan ayrılmış torpaqlardan satılır. Elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi sənəd üzrə 600.0 kv.metr, faktiki olaraq isə 485.0 kv.m. təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə təqdim edilməlidir və torpaq qaz kəmərinin mühafizə zolağında yerləşir. Hesab edilir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi hallar iddiaçının əmlakının adına qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Belə ki, sərəncamdan da göründüyü kimi həmin torpaq sahəsi Binəqədi RİHB-nın 795 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün digər vətəndaşa ayrılmış və həmin vətəndaşın müraciəti əsasında iddiaçının adına keçirilmişdir. Həmin vaxt torpaq sahəsinin bələdiyyəyə aidiyyətı olmamışdır. Elektron kadastr baza məlumatı ilə iddiaçının adına keçirilmiş torpaq sahəsinin bir hissəsinin qonşunun torpaq sahəsi ilə üstüstə düşərək onun sahəsin azalması iddiaçı tərəfindən mübahisələndirilmir. Qonşunun tikilisi anlaşılmazlıqdan iddiaçının torpaq sahəsinin bir hissəsinə düşməsi nəticəsində onun torpaq sahəsinin ölçüsü azalmışdır. Artıq qonşu da orada tikinti apardığından iddiaçı həmin hissəni ondan tələb etmir və cavabdehdən sərəncamda qeyd edilən 600.0 kv.m. torpaq sahəsinin yox, hazırda faktiki onun istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin adına qeydiyyatdan keçməsini istəyir. İstifadədə olan torpaq sahəsinin hazırda qaz kəmərinin mühafizə zolağına da heç bir aidiyyəti yoxdur. Çünki “Azəriqaz” İB tərəfindən orada olan qaz kəmərinin yeri dəyişdirilərək başa yerdən çəkilmişdir, turbaların bir hissəsi isə kəsilərək götürülmüş, qalan turbalar isə yararsızdır. Bu faktı təsdiq edən “Azəriqaz" İstehsalat Birliyi Bakı X4 Depatamentinin məktubu və aktı iddia ətizəsinə əlavə edilmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının istifadəsində olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi böyük bir küçənin mərkəzində yerləşməklə hər tərəfdən qonşularla əhatə olunmuşdur və iddiaçı ilə divar qonşularının istifadəsində olan torpaq sahələri və tikintilərə dair cavabdeh orqan tərəfindən qeydə alınmaqla çıxarışlar verilmişdir. Ərazidə ancaq iddiaçının istifadəsində olan torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşməsi isə qeyri-mümkündür. Artıq qaz idarəsi özü də bu halı inkar edir. Cavabdeh, həmçinin, iddiaçının müraciətinin bir hissəsinə imtina vermişdir. İddiaçı cavabdehə həm torpaq sahəsinin, həm də torpaq üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi barədə müraciət etdiyi halda imtinanı ancaq torpağa aid hissədə vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin **********46 saylı, xx.xx.2020-ci il tarixli yazılı etirazında bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı Bakı şəhər, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə İdarədə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Binəqədi rayon İHB-nın 763 saylı, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin sizin adınıza ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi JN-11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq, konfiqurasiya aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur, ayrılmış torpaq sahəsi sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 485.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qardada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1168/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və ərizəçiyə xx.xx.2020-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.metr ölçüdə olan Rayon İcra Hakimiyyəti başçısının 795 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin İddiaçı Adil oğlunun adına keçirilməsi qərara alınmışdır. Sərəncama İddiaçı Adil oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahənin cizgisi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********55 nömrəli cavab məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Həmçinin, bildirilmişdir ki, Binəqədi rayon İHB-nın 763 saylı, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi JN-11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq, konfiqurasiya aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur, ayrılmış torpaq sahəsi sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 485.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qardada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla yanaşı Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1168/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmənin hazırlıq icraatında mübahisənin hərtərəfli araşdırılması məqsədilə xx xxxxxxx 2020-ci il tarixli qərardadla Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsinin faktiki ölçüsünün, həmin torpaq sahəsinin ərazisinin JN – 11342D seriyalı, KOD 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0.6 ha. torpaq sahəsinin ərazisi ilə üst-üstə düşüb-düşməməsinin və qaz kəmərinin mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə “Hüquq və torpaq məsələləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. “Hüquq və torpaq məsələləri” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 97 saylı, xx xxxxxx 2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş suallar üzrə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir: 1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla faktiki ölçüsü 485 kv.metr təşkil edir. 2. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunu adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhəddi) yerləşən torpaq sahəsinin ərazisi JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2835 metr kənarda yerləşir. 3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli, SOCAR**********30560046X04268 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsində yerləşən 4 saylı yaşayış binası ilə üzbəüz sahədə yerləşən torpaq sahəsindən (koordinatlar 40.4***- *******6) qaz xətti keçmir. Yuxarıda göstərilmiş məlumatlardan göründüyü kimi cavabdeh inzibati orqanın imtina məktubunda qeyd etdiyi iddia edilən torpaq sahəsinin ərazisinin digər torpaq sahəsinin ərazisi ilə üst-üstə düşməsi, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması və qaz kəmərinin mühafizə zolağında yerləşməsinə dair dəlilləri təkzib edilir. Məhkəmə, cavabdeh inzibati orqanın iddia edilən torpaq sahəsinin ərazisinin qaz kəmərinin mühafizə zolağında yerləşməsinə, digər torpaq sahəsinin ərazisi ilə üst-üstə düşməsinə və bələdiyyə mülkiyyətinə aid olmasına dair mövqeyi ilə bağlı, həm də, aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, şərh edilmiş halların müvafiq sahədə xüsusi biliyi olan ekspertin iştirakı ilə inzibati icraat çərçivəsində araşdırılması mümkün olduğu halda inzibati orqan bununla bağlı hərəkətsizlik göstərmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən: 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. 41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. 41.4. Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər Göründüyü kimi inzibati orqan ona verilmiş səlahiyyətlərdən lazımi səviyyədə istifadə etməməklə şərh edilmiş məsələlərlə ilə bağlı yekun nəticəyə gəlməkdə tələskənliyə yol vermişdir. Məhkəmə qeyd edir ki, müvafiq mütəxəssis rəyi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunu adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhəddi) yerləşən torpaq sahəsinin ərazisinin JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşməsi və sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi halları təkzib edildiyindən maraqlı şəxslərin məhkəmə icraatına cəlb edilmələri məsələsinə baxılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (x xxxx 2012ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin. məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı iş üzrə də, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 795 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı yuxarıda qeyd edilən Qanunun 8.0.1-ci maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatında alınması ilə bağlı yuxarıda şərh edilmiş əsaslarla ərizəçiyə imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsində göstərilmişdir ki, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Məhkəmə qeyd edir, hətta iddia edilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olsa belə, göstərilən normaların işin faktiki hallarına tətbiqi baxımından da cavabdeh qeydiyyat orqanının imtina məktubunda qeyd edilmiş 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələrinin qanunvericiliylə müəyyən edilmiş qaydada satılmasına dair mövqeyi əsassızdır, ona görə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 795 saylı, xx.xx.2000ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən də müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisi ilə 6-cı mikrorayonun arasında yerləşən iddia edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2001-ci ildən əvvəlki tarixdə Ş.X.Cəfərov adlı şəxsə ayrılmış, yalnız sonradan onun yazılı razılığı ilə iddiaçının adına keçirilmişdir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Məhkəmə, iddia edilən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı isə qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakındövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. İşdə olan Binəqədi rayonunun Hacıbəyov küçəsində yerləşən 4 nömrəli yaşayış binası ilə üzbəüz olan sahədə vətəndaş İddiaçı tərəfindən inşası nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsindən də müəyyən edilir ki, həmin eskiz layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır. Habelə, yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı da iddia edilən torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona subyektiv hüquq verən sənəd hesab edilir. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə iddia edilən torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüləri arasında olan uyğunsuzla bağlı qeyd edir ki, iddiaçı bu halı mübahisələndirməmişdir ki, bu hal da onun subyektiv hüququdur. İşin bu halına münasibətdə məhkəmə göstərir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Beləliklə, məhkəmə, cavabdehin imtinası ilə razılaşmır ona görə ki, iddiaçının özəlləşdirmək istədiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə onun adına keçirilmiş, sözügedən torpaq sahəsində iddiaçı tərəfindən təyinatı üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihə əsasında fərdi yaşayış evi inşa edilmiş və cavabdehə təqdim etdiyi ərizəsinə üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədləri əlavə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Məhkəmə qeyd edir ki, konkret halda tərəflər Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həmin torpaq sahəsinin iddiaçının “əmlakı” olub-olmaması məsələsi üzərində razılığa gəlməyiblər. Ancaq müvafiq orqanlar iddiaçının bu torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu 2007-ci ildə qeydə alıblar və onlar bu yolla rəsmən maraqlı tərəfin mülkiyyət hüququnu təsdiqləyiblər. Həmin şəxs Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada əmlakın sahibi idi (Gladysheva, 69-cu maddədə göstərilib və Sociedad Anonima del Ucieza İspaniyaya qarşı, no: 38963/08, paraqraf 78-79, x xxxxxx 2014). 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Məhkəmə bildirir ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı 1991 və 2005-ci illər arasında inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlar və 2005-ci ildə imzalanmış alqı-satqı müqaviləsinin onun ziyanına ləğv edilməyəcəyi faktına əsaslanmağa hüququ vardır. Belə hallarda “qanuni gözləmə (intizar)” həmçinin əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati qərarlara əsaslanmışdır (bax Kopecki Slovakiyaya qarşı (GC), no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61). Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3289/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3289/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver