Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3289/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçınun cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X6 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 iddiaçıya məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsi, ev 86 mənzil 81 2017-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. X6 iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzildə pasport qeydiyyatındadır. Yağmur Kazımzadə iddiaçının ailə üzvü deyil, onun mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Yağmur Kazımzadənin mənzildə qeydiyyatada qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, əlavə kommunal xərclərin ödənilməsi çətinliyi yaradır. İddiaçı qeyd olunan şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina edərək inzibati məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə cəlb olunmuş üçüncü şəxs (onun qanuni nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin (qanuni nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianı müdafiə edərək bildirdi ki, üçüncü şəxsin anası mənzilin əvvəlki mülkiyyətçiləri tərəfindən qeydiyyata salınmışdır. İddiaçının üçüncü şəxs və onun anası ilə qohumluq münasibəti yoxdur. Üçüncü şəxsin anasının mənzildən istifadə hüququna xitam verilməsi barədə Nizami Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən edilmiş: - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar inziabti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhər Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı İddiaçı iddia tələbi təmin edilərək, X5 və digərlərinin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 86 saylı evin, 81 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86, ünvanda yerləşən 81 saylı mənzilin İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçdiyi və mülkiyyətində olduğu, həmçinin iş üzrə üçüncü şəxsin mənzilə dair istifadə hüququnun dövlət reyestrində qeydiyyatına alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdən anası X1 qeydiyyat ünvanı üzrə sənədləşdirilərək hal-hazıradək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86, ünvanda yerləşən 81 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. - 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixlsorğuya cava məktubundan görünür ki, görünür ki, X6 ünvan 1 ünvanda yaşamır. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan İddiaçı üçüncü şəxs X6 ilə qohumluq münasibəti aşkar edilməmiş, üçüncü şəxsin X2 övladı olduğu müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Yetkinlik yaşına çatmayan üçüncü şəxs həmin mənzildə əvvəllər qeydiyyatda olmuş X2 övladıdır. İddiaçı hazırda mülkiyyətində olan evdə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərlərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən olundu ki, üçüncü şəxs hazırkı mülkiyyətçinin ailə üzvü deyil, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Üçüncü şəxsin valideynlərinin də iddiaçıya məxsus mənzildə qeydiyyatda olmadıqları iş materialları ilə təsdiq edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və cavabdeh inzibati orqanın imtinası onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının iş üzrə üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslıdır. Odur ki, təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 81 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3289/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3289/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver