Məhkəmə qərarları › İş №2-1(112)-3290/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3290/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3290/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5 sayılı mənzildən X1 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49 kv/m olan mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* sayılı çıxarışdan da görünür ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətində olmaqla xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-ci il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışdan görünür ki, X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Bu da mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır və mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneə törədir. İddiaçı tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin Nəsimi rayon polis idarəsi tərəfindən qeyd olunan müraciətin icrasından imtina olunmuşdur.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğu ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyyə olunur.

4. Zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, üçüncü şəxs hazırda Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5 saylı mənzildə iddiaçı ilə birgə yaşayır və faktiki olaraq iddiaçıya qulluq edir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddiaçı X2 dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs X4 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, hazırda faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5 saylı mənzildə yaşayır.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmir.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

11. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X4 (xx.xx.1962-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi rədd edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3114/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2296/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5387/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir.

IV. Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxs X4 iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvüdür (keçmiş arvadıdır) və faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5 saylı mənzildə (üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələb olunan ünvanda) iddiaçı ilə birgə yaşayır.

21. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

24. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

27. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin (iddiaçının keçmiş ailə üzvü) mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar