Məhkəmə qərarları › İş №2-1(112)-3292/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3292/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3292/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi tökücü, işləmir),cavabdehin nümayəndəsi X1 (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh orqan 02 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktub ilə onun ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh orqanın imtina məktubu əmək qanunvericiliyinin tələblərinə və onun sənədlərinə uyğun olmamışdır. Onun iş stajı əmək kitabçası və hərbi bilet ilə təsdiq edilmişdir. İddiaçı 01.09.1980 – 13.05.1981-ci illər müddətində təhsil almış, 13.05.1981 – 30.05.1983-cü illər ərzində ordu sıralarında hərbi xidmətdə olmuş və 03.10.1983-cü il tarixindən 24.02.2020-ci il tarixə qədər “xxxx” EİB-nin baş müəssisəsi Bakı məişət kondisionerləri zavodunda işləmişdir. İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra, 03.10.1983-cü ildə 851 saylı əmr əsasında Bakı məişət kondisionerləri zavodunun elektrik mühərrikləri sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunmuş, 31.01.1984-cü ildə isə həmin sexdə təzyiq altında işləyən tökmə maşınların 2-ci dərəcəli tökücü peşəsinə keçirilmişdir. Qeyd edilən peşənin ağır və sağlamlıq üçün təhlükəli və zərərli olması ondan irəli gəlir ki, həmin tökmə maşınlarda istifadə olunan xam aliminium 850 dərəcəyə qədər istilik altında qızdırılaraq əridilib dövriyyəyə verilir. Aliminium və silyumin yüksək istilik altında əridilməsi zamanı ayrılan qazların tərkibində insan orqanizmi üçün son dərəcə ziyanlı və zərərli tullantılar mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rüstəmli ümumi stajının olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı xx.xx.1963-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. ИT-İ ******* nömrəli 08.10.1983-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 01.09.1980-ci il tarixdən 13.05.1981-ci il tarixədək Bakı şəhərindəki 18 saylı texniki peşə məktəbində təhsil almışdır. 13.05.1981-ci il tarixdən 30.05. 1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 03.10.1983-cü il tarixdən 24.02.2020-ci il tarixdək “Bakı məişət kondensioneri” zavodunda təzyiq altında işləyən tökmə maşınların 2-ci , sonradan 4-cü dərəcəli tökücüsü peşəsində işləmişdir. 25.11.2001-ci il tarixdən “Bakı məişət kondensioneri” zavodu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02 noyabr 2020-ci il tarixli, **********81 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzi filiala təqdim etdiyi 08.10.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçası əsasında onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 24 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletinin surətinə əsasən, iddiaçı 13.05.1981-ci il tarixdən 29.03.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası “xxxx” ASC-nin 12.10.2020-ci il tarixli KŞ-7 nömrəli arayışına əsasən, o həqiqətən 03.10.1983-cü ildə 851 saylı əmrlə Bakı məişət kondisionerləri zavodunun elektrik mühərrikləri sexinə 2 dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunub. 31.01.1984-cü ildə həmin sexdə təzyiq altında işləyən tökmə maşınların 2 dərəcəli töküçüsü peşəsinə keçirilib. 24.02.2020-ci ildə 3 saylı 24.02.2020-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilib. İddiaçı tökmə maşınlarında tökücü işləyərkən AK-7, A-12 və silyumin (sil-1) alyuminium materiallarla kondisionerin mühərrikinin rotorunu və qapaqlarını, kompressorun rotorunu təzyiq altında emal etmişdir. Tökmə maşınlarında istifadə olunan alyuminium 850 dərəcəyə qədər qızdırılaraq əridilib istehsal olunmuşdur. Tökmə əməliyyatı yerinə yetirilərkən sobada alyuminium və silyumin əridilərkən zərərli qazlar ayrılıb ki, bu da insan orqanizmi üçün zərərlidir. Göstərilənləri nəzərə alaraq A.D. Əhmədovun lazımı iş stajı topladıqda işlədiyi təzyiq altında tökmədə çalışan maşın töküçüsü bölmə11. “Metal emalı” 11.1 səh.89 güzəştli təqaüdə çıxmaq hüququ verir. Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavininin 03 fevral 2020-ci il tarixli rəyinə əsasən, İddiaçı, ünvan 1 küçəsi 127-də yerləşən inzibati bina ünvanına qeydiyyata alınmasını məqsədə müvafiq hesab edilmişdir. 141 saylı MKİS-in 01.02.2020-ci il tarixli, 144 nömrəli arayışına əsasən iddiaçı Məhsəti küçəsi, ev 7, mənzil 29-30 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası “xxxx” ASC-nin 12.10.2020-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, iddiaçı 1998-ci ilin fevral ayından 2005-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, onun 24.02.2020-ci il tarixinə əmək kitabçasına əsasən iş stajı 24 il 11 ay 10 gündür, bu müddətinin bir hissəsi -1998-ci ilin fevral ayından 01 01.2006-ci ilədək iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçı zərərli və ağır olan peşədə “xxxx” ASC-nin elektrik mühərrikli sexində təzyiq altında işləyən tökmə maşınların tökücüsü peşəsində işlədiyi nəzərə alaraq ona 24 fevral 2020-ci ildə 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. Lakin «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23.01.2007-ci il tarixli, 12 saylı qərarının bölmə 11.”Metal emalı”11.1 –də göstərilmiş peşəyə iddiaçının “xxxx” ASC-də işlədiyi peşəsi uyğun gəlmir. Beləliklə, işin faktiki hallarının tədqiqi, iş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən az olması, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci , 69cu , 85-ci, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar