Məhkəmə qərarları › İş №2-1(112)-3293/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3293/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3293/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6 cəlb olunmaqla) «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi (reyestr nömrəsi: **********18-11301) ilə birlikdə vahid reyestr nömrəsi altında dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixli "Bağın icarəyə verilməsi haqqında" 10783 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0.21 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin 0.21 ha torpaq sahəsinin 0.16 ha hissəsində iddiaçı uzun zamandır öz ailəsilə birlikdə yaşayır. Qalan 0.05 ha torpaq sahəsini isə gələcəkdə satılması üçün hasarla ayırmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı mütəxəssislər yerə baxış keçirərkən faktiki istifadəsində olan 0.16 ha torpaq sahəsi üzrə qeydiyyat aparmışdır. Bu səbəbdən də, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.16 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqları **********18-11301 reyestr nömrəsi altında xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış və ona MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi zamanı bu məqama diqqət etməsə də, hazırda torpaq sahəsini yenidən satmaq fikri yarandığından xx.xx.1997-ci il tarixli "Bağın icarəyə verilməsi haqqında" 10783 nömrəli müqaviləyə əsasən ona ayrılmış 0.21 ha torpaq sahəsinin qalan 0.05 ha hissəsi üzərində də mülkiyyət hüquqlarının qeydiyyata alınmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq iddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etsə də, müraciətə heç bir cavab verilməmiş, torpaq sahəsinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciəti üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün iddiaçıya əsas vermişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət (etiraz) təqdim etmişdir. Yazılı münaisbətdə bildirilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi (reyestr nömrəsi: **********18-11301) ilə birlikdə vahid reyestr nömrəsi altında dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********31 saylı, xx.xx.2023-cü il tarixli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim olunan xx.xx.1997-ci il tarixli icarə müqaviləsində göstərilən 0.21 ha torpaq sahəsinin 0.05 ha hissəsi xx.xx.2003cü il tarixli iddiaçının razılıq ərizəsi əsasında X5 adına keçirilmiş, qalan torpaq sahəsinə dair iddiaçı ilə xx.xx.2003-cü il tarixli yeni icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında 0.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin arxivində qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 0.10 ha olan, 401A nömrəli bağa dair X2 və İstismarı birliyi ilə X8 arasında bağlanmış 31683 nömrəli müqavilə mövcuddur. Belə ki, sözügedən bağın 0.05 ha hissəsi 401 nömrəli bağdan, qalan 0.05 ha hissəsi 400 nömrəli bağ sahəsindən bölünmüşdür. Həmçinin qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflər dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini olduğu kimi müdafiə edərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 0.16 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. -X2 və İstismarı birliyi ilə X8 arasında bağlanmış 31683 nömrəli müqavilədən görünür ki, sahəsi 0.10 ha olan, 401A nömrəli bağ Röya Əliyevanın istifadəsinə verilmişdir. Müvafiq sorğu ilə, qeyd olunan 401 nömrəli bağ sahəsinin arxiv qovluğunda olan sənədlər cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -X2 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.1997-ci il tarixli, 10783 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində, 0,21 ha sahəsi olan 401 nömrəli bağ iddiaçıya 10 il müddətinə icarəyə verilmişdir. -xx.xx.2003-cü il tarixli, 10 №-li arayışa əsasən iddiaçının ailə tərkibi 2 (iki) nəfərdən ibarətdir: özü və həyat yoldaşı X4. -İddiaçı və X4 Bakı şəhəri bağlar təsərrüfatı birliyinin direktoruna xx.xx.2003-cü il tarixli ərizə ünvanlayaraq 10783 saylı müqavilə ilə adında olan, Buzovna sahəsində yerləşən, 401 saylı, 0.05 ha torpaq sahəsinin X5 adına keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişlər. -Müqavilə şöbəsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Buzovna ərazisindəki 10783 №-li müqavilə ilə 0.21 ha torpaq sahəsi olan 401 №-li bağın icarədarı İddiaçıdır. İcarədar xahiş edir ki, həmin bağ sahəsinin 0.05 ha hissəsi Neftçilər prospekti, ev 67 ünvanında yaşayan X5 adına keçirilsin. -X2 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 10783 №li müqaviləyə əsasən, Birliyin xx.xx.2003-cü il tarixli, 239 №-li protokolu əsasında, Birlik Bakı şəhəri, Xəzər rayonu, Buzovna ərazisində, 0,16 ha torpaq sahəsi olan 401 №-li bağ sahəsi İddiaçı icarəyə verilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Plenum Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (6.1 və 6.2). Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, X2 və istismarı birliyi ilə bağlanmış xx.xx.1997-ci il tarixli, 10783 nömrəli müqavilə əsasında Bakı şəhəri, Buzovna qəsəbəsində, 0,21 ha sahəsi olan 401 nömrəli bağ iddiaçıya icarəyə verilmişdir. Sonradan 401 nömrəli bağın 0.21 ha torpaq sahəsinin 0.05 ha hissəsi iddiaçının və onun ərinin xx.xx.2003-cü il tarixli razılıq ərizələri əsasında X5 adına keçirilmiş, onunla X2 və İstismarı birliyi arasında 31683 nömrəli müqavilə bağlanmışdır. Qalan torpaq sahəsinə dair isə iddiaçı ilə xx.xx.2003-cü il tarixli yeni icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında 0.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Ümumi sahəsi 0.10 ha olan, 401A nömrəli bağa dair X2 və İstismarı birliyi ilə X8 arasında bağlanmış 31683 nömrəli müqavilə mövcuddur. Sözügedən bağın 0.05 ha hissəsi 401 nömrəli bağdan, qalan 0.05 ha hissəsi 400 nömrəli bağ sahəsindən bölünmüşdür. Hazırda iddiaçının hüquqi marağı 401 nömrəli bağ sahəsinin 0,05 ha hissəsinə üzərində üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına yönəlmişdir. Lakin göründüyü kimi, iddia olunan sahəyə dair digər şəxsin adına müqavilə mövcuddur. Həmçinin sözügedən sahənin iddiaçının istifadəsində olmaması da işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki X1 və İnkişafı Birliyi ilə iş üzrə üçüncü şəxs X5 arasında bağlanmış 31680 nömrəli müqavilə qüvvədədir, onun həmin sahəyə dair hər hansı hüququ yaranmır. Həmin müqavilənin qüvvədən düşməsi, etibarsız sayılması, geri çağırılması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlər isə onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının qeyd olunan X8 ilə Baölar idarəsi arasında müqavilənin bağlanması ilə bağlı bildirdiyi xüsusatlar (razılıq ərizəsinin özü tərəfindən imzalanmaması və s.) üzrə mübahisə mülki xarakterli olduğundan bu hallar inzibati mühakimə icraatı qaydasında araşdırıla bilməz. İddiaçının ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi üçün iş üzrə üçüncü şəxsə qarşı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələbi qaldırmaq üçün iddiaçının subyektiv hüququ olmadığından və o, hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar