Məhkəmə qərarları › İş №2-1(112)-3294/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3294/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3294/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 mart 1995-ci il tarixində vəfat olmuş X1na “şəhid” statusu verilməsi, ona isə “şəhid ailəsi” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu 02.09.1967-ci il təvəllüdlü X6 30 iyul 1992-ci ildə polis sıralarına daxil olaraq könüllü surətdə cəbhə bölgəsinə ezam olunaraq torpaqları müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 10 may 1994cü il tarixində elan olunan atəşkəsdən sonra cəbhə bölgəsində olan polislər xidməti yerlərinə qayıdaraq xidməti vəzifələrini yerinə yetirməyə başladılar. Oğlu da Bakıya qayıdaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidmətində taqım komandiri vəzifəsində xidmət etməyə başlamışdır. 1995-ci ilin mart ayında xalqının və dövlətinin başını qara dümanlar almış və Azərbaycanın xarici və daxili düşmənləri dövlətinə qəsd hazırlamışlar. Həmin vaxtı dövlət çevrilişinə qəsdin kuluminasiya nöqtəsi 17 mart 1995-ci ildə olmuşdur. Qəsdin qarşısını almaq üçün 17 mart 1995-ci il tarixində səhər saatlarından başlayaraq bütün Bakı şəhəri, xüsusilə də Bakı şəhərinin mərkəzində olan Dövlət və Hökumət binalarının mühafizəsi gücləndirilmişdir. Bakı şəhəri Üzeyir Hacıbəyov 80 ünvanında yerləşən Hökumət Evinin mühafizəsini də gücləndimək üçün həmin küçədə xüsusi post qurulmuş və X1 polis leytenantı kimi xüsusi postun rəisi təyin edilmişdir. Həmin gün şübhəli maşınların həmin ərazidə hərəkətinə nəzarət olunması və həmin nəqliyyat vasitələrinin Hökumət Evinə yaxınlaşmasının qarşısı alınması məqsədilə Üzeyir Hacıbəyov küçəsinin keçmiş Bakı Univermağına yaxın hissəsində şlaqbaum qurulmuşdur. 17 mart 1995-ci il tarixində şəhərdə silahlı atışmalar gedirdi və hərəkət edən nəqliyyat vasitələri nəzarətdən çıxmışdılar. Həmin günü təqribən saat 20:30 radələrində F.Hacıyev adlı bir sürücünün idarə etdiyi avtomobil şlaqbaumun bağlı olmasına baxmayaraq həmin küçədən keçmək istəyəndə oğlu Musa Mustafayev onun qarşısını almaq istəyərkən sürücü əmrə tabe olmayaraq avtomobili ilə şlaqbaumu dağıtmış və avtomobilin zərbəsi nəticəsində açılan dəmir şlaqbaun zərblə oğlu Musa Mustafayevə dəyərək onun daxili orqanlarını, xüsusilə də ağ ciyərini dağıtmışdır. Nəticədə oğlu 19 mart 1995-ci il tarixində xəstəxanada dünyasını dəyişmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Naziri tərəfindən 06 fevral 1996-cı il tarixində təsdiq olunan akt da tərtib olunmuşdır. Həmin aktın nəticə hissəsində göstərilmişdir ki, “Səbail RPX-ti rotasının sabiq vzvod komandiri polis kiçik leytenantı X2 həlakı vəzifəni yerinə yetirərkən hesab edilsin”. Bu da onu göstərmişdir ki, oğlu Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. X1 Azərbaycan Respublikasının azadlığı və suverenliyinin müdafiəsi uğrunda öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğundan o, şəhid hesab edilir. O, 19 mart 1995-ci il tarixində vəfat olmuş X1na “şəhid” statusu, ona isə “şəhid ailəsi” statusu verilməsi üçün 20.11.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə mürciət etmişdir. Daxili İşlər Nazirliyindən ona 04.12.2020-ci il tarixli məktub göndərilmiş və bildirilmişdir ki, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən oğlu M.Mustafayev “şəhid", ona isə “şəhid ailəsi" hesab olunan şəxslər kateqoriyasına aid deyillər. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Səbail RPİnin PPX rotasının sabiq taqım komandiri M.Mustafayevin həlakı barədə DİN-in 06.02.1996-cı il tarixli rəyindən məlum olmuşdur ki, sonuncu 17.03.1995-ci il tarixdə Ü.Hacıbəyov küçəsində yerləşən “Bakı" Univermağının qarşısında xidmətdə olarkən vət. F.Hacıyevin idarə etdiyi QAZ-31029 markalı, AZ 01 A 004 dövlət qeydiyyat nişanlı avtomaşınla vurulmuş və 19.03.1995-ci il tarixdə M.Nağıyev adına xəstəxanada vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid sayılır. Toplanmış materialdan göründüyü kimi sabiq polis əməkdaşı M.Mustafayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, mərhum polis əməkdaşı M.Mustafayev “şəhid” hesab edilən şəxslər kateqoriyasına aid edilmədiyindən, İddiaçı iddiasının təmin edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1944-cü ildə Yevlax rayonu, Nəriman Abad kəndində doğulmuşdur. - Yevlax şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş İ-JQ 374804 №-li, 24.05.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3 və anası İddiaçı olan X6 02.09.1967-ci ildə doğulmuşdur. - Bakı şəhəri, Səbail rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-JQ 493497 №-li, 31.05.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19.03.1995-ci ildə travmatik anemik şok, ağ ciyərin zədələnməsi ilə müşaiət olunması, çox saylı qabırğaların sınması nəticəsində Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Naziri tərəfindən təsdiq edilmiş “Səbail RPİ-nin PPXR-nın sabiq vzvod komandiri M.Mustafayevin həlakı barədə” 06.02.1996-cı il tarixli rəyin surətindən görünür ki, 17.03.1995-ci il tarixdə təqribən saat 20:30 radələrində məlum mart hadisələri zamanı Səbail RPİ-nin PPX rotasının vzvod komandiri M.Mustafayev Ü.Hacıbəyov küçəsində yerləşən “Bakı” univermağının qarşısında xidmətdə olarkən vətəndaş F.Hacıyevin idarə etdiyi QAZ-31029 markalı, AZ 01 A 004 dövlət nömrəli avtomaşınla vurulumuş və o özünə gəlmədən N.Nağıyev adına xəstəxanada keçinmişdir. Onun ölümü 19.03.1995-ci il tarixli, İİ-JQ 493497 №-li şəhadətnamə ilə təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Səbail RPİ-nin PPX-ti rotasının sabiq vzvod komandiri polis kiçik leytenantı X2 həlakı vəzifəsini yerinə yetirərkən hesab edilmişdir. - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1476/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 11.000 manat məbləğində sığorta pulu tutulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 024-68358M-3220 №-li, 04.12.2020-ci il tarixli məktubundan görünür ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid sayılırlar. Müraciətlə birlikdə təqdim etdiyi sənədlərdən aydın olur ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarına əsasən mərhum oğlu M.Mustafayev «şəhid», o, isə «şəhid ailəsi» hesab olunan şəxslər kateqoriyasına aid deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 024-1245-1221 №-li, 28.04.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş arxiv sənədlərinə əsasən Bakı şəhəri Səbail RPİ-nin PPX bölüyünün sabiq taqım komandiri 1967-ci il təvəllüdlü M.Mustafayevin həlak olması barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən 18.05.1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə açılmış 10345 saylı cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən 28.09.1995-ci il tarixdə 1959-cu il təvəllüdlü vət. X5 barəsində hökm çıxarılmışdır. Həmçinin, mərhum M.Mustafayevin arxiv şəxsi işinin xidmətkeçmə siyahısı, onun həlak olması barədə 06.02.1996-cı il tarixli Daxili İşlər Nazirliyinin rəyi və ölüm haqqında şəhadətnamənin çıxarılmış surətləri məlumat üçün göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1-209/95 №-li, 27.05.2021-ci il tarixli məktubuna əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin 1-209/95 №li, 28.08.1995-ci il tarixli hökmünün surətindən görünür ki, müttəhim X5 17.03.1995-ci il tarixdə, təxminən saat 20:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, ona aid QAZ-31 AZ01A-004 qeydiyyat nömrəli avtomobili sürücülük vəsiqəsi ilə Puşkin küçəsindən Ü.Hacıbəyov küçəsinə doğru Azadlıq prospekti istiqamətində sərnişini olmadan idarə etmişdir. U.Hacıbəyov küçəsində, “Bakı” Univermağının qarşısında “Yol hərəkət haqqında” Qanunun 3,6 və 1,6-cı maddələrinin tələblərini kobud şəkildə pozaraq, yəni orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobili avtomobilləri yoxlamaq üçün polis əməkdaşları tərəfindən quraşdırılmış şlaqbauma, sonra isə yolun 4 metrliyində dayanmış polis əməkdaşı X4 vurmuş, nəticədə piyada M.M.Mustafayev aldığı ciyərin dağılması və digər xəsarətlərdən ölmüşdür. X5 həmin əməli törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23-1-ci maddəsi tətbiq etməklə F.Hacıyevə təyin edilmiş cəza əməyə cəlb edilməklə şərti hesab edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X1 19 mart 1995-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X2 ölmünə səbəb olduğu üçün X5 həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi ilə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı hal-hazırda vəfat etmiş X1nun Azərbaycan Respublikasının azadlığı və suverenliyinin müdafiəsi uğrunda öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasını əsas gətirərək ona “şəhid” statusu verilməsi, ona isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə həmin müraciəti təmin edilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1-ci maddəsinin 2-ci hissəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. - 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təstiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailərinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2-ci bəndinə əsasən 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə qeyd edir ki, qanunvericilik şəhid hesab edilən şəxslərin dairəsini konkret olaraq müəyyən etmişdir. İddiaçının X1nun Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı deyil, xidməti vəzifəsini yerinə yetərəkən həlak olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar