Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3294/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı “torpaqların alqı-satqısına dair aktın təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Badamdar qəsəbəsi İ yaşayış massivi 286 saylı ünvanda yerləşən torpaq sahəsinə dair "Torpaqların alqı-satqısına dair Akt"m təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 izahatında bildirdi ki, İddiaçı 2005-ci il tarixdə Badamdar qəsəbəsi İ yaşayış massivi 286 saylı ünvanda torpaq sahəsi almışdır. Lakin ödənişi etdikdən sonra torpaq sahəsi iddiaçının istifadəsinə verilsə də, uzun müddət bələdiyyə torpağın alqı-satqısına dair sənədləri ona təqdim etməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarı ilə alqı-satqı müqaviləsinin bağlanması Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilmişdir. Lakin indi iddiaçıya məlum olmuşdur ki, Badamdar Bələdiyyəsi "Torpaq alqı-satqısına dair Akt" iddiaçıya versə də, X6 və Xəritəçəkmə Komitəsinin nümayəndəsi tərəfindən imzalanmamışdır. İddiaçı bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olaraq, "Torpaq alqı-satqısına dair Akt"ın imzalanmasını xahiş etmişdir. Lakin müraciətinə 15 sentyabr 2021-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən heç bir hüquqi əsaslandırma edilmədən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqısatqısı Qaydaları"nın 8-ci bəndinə uyğun olaraq torpaqların alqı-satqısına dair aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalamalı və möhürlə təsdiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində bas vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Göründüyü kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. Azərbaycan Respubikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə çevrilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Lakin cavab məktubundan aydın görmək olar ki, cavabdeh inzibati orqan ümumiyyətlə müraciətin nədən ibarət olmasını müəyyən edə bilməmişdir. Belə ki, vəkilin müraciətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarının icrası və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi "Torpaq alqı-satqısına dair Akt” imzalanması barədə müraciət edilsə də, cavabdeh inzibati orqan imtinasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları nəzərdə tutulmuşdur. Müraciətin məğzi isə hüquq varisliyindən irəli gələn öhdəliyin icrasıdır. Cavabdeh inzibati orqan öhdəliyinin icrasından birbaşa yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, "Torpaqların alqı-satqısına dair Akt"ın təsdiq edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyildir. Göstərilənlərə əsasən iddianın mmkün sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı "Torpaqların alqı-satqısına dair Akt"ın təsdiqlənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin üzərinə qoyulmasını tələb edir. Lakin cavabdehin "Torpaqların alqı-satqısına dair Akt"ın təsdiq edilməsi səlahiyyəti mövcud deyildir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Bundan başqa, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli 2-1(112)-8431/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda da iddianın mümkün sayılmamasının əsası kimi iddia tələbinin iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldildiyi məhkəmə tərəfindən qeyd olunmuşdur. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir və qərardad qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3294/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3294/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver