Məhkəmə qərarları › İş №2-1(112)-3295/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3295/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3295/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində torpağa olan icarə və istifadə hüququ kobud surətdə pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. 2001-ci il 23 iyul tarixli qərara əsasən Biləcəri-heybət mənzilinin tək yolun istiqamətində 528 km.-ə kimi boş torpaq sahəsi bağ-bostan bitkilərini becərmək üçün və əsaslı tikinti işləri aparmamaq şərtilə onun istifadəsinə verilmişdir. Onun tərəfindən müvafiq ərazidə heç bir icazə tələb olunan tikinti işləri aparılmamasına baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx xxxx 2020-ci il tarixdə mövcud tikililərin sökülməsinə dair heç bir məhkəmə qərarı olmadan və onun evdə olmadığı vaxtda qanunsuz olaraq həmin ərazidə yerləşən tikililər sökülmüş, sökmədən əvvəl isə ərazinin təhlükəsizliyi və mühafizəsi üçün quraşdırılmış kamera yararsız vəziyyətə gətirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən torpaq sahəsi üzərində olan tikililərin traktorla sökülməsi zamanı evdə usta Əziməmmədov Rövşən olmuş və söküntü zamanı xəsarət almışdır. Əvvəlcədən heç bir xəbərdarlıq olunmadan bu hadisədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də heç bir müraciətinə baxılmamış və heç bir tədbir görülməmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri qanunsuz olaraq, onun icarəyə götürdüyü ərazidə olan tikililəri sökdürmüşdür. Həmin tikililərin sökülməsi ilə bağlı heç bir məhkəmə qərarı olmamışdır. 2001-ci ildə bağlanan müqavilədə tikinti işlərinin aparılmaması göstərilsə də, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikinti işlərinin aparılması üçün heç bir icazə, eyni zamanda məlumatlandırma icraatı tələb olunmur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən hazırki tələblə bağlı inzibati orqana müraciət edilmədiyindən iddianın mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməmiş, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar