Məhkəmə qərarları › İş №2-1(112)-3295/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3295/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3295/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir) iddiaçının nümayəndəsi, vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 6 saylı vəkil bürosunda işləyir),cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə mübahisələri üzrə iş şöbəsində mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına) qarşı “pensiyanın yenidən hesablanması cavabdehə həvalə edilməsi” bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına) qarşı “15.03.2006-ci ildən 08.06.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində aldığı əmək haqqında qanunla müəyyən edilmiş məbləğdə 43624 manat ödənilmiş sığorta kapitalının pensiyaya əlavə edilməklə ödənilməsi cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı xx.xx.1953 cü ildə anadan olmuş və hərbi xidmətindən sonra ilk əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. İddiaçı 04.09.1970-ci ildən 10.09.1971-ci ilə kimi “Elektomontaj” zavodunda işləmişdir. 01.10.1971-ci ildən 29.07.2003-cü ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə və müxtəlif sahələrdə işləmişdir, 2003-cü ildə 37 il 02 ay 23 gün əmək stajı ilə pensiyaya çıxmışdır. Eyni zaman da 15.03.2006-cı ildə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində Fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsində işə daxil olmuş və 08.06.2020-ci ildə SOCAR, Sənaye Təhlükəsizlik İdarəsinin Əməyin və X5 və X1 əməyin mühafizəsi və təhlükəsizlik texnika üzrə böyük mühəndis vəzifəsindən yaşa görə pensiyaya çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının Dövlət Neft Şirkətində işlədiyi 14 il 03 ay müddətddə aldığı əmək haqqından qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi etmişdir. Şirkətdə işlədiyi müddətdə ümumilikdə təxminən 46.000 ( qırx altı min ) Dövlət Sosial müdafiə Fondun Sığorta ödənişləri ödəmişdir. Lakin , 2020-ci ilin mart ayından işdən çıxmağına baxmayaraq Dövlət Sosial Müdafiə Fondu ödədiyi sığorta kapitalını onun pensiyasına əlavə etməmiş, ya da heç bir məbləğ ona qaytarılmamışdır. İddiaçı bir neçə dəfə DSMF-nun əməkdaşlarının qəbulunda olsada heç bir nəticəsi olmamışdır. Dövlət Sosial Müdafiə Fonduna iddiaçının müraciətinə **********4 N:li 29.09.2021-ci il tarixli cavab məktubunda bildirilmişdi ki, Əmək pensiyalar haqqında Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyanın yenidən hesablanması hüququ vardır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan katiqoriyaya daxildirlər. Sözügedən katiqoriyadan olan şəxslərə yaşa görə əmək pensiyası təyin olunduğu zaman yaş həddi “Əmək pensiyaları haqqında” Qanuna əsasən deyil, tərxis olunduqları qurumlarda xidmətkeçmə haqqında qanunvericiliklə müəyyən edilmiş normalara əsasən müəyyən olunur. Ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ kişilərə münasibətdə 65 yaşdan yarandığı halda, həmin şəxslər rütbəsindən, vəzifəsindən və xidmət illərindən asılı olaraq daha aşağı yaşdan (nümunə olaraq,18 yaşından xidmətə başlamış və 20 təqvim il xidmət etmiş şəxsin artıq 38 yaşında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yaranır) başlayaraq yaşa görə əmək pensiyası hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nun aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə görə, o, Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1953-cü il təvəllüdlüdür. 03.09.1970-ci il tarixli əmək kitabçasının surətinə görə, iddiaçı 04.09.1970-ci ildən 10.09.1971-ci ilə qədər “Elektromontaj” zavodunda, 01.10.1971-ci ildən 29.07.2003-cü ilə qədər Daxili İşlər Nazirliyində xidmət etmiş, 24.10.2003-cü ildən 08.06.2004-cü ilə qədər "xxxx" Birgə Müəssisədə yanğın təhlükəsizliyi nəzarətçisi vəzifəsində, 15.03.2006-cı ildən 08.06.2020-ci ilə qədər “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsi fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsində rayon mühəndisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD şöbəsinin 002527-014007 nömrəli pensiyaçının uçot vərəqinin surətinə görə, iddiaçıya yaşa görə ilkin təyinat 30.07.2003-cü ildə olmuşdur, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin Pensiyanın yenidən hesablanması 014007 nömrəli sənədə görə, İddiaçı təminat xərcliyinin məbləği cəmi 1065 manat 80 qəp təşkil edir. 29283 nömrəli DİN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinin surətinə görə, iddiaçının hərbi rütbəsi polkovnik leytenant olmuşdur və Baş Dövlət Yanğından Təhlükəsizlik İdarəsinin Şöbə Rəisinin Müavinəti tarif dərəcəsində pensiyanın ümumi məbləği 913,80 manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının fərdi şəxsi hesabında kapital olaraq 43,624.13 AZN olması barədə sənədin surəti təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasına çıxmış və ona 30.07.2003-cü il tarixdə qanunvericiliyə uyğun olaraq təminat xərcliyinə əsasən pensiya təyin edilmişdir, pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 15 ildən çox işləmiş, onun 2006-cı ildən 2020-ci ilədək fərdi hesabının sığorta hissəsində toplanan kapital 43,624.13 manat təşkil edir. İddiaçı onun fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında onun yaşa görə aldığı əmək pensiyasının sığorta hissəsinin pensiyaya əlavə etməklə ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.6-cı maddəsinə əsasən fərdi uçot sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1.-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar xarakterli tələblərə dair işlər üzrə qəbul olunmuş 23.02.2021-ci il tarixli 2-1(102)-175/2021 nömrəli, 17.03.2021-ci il tarixli 2-1(102)-502/2021 nömrəli və 04.05.2021-ci il tarixli 2- 1(102)-736/2021 nömrəli qərarlarına əsasən kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 15.03.2006-ci ildən 08.06.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində toplanılmış 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı 15.03.2006-ci ildən 08.06.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində toplanılmış 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar