Məhkəmə qərarları › İş №2-1(112)-3296/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3296/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3296/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2021-ci il tarixli Qərardadına əsasən X2 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 2008-ci ildə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1, ev 12 nvanda qeydiyyatda olan X5 ilə rəsmi nikaha girərək evlənib ailə qurmuş və həmin ildə də bu fərdi yaşayış evinə köçərək faktiki olaraq yaşamağa başlamışdır, bu ünvana ailə üzvü kimi daimi yaşamağa köçürülmüşdür. Bildirir ki, həmin fərdi yaşayış evi iddiaçının daimi yaşayış yeri, digər yerdə yaşayış yeri yoxdur. Evdə yaşamaqla təsərrüfatı aparır və kommunal xərclərin ödənilməsində iştirak edir. Azyaşlı uşaqları bu ünvana qeydiyyata alınmışlar. O bu yaşayış sahəsinə qeydiyyata alınmamağı səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Faktiki olaraq həmin evdən istifadə edir, həmin evə daimi yaşamaq üçün köçürülmüşsür. Həyat yoldaşı X3 da onun qeyd olunan ünvana qeydiyyata alınmağınaa etirazı yoxdur. Qeyd olunan ünvana pasport qeydiyyatına alınmaqla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş , lakin əsassız olaraq imtina edilmiş, onun qeydiyyata alınmağıya bağlı tədbir görülməmişdir. İddiaçını qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, iddiaçı və 3-cü şəxs məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 059-42162M- 3220 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçının ünvan 4 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun ünvana tərəfindən qeydiyyata alınması qanunamüvafiq deyildir. Bununla bağlı onun məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. İşin hallarından görünür ki, iddiaçı ünvan 5 ünvanında faktiki olaraq yaşadığına əsaslanaraq, onun yaşadığı yer üzrə qeydiyyata alınmasını cavabdehdən tələb edir. Məhkəmə araşdırması zamanı xx.xx.1956-cı il təvəllüdlü X1 və xx.xx.1983-cü il təvəllüdlü X4 Bakı şəhəri, ünvan 6 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər Binəqədi rayon Polis idarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X1 18 noyabr 2005-ci il tarixdən, X4 31 avqust 2006-cı il tarixdən Bakı şəhəri, ünvan 6 ünvanda qeydiyyatdadırlar. Lakin qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün həmin sənədlərin təqdim olunmasının imkan xaricində olduğu bildirilmişdir. Sorğuya əlavə edilən fərdi uçot kartoçkasından görünür ki, qeyd olunan şəxslər Bakı şəhəri, ünvan 6 ünvanda qeydiyyatdadırlar. İddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar