Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3296/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət 26 saylı mənzilə dair mənimlə mənzil-kirayə müqaviləsi bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən 1 otaqdan ibarət 26 saylı mənzilə dair 12.02.2006-cı ildə 0126 saylı Order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə müvafiq olaraq balanssaxlayıcıya, Bakı şəhəri, Mənzil Kommunal Təsərrüfatı Departamentinə (cavabdehlə) ərizə ilə müraciət edərək mənimlə mənzil-kirayə müqaviləsi bağlanılmasını xahiş etdim. Cavabdeh mənimlə mənzil-kirayə müqaviləsi bağlamaqdan imtina edərək 12.02.2006-cı ildə mənə verilmiş 0126 saylı orderin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu. Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 1 saylı otağına istifadə hüququnun itirilməsinə dair ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, lakin, apellyasiya və ali məhkəmənin müvafiq qərarlarına əsasən iddia tələbi rədd edilmişdir. Sonuncu dəfə cavabdeh 25.08.2021-ci ildə müraciət edərək mənimlə mənzil-kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişəm. Lakin ərizəmə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdeh qanunun tələblərinə əməl etmək istəmir və mənimlə mənzil-kirayə müqaviləsi bağlamaqdan yayınır. Odur ki, cavabdehin üzərinə mənimlə mənzil-kirayə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabrın 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş qanunlarla tənzimlənməlidir. Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanununun 1-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin qanunun 3-cü maddəsinin tələblərinə görə mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: -mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; -mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; -yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; -özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin qanunun 4- cü maddəsinin əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin qanunun 5-ci maddəsinin tələblərinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanunun 6-cı maddəsinin tələblərinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət- kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəxt və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon—icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 3 yataqxana binasının 26 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X7, qızı X5 və oğlu X2 məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı X3 qeyd edilən binanın 26 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə "Radiozavodun" balansında olan, yeni inşa edilmiş ünvan 4 ünvanında yaşamasına baxmayaraq, əlavə olaraq gələcəkdə ələ keçirmək məqsədilə Bakı şəhəri, ünvan 3 yataqxana binasının 26 saylı otağını da zəbt etmişdir. Hal-hazırda da iddiaçı qeyd edilən zavodun yeni inşa edilərək onun istifadəsinə verilmiş ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". -Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydalan"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. "Nümunəvi qaydalan"n 32-ci bəndinin tədəbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçının Bakı şəhəri, ünvan 3 yataqxana binasının 26 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Həmin Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məlumat üçün bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kateqoriyasına aid deyil. Qüvvədə olan order olduğuna görə hazırkı iddianı qaldırır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
6. İş materiallarına əlavə edilmiş qüvvədə olan məhkəmə aktları ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin İddiaçı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
12. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
13. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.
14. Məhkəmə əlavə olaraq qeyd edir ki, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir.
15. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Bina Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və qeyd edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva