Məhkəmə qərarları › İş №2-1(112)-3296/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3296/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3296/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyət sahəsi daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlıdır. Lökbatan qəsəbəsində yerləşən anbarda əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olamdığından təmir işlərinin görülməsi məqsədi ilə 21 nəfərlə xidməti müqavilə bağlanılıb işlər görülərkən vergi orqanı əməkdaşları tərəfindən əraziyə gəlinmiş, heç bir əsas olmadan vahimə və qorxu yaradılmaqla, şəxslərə kobud rəftar edilməklə yoxlama aparılmışdır. Bu zaman, yoxlama barədə qərar təqdim edilməmiş, müvafiq kitabçada qeydiyyat aparılmadan, izahatlar, arayışlar məlumat alınmadan, zəruri sənədlərlə tanış edilmədən və digər pozuntulara yol verilmiş, əsassız olaraq akt tərtib edilmişdir. Həmin akt yalnız vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş, izahatlar hədə-qorxu ilə alınmışdır. İddiaçı qeyd edir ki, cavabdehdə sənədlərin surətinin əldə etdikdən sonra əsas fəaliyyət sahəsinə aid olmadığından işlərin görülməsi ilə bağlı 25 nəfərlə bağlanılmış xidməti müqavilə təqdim edilmişdir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi nəzarət tədbiri zamanı 25 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında maliyyə sanksiyası tətbiq edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış, 5 şəxsin izahatı alınsa da, digər şəxslər izahat verməkdən imtina etmişdir. Lakin, akt və zəruri sənədlər vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş, tanış edilməsi üçün şərait yaradılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki zəruri sənədlərin, o cümlədən əmək müqaviləsi bildirişlərinin təqdim edilməsi tələb edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi barədə aktdan görünür ki, 25 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi müəyyən edilmişdir. Aktda, həmçinin qeyd edilmişdir ki, vergi ödəyicisinin nümayəndəsinə (etibarnamə iş materiallarına əlavə edilmişdir) həmin hallar bildirilsə də, heç bir əsaslı səbəb olmadan həmin şəxsi aktı imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, iddiaçı 25 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. Əmək müqaviləsinin bağlanılması barədə bildirişdən görünür ki, X3 "xxxx" MTK-nin (“X6” MTK) işçisi olmaqla ekskovatorçu peşəsi üzrə əmək fəaliyyətini yoxlamanın aparıldığı dövr də daxil olmaqla həyata keçirmişdir. “X6” MTK ilə iddiaçı arasında bağlanılmış müqavilədən görünür ki, icarəyəverənə məxsus texnika iddiaçının icarəsinə verilmişdir. Ekskovatorçu xidmətinin göstərilməsi barədə 01 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, adıçəkilən xidmətin iddiaçıya münasibətdə icrası MTK tərəfindən həyata keçirilir. MTK-nın əmrindən görünür ki, T.Yusifli iddiaçının anbarında işləmək üçün ekskovatorçu işləməsi üçün təhkim edilmişdir. İddiaçı barədə məlumat vərəqindən görünür ki, onun fəaliyyət sferası daşınmaz əmlakın icarəyə verilməsi ilə yanaşı, həmçinin də malların saxlanılması və anbarda yığılması üzrədir. İlk fəaliyyət isə əsas fəaliyyət növünü təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş vergi orqanı tərəfindən tərtib edilmiş aktda adıçəkilən işçilərdən 24-ü ilə xidməti mülki münasibətlərinin yaranmasına dair müqavilələr təqdim edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş aktdan görünür ki. 25 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyəti həyata keçirilmişdir. Akt imzalanması üçün etibarnamə ilə nümayəndə olan N.Nəbiyev adlı şəxs təqdim edilsə də aktın imzalanmasından imtina edilmişdir. Bu zaman, o, qərar və çıxarışla tanış edilmişdir. İşçilərdən H.Qasımov yoxlama zamanı verdiyi izahatdan görünür ki, onunla əmək müqaviləsi bağlanılmamış, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. İşçilərdən R.Qasımov yoxlama zamanı verdiyi izahatdan görünür ki, onunla əmək müqaviləsi bağlanılmamış, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. İşçilərdən S.Fətullayev yoxlama zamanı verdiyi izahatdan görünür ki, onunla əmək müqaviləsi bağlanılmamış, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. İşçilərdən A.Abbasov yoxlama zamanı verdiyi izahatdan görünür ki, onunla əmək müqaviləsi bağlanılmamış, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. İşçilərdən Z.Xurşidov yoxlama zamanı verdiyi izahatdan görünür ki, onunla əmək müqaviləsi bağlanılmamış, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. Vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, 1 iş günü ərzində zəruri sənədlərin təqdim edilməsi barədə tələbnamə verilməsinə baxmayaraq həmin müddət ərzində iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. X2 Xidmətinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 25 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş işçilər bir-birinə münasibətdə məhkəməyə oxşar məzmunlu izahat verərək onlarla xidməti müqavilələrinin bağlanıldığını və buna əsasən fəaliyyətə cəlb edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən yoxlamada iştirak etmiş vergi orqanı əməkdaşı yoxlama tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmaqla müvafiq akt tərtib edildiyini qeyd etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi yerdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərdən 24-nün iddiaçının fəaliyyətini həyata keçirdiyi anbarda əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının 25 nəfərə münasibətdə olmasa da 24 nəfərə münasibətdə vergi pozuntusunda təqsirini təsdiq edir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, cavabdeh vergi yoxlaması həyata keçirilərkən bütün zəruri tədbirləri görmüş, yoxlama reyestrdə qeydiyyatdan keçmiş, yoxlama barədə qərar və digər zəruri sənədlər iddiaçıya (onun etibarnamə əsasında səlahiyyət verilmiş nümayəndəsinə) tanış edilmiş, lakin nümayəndə heç bir üzrlü səbəb olmadan aktın tərtib edilməsində iştirak etməmiş, aktın nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan əsassız olaraq imtina etmişdir. Bu zaman fiziki şəxslərdən 5 -nin izahatı alınarkən həmin şəxslər iş qrafiki, əmək haqqı, müqavilənin olmaması və s barədə əmək fəaliyyətinin əsas elementləri barəsində konkret olaraq məhkəməyə məlumat vermişdir ki, bu zaman iddiaçının dediyinin əksinə olaraq cavabdehin əməkdaşları tərəfindən izahatlar alınarkən hər hansı təzyiq, fiziki və psixoloji təsir müəyyən edilməmişdir. Digər şəxslər isə izahatların verilməsindən imtina etmişdir ki, həmin hüquqdan iddiaçının istifadə etməsi onun təqsirini istisna etmir. Belə ki, qeyd olunan izahatların verilməsindən imtina qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilmiş, imzalanması üçün iddiaçıya da təqdim edilmişdir ki, həmin aktın imzalanmaması da, məhkəmə hesab edir ki, iddiaçının təqsirini istisna etmir. Qeyd olunmalıdır ki, iddiaçı təqsirini istisna edən halları müəyyən edilməsinə istiqamətdə hərəkət etmək əvəzinə təkcə akt və qismən işçilərinin izahat verilməsindən yayınma istiqaməti seçmiş, sonradan məhkəməyə təqdim etdiyi müqavilələrdən fərqli olaraq tələbnamədə göstərilən müddət ərzində xidməti müqavilələri də təqdim etməmişdir ki, həmin müqavilələrin sonradan tərtib edilməsi onun mötəbərliyinə məhkəmə hesab edir ki, şübhə yaradır. Belə ki, həmin müqavilələrin mövcudluğu yoxlamanın aparıldığı vaxtda və tələb edilməsi tələb olunan vaxtda iddiaçı tərəfindən təqdim edilməmiş, işçilərin izahatları zamanı da həmin müqavilələrin mövcud olmadığı öz təsdiqini tapmışdır ki, icraatın sonrakı gedişində həmin müqavilələrin peyda olması, məhkəmə iddiaçının təqsirin müəyyən edilməsinə münasibətdə özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir ki, həmin qiymətləndirmə iddianın tam təmini müəyyən edən halını istisna edir. Bu zaman vergi ödəyicisinin işçilərinin məhkəmədə vermiş olduğu izahatlarda həmin özünümüdafə hərəkətinin davamı qismində qiymətləndirilir ki, məhkəmə hesab edir ki, hər nə qədər şahid ifadəsi mötəbər sübut qismində tanınsa da, həmin sübutla müəyyən edilməli olan hallar işin digər halları, o cümlədən yoxlama zamanı verilmiş izahat, xidməti müqavilələrin təqdim edilməməsi, onun mövcudluğu barədə məlumatın verilməməsi və s kimi işin halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi şahid ifadəsinin inandırıcılığı işin digər halları da nəzərə alınmaqla öz təsdiqini tapmır ki, həmin şahidlərin oxşar məzmunlu məhkəmədə vermiş olduğu izahatlarda iddiaçı tərəfindən işəgötürən kimi üstün mövqeyə malik şəxsin təsiri aydın görünür. İddiaçı izahatlar alınarkən təsirə məruz qalma barədə məlumatlar qeyd etsə də, həmin təsiri sübut edə biləcək hər hansı əsaslı dəlil göstərməmiş, təsirin nədən ibarət olması barədə sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın qismənyuxarıda qeyd olunan hissədə rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edərkən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində səhvə yol vermişdir ki, adıçəkilən qərar həmin hissədə ləğv edilməlidir. Belə ki, işin hallarından, o cümlədən yuxarıda adıçəkilən sənədlərdən görünür ki, X4 iddiaçı ilə xidməti münasibətlərdə olan MTK-nin işçisidir və həmin MTK tərəfindən iddiaçının istifadəsinə verilmiş texnika üzrə ekskovatorçu peşəsini icra etməkdədir. Yəni, yoxlama həyata keçirilən zaman həmin şəxs MTK və iddiaçı arasında bağlanılmış müqavilə üzrə MTK-nın adından iddiaçının anbarına təhkim edilmiş (əmr iş materiallarında mövcuddur), əmək fəaliyyətini həyata keçirən şəxsdir ki, həmin şəxslə əmək müqaviləsinin bağlanılmasının gözlənilməsi işin hallarına uyğun olmamışdır. Belə ki, həmin şəxs MTKnin əmək müqaviləsi olmaqla yoxlama aparılan zaman işçisi olmuşdur. Mülki müqavilə əsasında və təhkim əmri əsasında da iddiaçının anbarında öz peşəsi üzrə əmək fəaliyyətini həyata keçirmişdir ki, cavabdeh həmin halı nəzərə almadan, işin həmin halını araşdırmadan həmin şəxsə münasibətdə də maliyyə sanksiyasının tətbiq edilməsini həyata keçirmişdir ki, həmin sanksiyanın tətbiq edilməsinə münasibətdə qərar ləğv edilməlidir. Göründüyü kimi cavabdeh 24 nəfər şəxsin əmək fəaliyyətinə əmək müqaviləsi olmadan cəlb edilməsinə münasibətdə düzgün nəticəyə gələrək məsuliyyətə cəlb etmə barədə qərar qəbul etsə də, 1 nəfər fiziki şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsində səhvə yol vermişdir ki, bu səbəbdən iddia qismən təmin edilməli, qərar qismən ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli **********0759 saylı qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissələrdə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar