Məhkəmə qərarları › İş №2-1(112)-3296/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3296/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3296/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci qəsəbə, 1B ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə 1962-ci il tarixdə X2 adına texniki pasport tərtib edilmişdir. X6 xx.xx.1995-ci ildə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsəsi X7 müəyyən edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci qəsəbə, 1B ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman tərəfinizdən təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu məlum olmuşdur. Bundan əlavə, elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci qəsəbə, 1B ünvanında yerləşən tikili sahəsi 184,9 kv.m olan, torpaq sahəsi 981,8 kv.m olan ümumilikdə 1166,7 kv.metrdən ibarət olan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evi ilə bağlı onun atası X4 ərizəsi ilə Bakı şəhəri 18 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilərək, X1 Hürzad Yəhya qızının vərəsəsi hesab edilmişdir. Notariat Ofisinə aid sənəddə Bakı şəhəri, Əhmədli qəsəbəsi, 2-ci qəsəbə 1 В ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun olaraq fərdi yaşayış evi X3 verilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Sözügedən fərdi yaşayış evi 1962-ci ilin oktyabr ayında tikilib. Lakin həmin ərazidən keçən elektrik xətti tikilidən cox sonra 80-ci ilərdə çəkilmişdir. Həmçinin Elektrik şəbəkələrinin mühafizəsi qaydaları haqqında Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarının tələbləri pozulmayıb fərdi yaşayış evi qanunun tələblərinə uyğun yerləşmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynidir. Əlavə olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan texniki pasport X2 adına verilmişdir. İddia tələbində müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi deyil, çıxarışın verilməsi qeyd edilmişdir. Həmçinin qeyd olunan əmlaka dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən fərdi yaşayış evinə yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin sənəd üzrə ölçüsü 88.5 kv.m, faktiki ölçüsü 93.2 kv.m təşkil edir. Texniki pasportda qeyd olunan fərdi yaşayış evinin konfiqurasiyasında və 3(üç) saylı yerləşkənin ölçülərində fərq mövcuddur. A yaşayış evinə bitişik tikintialtı sahəsi 6 kv.m və 170 kv.m olan köməkçi sahələr inşa edilmişdir. Həmçinin qeyd olunan ərazidə tikintialtı sahəsi 80 kv.m olan birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı cə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci qəsəbə, 1B ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə 1962-ci il tarixdə X2 adına texniki pasport tərtib edilmişdir. X6 xx.xx.1995-ci ildə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsəsi X7 müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olmasını və elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavab etirazında həmçinin İdarənin arxivində mövcud olan texniki pasport X2 adına verildiyini bildirmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin X3 məxsus olduğunu bildirir. Belə olan halda, iddiaçı həmin yaşayış evinə özünün mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilməz. İddiaçı X2 vərəsəsi olduğu halda iddia etdiyi həmin yaşayış evinin ölmüş şəxsə məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən elektron arayışın verilməsi tələbini irəli sürə bilərdi. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbi hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi şəklində irəli sürsə belə, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı X2 vərəsəsi olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə bir sənəd təqdim edilsə belə, iddiaçı iddia etdiyi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənədə malik deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı: Bənd 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... Bənd 1.11. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Bənd 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... Bənd 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport Təqdim edilən kserosurət sənədlərdən müəyyən edilir ki, fərdi yaşyış evinə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair X2 adına texniki pasport tərtib edilmişdir. Həmin “texniki pasport” Siyahının 1.11-ci bəndində qeyd edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”, müvafiq Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport” deyildir. Məhkəmə qeyd edir ki, mbahisələndirilən texniki pasportun Siyahının 2.4-cü bəndində nəzərdə tutulan sənədlər kateqoriyasına aid olması üçün həmin texniki pasportda göstərilən fərdi yaşayış evi üzərində iddiaçının mərhum atasının mülkiyyət hüquqları qeydə alınmalı idi. Lakin mübahisə olunan torpaq sahəsi üzərində tikiliyə hüquq daşınmaz əmlakən dövlət reyetrində qeydə alınmamışdır. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Analoji İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1285/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-1081/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-2286/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında oxşar hüquqi mövqeə sərgilənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbini təsdiq edən sənədləri təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar