Məhkəmə qərarları › İş №2-1(112)-330/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-330/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-330/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42a saylı ünvanda yerləşməklə ona məxsus olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması, buna dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3cü massiv, 42a saylı ünvanda yerləşməklə iddiaçıya məxsus olan və qeydiyyatda olduğu fərdi yaşayış evinə dair Bakı şəhəri Qaradağ rayonu keçmiş X3 İcraiyyə Komitəsinin Texniki-İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə 03/2750 saylı reyestr kitabının 1284-cü səhifəsində 07/2750 nömrə ilə qeydə alınaraq Qaradağ RİHB-nin təsdiq etdiyi qeydiyyat vəsiqəsi verilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq iddiaçı həmin fərdi yaşayış evinə dair 1 saylı forma və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi üçün xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müraciət etmişdir. Müraciətilə bağlı sözügedən idarənin nümayəndəsi xx.xx.2019-cu il tarixdə gəlib həmin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirib müvafiq eskiz tərtib edərək qeydiyyat apardı. Bundan bir müddət sonra isə, yəni xx.xx.2019-cu il tarixdə müraciətinin nəticəsi olaraq Bakı şəhər Ərazi İdarəsində ona xx.xx.2019-cu il tarixli **********83 saylı cavab məktubu təqdim olunmuşdur. İddiaçıya verilmiş cavab məktubunda ünvan 4 saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumatın idarənin arxivində aşkar edilmədiyi qeyd edilərək ərizəsinin icrasından, yəni fərdi yaşayış evi barədə 1 saylı forma və reyestrdən çıxarış verilməsindən imtina edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42a saylı ünvanda yerləşməklə iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair Bakı şəhəri Qaradağ rayonunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən xx.xx.1993-cü il tarixdə 03/2750 saylı reyestr kitabının 1284-cü səhifəsində 07/2750 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi verilmişdir, həmin sənəd aidiyyəti vəzifəli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Məlum olduğu kimi ötən həmin zəmanlarda fərdi yaşayış evlərinin mülkiyyətdə olması baradə məhz bu kimi qeydiyyat vəsiqələri verilmiş, Daşınmaz Əmlakıin Dövlət Reyestri Xidməti isə sonralar yaradılaraq fəaliyyətə başlamışdır və bu haqda Azərbaycan Respublikasının Qanunu xx.xx.2004-cü ildə qəbul edilmişdir. İddiaçının fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin arxivində aşkar edilməməsində, iddiaçı günahkar deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki,ünvan 4 saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan rayon, şəhər X3 İcraiyyə Komitəsinin Texniki-İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42a nömrəli fərdi yaşayış evi İddiaçı adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmışdır, bu barədə qeydiyyat kitabında xx.xx.1993-cü il tarixdə 03/2750 saylı reyestr kitabının 1284-cü səhifəsində 07/2750 nömrə ilə qeydiyyat aparılmışdır. Qeydiyyat vəsiqəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********83 saylı imtina məktubunda qeyd edilir: Sizin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə və sənədlərin surətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz ünvan 4 saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. İş materiallarında olan Qaradağ RİH Başçısının Lök-Batan qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından və İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********24 saylı imtina məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42A fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz; 18.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X3 İcraiyyə Komitəsinin Texniki- İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42a nömrəli fərdi yaşayış evi İddiaçı adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmışdır, bu barədə qeydiyyat kitabında xx.xx.1993-cü il tarixdə 03/2750 saylı reyestr kitabının 1284-cü səhifəsində 07/2750 nömrə ilə qeydiyyat aparılmışdır. Qeydiyyat vəsiqəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı qeyd olunan ünvana dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etsə də, iddiaçının təqdim etdiyi ünvan 4 saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi barədə məlumatın İdarənin arxivində aşkar edilmədiyini əsas gətirərək cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin göründüyü kimi, təqdim edilmiş qeydiyyat vəsiqəsi notarial qaydada təsdiq edilmişdir. Qeydiyyat vəsiqəsi barədə məlumatın İdarənin arxivində aşkar edilib-edilməməsi çıxarışın və texniki pasportun verilməsindən imtina üçün əsas hesab edilə bilməz. Həmin Qeydiyyat vəsiqəsinin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İddiaçı inzibati orqanların arxivində olan sənədlərin saxlanılmasına məsuliyyət daşımır. Eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 42a saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar