Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-330/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 28 aprel 2013-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən bugünədək birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 29 iyul 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək sənədlərin əslini təqdim etmədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1975-ci ildən 1978-ci ilə kimi “Kirovneft”də neft quyuların əsaslı və yeraltı təmiri hazırlanması üzrə operator vəzifəsində işləmişdir. 11 dekabr 1978-ci ildən 18 yanvar 1993-cü ilə kimi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə bilavasitə məşğul olan “elektrik montyoru” vəzifəsində işləmişdir. 1993-cü ildən 2006-cı ilədək "xxxx" ASC-də hava xətləri üzrə “elektrik montyoru” və digər sahələr üzrə bugünədək elektrik montyoru vəziəfəsində işləyir. 2006-cı ilə qədər zərərli işlə əmək stajı 30 ildən artıq təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının 57 yaşı xx.xx.2013-cü il tarixdə olmuşdur. Onun ümumilikdə əmək stajı 45 (qırx beş) ildən yuxarı təşkil edir. Əmək stajının təxminən bütun dövrü “elektrik montyoru” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. 25 yanvar 1993cü il tarixdən "xxxx" ASC-yə hava xətləri üzrə “elektrik montyoru” və xidməti üzrə “elektrik montyoru” peşəsinə işə qəbul edilmişdir və bugünədək işləyir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi iddiaçının 57 yaşı 2013-cü il tarixdə olduğundan onun həmin tarixdə ümumi 31 il əmək stajının güzəştli şərtlərlə 25 ildən artıq “elektrik montyoru” işi təşkil edir. Onun işlədiyi kabel xətlərinin təmiri üzrə elektrik montyoru peşəsi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə bilavasitə məşğul olan “elektrik montyoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli və 23 yanvar 2007-ci il tarixli, 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd edilmiş buruqlara xidmət üzrə elektrik montyorları, bilavasitə buruqlarda elektrik avadanlığının təmiri xidməti ilə məşğul olan elektrik montyorları, 2290000a-19829 kodu ilə yüksək gərginli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər üzrə elektrik montyorları əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını, ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona 06 iyul 2020-ci il tarixli məktubu 29 iyul 2020-ci il tarixdə əsassız olaraq guya sənədlərinin əslini təqdim etməməyinin səbəbindən göstərilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsi mümkün olmadığından qanunsuz olaraq imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1618/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati iş məhkəməyə göndərildikdən sonra cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazında bildirmişdir ki, iddiaçının tələbi qanunamüvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1618/2021 qərardadında qeyd edilmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının müraciətinə münasibətdə cavabdeh müvafiq sənədlərin tam şəkildə təqdim edilməsini təklif etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə əlaqədar tələbinin təmin edilməsi və ya bundan imtina edilməsini yalnız müvafiq sənədlərin təqdim olunması ilə şərtləndirilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi barədə birmənalı qənaətə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Lakin baxılan halda inzibati orqan, cavabdeh kimi cəlb edildiyi məsələdə nə inzibati aktı qəbul etməkdən imtina edir, nə də hərəkətsizliyə yol verir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1981-ci il tarixli, BT № 053357 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978-ci ildə Bakı baza energetika texnikumuna daxil olmuş və xx.xx.1981-ci ildə bitirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli, ИT ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək “Kirovneft” Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı təmiri üzrə yeraltı sexdə operator köməkçisi vəzifəsində işləmişdir, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir, xx.xx.1978-ci ildə “Kirovneft” Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı və əsaslı təmirə hazırlanması üzrə sexdə quyuların yeraltı təmirə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə 3 nömrəli neft və qaz çıxarma sexində elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə elektrik avadanlığı və elektrik təchizatı yayma-təmir sexində bilavasitə neft və qaz hasilatı üzrə elektrik avadanlıqlarının texniki xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ildə 3 nömrəli neft və qaz çıxarma sexində elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə elektrik avadanlığı və enerji təchizatı yayma-təmir sexində bilavasitə neft və qaz çıxarılması üzrə elektrik avadanlıqlarına texniki xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə şəbəkə rayonunda mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə həmin sexə elektrik avadanlığına xidmət üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" İB-də XİV şəbəkə rayonuna hava xətti təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə təmir üzrə elektrik montyoru qəbul edilmiş, xx.xx.2021-ci il qeydinə əsasən bu günə qədər işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim edilməsi haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan pensiya təyinatı üçün sənədlərin tam şəkildə təqdim edilmədiyinə istinad edərək müraciəti təmin etməmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2013-cü il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan diplom və əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət dövrü 02 il 13 gün, xx.xx.1978-xx.xx.1981-ci ilədək təhsil dövrü 02 il 07 ay 28 gün, əmək fəaliyyəti dövrü xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək 08 ay 02 gün, xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək 14 il 06 ay 18 gün, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək 12 il 11 ay 07 gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçının xx.xx.1978-xx.xx.1981-ci ilədək təhsil dövrü onun xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək olan iş dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına aid olan təhsil dövrü əmək fəaliyyəti dövrü ilə bütövlükdə əhatə olunduğundan həmin dövrü ümumi iş stajına hesablamır. Belə olduqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 30 il 02 ay 10 gün təşkil etdiyi müəyyən olunur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməmişdir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qismən təmin edərək işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərərkən ona istinad etmişdir ki, “(....) iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya təyin edilmə hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən belə sənəd məhkəməyə təqdim olunmadığı halda, məhkəmə belə sənədin təqdim olunmasını nə iddiaçıya təklif etmiş, nə də belə güzəştli arayışın təqdim olunmasını təmin etmək məqsədilə muvafiq orqanlara, o cümlədən işəgötürənə (müəssisələrə) sorğu məktubları ünvanlamamışdır. (.....) məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən (.....) və iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin edilmə hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək üçün müvafiq tədbirlərin görülməsi (sorğuların verilməsi) təmin edilməlidir”. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən möveyinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin zərərli iş hesab edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına əsas verib-verməməsi barədə müvafiq qurumlara sorğular göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/xx-xx/5427 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1993-cü ildən "xxxx" İB-nin XİV şəbəkə rayonunda hava xəttinin təmiri üzrə elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2000-ci il tarixində "xxxx" ATSC-nin Şəhər Elektrik Şəbəkələri İdarəsinin İV şəbəkə rayonuna elektrik hava xəttinin təmiri üzrə 5-ci dərəcə elektrik montyoru, xx.xx.2002-ci il tarixində "xxxx" MMC-nin X8 İdarəsinin istismar şöbəsinə elektrik hava xəttinin təmiri üzrə elektrik montyoru, xx.xx.2005-ci il tarixində Binəqədi EİŞR-da X3 elektrik montyoru vəsifələrinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1597 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa edilmiş, bundan sonra İddiaçı "xxxx" ASC-nin Binəqədi RETSİ-nin 10/6/04 KV-luq istismar şöbəsinə X5 üzrə elektrik montyoru təyin olunmuşdur. xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1045-"xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli və xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarları ilə İddiaçı işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarına aid edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00052 nömrəli məktubunda bildirilmişdir ki, trestin arxivində vətəndaş İddiaçı sənədi aşkar olunmadığından arxiv arayışı təqdim edilə bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30480092X00027 nömrəli məktubunda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlər əsasında tərtib olunmuş arayış əlavədə təqdim edilir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00328 nömrəli arayışdan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci ildə (əmr № 1169 k, xx.xx.1975-ci il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Quyuların yeraltı təmir sexinə quyuların yeraltı təmiri üzrə 3-cü dərəcəli operator köməkçisi peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlinə əsasən 1975-ci ilin dekabr ayından peşəsi yeraltı təmir üzrə 4-cü dərəcəli operator olaraq göstərilmişdir. xx.xx.1976-cı ildə (əmr № 367 k, xx.xx.1976-cı il) Azərbaycan SSR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə (əmr № 779 k, xx.xx.1978-ci il) “Kirovneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmir sexinin (QY və ƏTS) 3-cü sahəsinə quyuların əsaslı təmirə hazırlanması üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1978ci ildə (əmr № 1757 k, xx.xx.1978-ci il) 3 №-li Neft və qazçıxarma sexinə (neft mədəni) 3cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə (əmr № 39 k, xx.xx.1979-cu il) Elektrik avadanlıqlarının kirayə-təmir və elektrik təchizatı sexinə elektrik avadanlıqlarının xidməti üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə (əmr № 702 k, xx.xx.1979-cu il) elektrik avadanlıqlarının xidməti üzrə 4cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1980-ci ildə (əmr № 690 k, xx.xx.1980-ci il) 3 №-li Neft və qazçıxarma sexinə (neft mədəni) elektrik avadanlıqlarının xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1981-ci ildə (əmr № 899 k, xx.xx.1981-ci il) Elektrik avadanlıqlarının kirayə-təmir və elektrik təchizatı sexinə elektrik avadanlıqlarının xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə (əmr № 142 k, xx.xx.1985-ci il) şəbəkə rayonu üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı ildə (əmr № 121 k, xx.xx.1986-cı il) elektrik avadanlıqlarının xidməti 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə (əmr № 44 k, xx.xx.1993-cü il) Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30490089X00007 nömrəli məktubunda bildirilmişdir ki, sizin SOCAR-a ünvanladığınız 2-1(112)-1457/2021 saylı 17 dekabr 2021-ci il tarixli sorğunuz 01 fevral 2022-ci il tarixdə “Azneft” İstehsalat Birliyinə daxil olmuş və müəssisənin aidiyyəti mütəxəssisləri tərəfindən araşdırılmışdır. Sorğunuza cavab olaraq bildirilir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Quyuların yeraltı təmir sexində xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək quyuların yeraltı təmir sexində quyuların yeraltı təmiri üzrə operator köməkçisi, xx.xx.1975ci il tarixdən xx.xx.1976-cı il tarixədək quyuların yeraltı təmir sexində quyuların yeraltı təmiri üzrə operator, Quyuların yeraltı və əsaslı təmir sexində xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək quyuların əsaslı təmirə hazırlanması üzrə operator, 3 №-li Neft və qazçıxarma sexində xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək elektrik montyoru, Elektrik avadanlıqlarının kirayə-təmir və elektrik təchizatı sexində xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru (əmək kitabçasındakı qeydlərə əsasən neft və qazçıxarma sexlərinə xidmət etmişdir) və 3 №-li Neft və qazçıxarma sexində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı işlədiyi quyuların yeraltı təmiri üzrə operator və operator köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq etdiyi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndində 2130200a—15870 kodu ilə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə, quyuların əsaslı təmirə hazırlanması üzrə operator peşəsi 2130200a—15866 kodu ilə qeyd edilən «quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar» peşəsi ilə, elektrik montyoru və elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşələri isə 2130200a—19861 kodu ilə qeyd edilmiş «neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları» peşəsi ilə eynilik təşkil edir və onun həmin peşələrdə işlədiyi müddət (qeyd edilən peşələr üzrə iş stajı 3 il 4 ay 2 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən zərərli işlərdə əmək (sığorta) stajı sayılır. İddiaçı “Kirovneft” (“Balaxanıneft”) Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayə-təmir və elektrik təchizatı sexində xx.xx.1979-cu il tarixdən sonra işlədiyi elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru və şəbəkə rayonu üzrə mühəndis peşə (vəzifə) «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» və 33-cü (XXXİİİ) «Ümumi peşələr» bölmələrində nəzərdə tutulan peşələrlə eynilik təşkil etmir. Qeyd: Sorğunun cavabı İddiaçı əmək kitabçasındakı və SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin SOCAR**********80020123X00328 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışındakı qeydlərə əsasən hazırlanmışdır. Beləliklə, təqdim olunan əmək kitabçası qeydləri və iş yerindən arayışa əsasən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1993-cü ildən "xxxx" ASC-də işlədiyi dövr zərərli iş hesab edilmir və işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçının neft sahəsində işlədiyi vəzifələrin ona güzəştli pensiya təyinatına əsas verib-verməməsinə gəlincə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu ilə əldə edilmiş güzəştli arayışa əsasən İddiaçı işlədiyi quyuların yeraltı təmiri üzrə operator və operator köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” (fəhlələr) bəndində 2130200a—15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi, 2130200a—15866 kodu ilə qeyd edilən “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsi ilə, elektrik montyoru və elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşələri isə 2130200a—19861 kodu ilə qeyd edilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi ilə eyni olmaqla həmin vəzifələrdə güzəştli iş stajı 3 il 4 ay 2 gün müəyyən olunmuşdur. İddiaçının xx.xx.1979-cu il tarixdən sonra “Kirovneft” (“Balaxanıneft”) Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayə-təmir və elektrik təchizatı sexində elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru və şəbəkə rayonu üzrə mühəndis peşəsinin isə qeyd edilən 2 №-li Siyahıda nəzərdə tutulan hər hansı zərərli peşəyə uyğunluğu müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının güzəştli iş stajı ümumilikdə 3 il 4 ay 2 gün olmaqla qanunla tələb olunan müddətdən azdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajına malik deyildir. Bu əsasdan, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-330/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-330/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver