Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3301/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı (bundan sonra –İddiaçı) mülkiyyətindədir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 09153601-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’’ Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
4. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona məxsus ünvan 1, 10 saylı mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən tam mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. O, üçüncü şəxs X4 ilə 21 fevral 2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Üçüncü şəxs qeyd olunan ünvanda qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Üçüncü şəxs Bakı şəhərində qeydiyyatda olmadığı üçün iddiaçı onun formal olaraq mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. Daha sonra üçüncü şəxslə nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə yaşamamış, onun bu mənzildə qeydiyyatda olması formal xarakter daşımış və heç bir hüquqi nəticəyə, o cümlədən istifadə hüququna səbəb olmamışdır. Lakin üçüncü şəxsin ona məxsus mənzildə qeydiyyatda qalması iddiaçıya kommunal xərclərin artması, mülkiyyətində olan əşyaya istədiyi şəkildə sərəncam vermək və sair hüquqların məhdudlaşdırılması kimi problemlər yaradır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
12. İddia həm də əsaslıdır. Çünki işdə olan K.Məmmədova məxsus fərdi uçot kartoçkasına əsasən o xx.xx.2012-ci il tarixdə ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Arayışdan görünür ki, üçüncü şəxs X4 ünvan 1 ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatdadır.
14. Yasamal Rayon Məhkəməsinin 24 fevral 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı A.Məmmədovla ilə üçüncü şəxs K.Məmmədov arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah həmin qətnamə ilə pozulmuşdur.
15. AZ-İ №363177 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə K.Məmmədov arasında olan nikaha xx.xx.2012-ci il tarixdə xitam verilmişdir.
16. 30.08.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən Hədiyyə verən, X5 ünvan 1, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 104.6 kv. metr, yaşayış sahəsi 69.4 kv.metr, yardımçı sahəsi 35.2 kv.metr olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə Hədiyyə alanın, X3 mülkiyyətinə vermişdir.
17. İş materiallarında olan ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1, mənzil 10 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçının adına qeydiyyata alınmışdır.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, üçüncü şəxs K.Məmmədovun mübahisəli mənzilə istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
19. Beləliklə, işin sadalanan hallarından görünür ki, İddiaçı ilə üçüncü şəxs K.Məmmədov arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmış, bundan sonra K.Məmmədov mübahisəli ünvana qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə həmin nikaha xitam verilmiş, xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzilə mülkiyyət hüququ iddiaçıya keçmişdir. İddiaçı hazırda ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir.
20. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
21. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
22. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
24. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
25. İşdən müəyyən olunur ki, üçüncü şəxs iddiaçının keçmiş əri, yəni keçmiş ailə üzvüdür. Həmin şəxs mübahisəli mənzilə keçmiş mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdır.
26. 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
28. Beləliklə, keçmiş mülkiyyətçinin razılıq ərizəsi ilə mübahisəli ünvana qeydiyyata alınmış üçüncü şəxs X1 mübahisəli mənzilə hər hansı əmlak hüququ olmadığından və həmin mənzildə yaşamadığından onun qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçımn arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. xx.xx.1981-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova