Məhkəmə qərarları › İş №2-1(112)-3307/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3307/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3307/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. xx.xx.2016-cı ildə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 047 nömrəli xx.xx.2016-cı il tarixli əmri və “HXKH” əsasnaməsinin 156-cı maddəsinin “J” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən iddiaçı hərbi çağırış əsasında ordu sıralarında xidmətə yollanmış, 44 gün davam edən 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0116 nömrəli əmrinə əsasən 952-ci zenit raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurum iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli qərarı ona şamil edilməməlidir. Belə ki, qanunun geriyə qüvvəsi yoxdur. O, halda qanunun geriyə qüvvəsi vardır ki, həmin hal vətəndaşın vəziyyətini yaxşılaşdıra bilər.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətə aidiyyəti üzrə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri İdarəsində baxılmışdır. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədlər Hərbi Hava Qüvvələri İdarəsi tərəfindən “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiya”ya təqdim edilmişdir. “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiya”nın katibinin xx.xx.2022-ci il tarixli 9/3-10621 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətiniz “Müharibə veteranı, silahlı qüvvələr veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 02 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən “komissiya” tərəfindən sənədləri “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir.

4. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya yazılı etirazda iddianın rədd edilməli olduğu bildirilir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarinda olan N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11479 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə hərbi təlim toplanışına çağırılmış İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və xx.xx.2020-ci il tarixli 449 nömrəli əmri ilə səfərbərlikdən ehtiyata buraxıldığı üçün şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin həmin məktuba qoşma kimi əlavə edilmiş iddiaçının adına tərtib edilmiş arayış-məlumatdan görünür ki, İddiaçı Mingəçevir və Bərdə şəhəri, həmçinin X2 şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsi fəaliyyətinə cəlb edilmişdir. İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparılan müddətdə N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmiş, yalnız Mingəçevir, Bərdə şəhəri və X2 şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsində fəaliyyət göstərmişdir. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndində nəzərdə tutulan (ərazi) meyarlara uyğun olmadığına görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədi ilə razılaşdırılması üçün Azərbaycan Respublikasi Nazirlər Kabinetinə təqdim edilməsi mümkün olmamış və komissiya tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə haqlı olaraq müsbət qarar qəbul edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

II. İddianın növü və mümkünlüyü

8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmiş cavabda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən “komissiya” tərəfindən sənədləri “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir.

13. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə qeyd edilən tələblə müraciət etmişdir. Lakin cavabdeh qurumun imtinasının iddiaçıya təqdim edilməsi tarixi ilə bağlı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

14. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

15. İddiaçı ünvan 1 ünvanında yaşayır.

16. Hərbi biletin surətindən görünür ki, iddiaçı 952-ci zenit raket briqadası tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0116 №li əmrinə əsasən 952-ci zenit raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmiş hesab edilmişdir.

17. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

18. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən məhkəməyə göndərilən məlumata əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

19. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən göndərilmiş İddiaçı şəxsi işinin təsdiq olunmuş sürətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə hərbi təlim toplanışına çağırılmış İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və xx.xx.2020-ci il tarixli 449 nömrəli əmri ilə səfərbərlikdən ehtiyata buraxıldığı üçün şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.

20. “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalı ilə təltif olunması üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə Arayış-Məlumatdan görünür ki, İddiaçı N saylı hərbi hissədə ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi vəzifəsində çalışmış, Mingəçevir və Bərdə şəhərində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsi fəaliyyətinə cəlb edilmişdir.

IV. Məhkəmənin mövqeyi

21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

23. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

24. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

25. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. Beləliklə, işin hallarından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə hərbi təlim toplanışına çağırılmış İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və xx.xx.2020-ci il tarixli 449 nömrəli əmri ilə səfərbərlikdən ehtiyata buraxıldığı üçün şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin iddiaçının adına tərtib edilmiş arayışməlumata əsasən iddiaçı Mingəçevir və Bərdə şəhərində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsi fəaliyyətinə cəlb edilmişdir, yəni N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmiş, yalnız Mingəçevir, Bərdə şəhərində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsində fəaliyyət göstərmişdir.

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etmədiyinə, yalnız Mingəçevir, Bərdə şəhərində şəxsi heyətin psixoloji cəhətdən hazırlığının təmin edilməsində fəaliyyət göstərdiyinə görə cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərin nəzərdə tutulan (ərazi) meyarlara uyğun olmadığına görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar