Məhkəmə qərarları › İş №2-1(112)-3309/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3309/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3309/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə maddi və mənəvi ziyanın tutulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətindən, Bakı şəhəri İcra hakimiyyətindən 53.500 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfindən olan “B” tikilinin sökülməsinə görə Bakı şəhəri İcra Hakimiyyətindən 53.500 manat məbləğində maddi ziyanın və 1000 000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Ermənistandan qaçqın kimi gəlmiş, Bakı şəhərində Binəqədi rayonu ərazisində məskunlaşmışdır, həmin ərazidə müəyyən fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində A və B tikilidən ibarət iki tikili sahibliyində olmuşdur. Həmin tikililərdən “A” tikilidə hətta yaşayış sahəsi də inşa etmişdir, uzun illər orda yaşamışdır. Həmin tikililələrdə istifadə edilən qaz, elektrik və su üçün haqqlar da onun tərəfindən ödənilmişdir. Qeyd edilən tikililərə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 15 sentyabr 1997-ci il tarixli Texniki Pasport verilmişdir. X6 əsasən “A” və “B” tikililərinin ona aid olması öz əksini tapmışdır. 1997-ci ildən rəsmi olaraq onun istifadəsində olan “B” tikilisi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan 16.07.2019-cu il tarixində sökülmüşdür. Ona verilən texniki pasportun mülkiyyətçi və icarədar təşkilat adı verilmiş qrafada onun adı yazılmışdır. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə iki tikili vardır. “A” və “B” tikililəri. Həmin tikililərin ümumi sahəsi 307.5 kv. metrdir. “A” tikilisində 3 istehsalat sexi (ümumi sahəsi 199.6 kv. metr), 1 müdir otağı (sahəsi 8.8 kv. metr), 1 sanitar qovşağı (sahəsi 2.2 kv. metr) vardır. “B” tikilisində 1 istehsalat sexi (sahəsi 97.9 kv. metr) vardır. Qeyd edilən tikililərdən “B” tikilisi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan 16.07.2019-cu il tarixində sökülmüşdür. 97.9 kv. metr sahəsi olan bir tikili mülkiyyətçinin razılığı olmadan sökülmüşdür. Qeyd edilən tikililərə dair bütün elektrik, qaz və su sərfıyyatı ilə bağlı ödənişlər onun tərəfindən ödənilmişdir. Uzun illər həmin tikililərin onun istifadəsində və hətta dövlət tərəfindən ona verilmiş rəsmi sənədin olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür. Binəqədi rayon İcra hakimiyyəti və Bakı şəhər İcra hakimiyyəti tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-169/2020 saylı 10.06.2020-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.08.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Lakin sözügedən qərardadla İnzibati Məhkəmənin qeyri mümkün sayılması ilə bağlı əsaslardan biri əsassız hesab edilmişdir. Həmin əsasın aradan qaldırılması ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqla bağlı mane aradan qalxmışdır. İkinci əsas kimi icra orqanına müraciətin edilməməsi göstərilmiş, həmin əsas da tərəfindən aradan qaldırılmışdır, Bakı şəhər İcra Hakimiyyətinə və Binəqəqdi rayon İcra Hakimiyyətinə vurulmuş zərərin ödənilməsi ilə bağlı müraciət edilmiş, lakin hər iki qurum tərəfindən vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Bundan əlavə ona vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün tərəfindən X2nə müraciət edilmiş və X2nin 16.06.2020-ci il tarixli, 249 saylı Rəyi ilə ona vurulmuş zərər 53.500 manat müəyyən edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyəti trəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmuş, cavabdeh inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair yazılı münasibəti ( etirazı) məhkəməyə daxil olmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yazılı etirazında göstərmişdir ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi rayon İcra hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər-hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi rayon İcra hakimiyyəti tərəfindən hər-hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. Binəqədi rayon İcra hakimiyyəti tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfi ünvanda hər-hansı bir abadlıq quruculuq və s. Dövlət tədbirləri aparılmır. Beləliklə də rayon icra hakimiyyəti qeyd olunan ünvanda hər-hansı təmir-tikinti və ya abadlıq-quruculuq işləri aparmırsa iddiaçının istifadəsində olmuş tikilinin sökülməsinə lüzum qalmır. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 15.09.1997-ci il tarixli Texniki Pasport təqdim etmiş. Qeyd olunmuş sənəd tikili üzərində mülkiyyət hüquqlarını təsdiq etmir, sadəcə əmlakın texniki göstəricilərini əks etdirir. Texniki sənəddə tikilinin təyinatı əks olunmadığından hansı qeyri-yaşayış və ya yaşayış obyektindən söhbət getməsi müəyyən edilmir. Beləliklə də, iddiaçı tərəfindən sözügedən tikilinin onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, iddiaçının 53500,00 manat məbləğində maddi ziyannın və 100000.00 manat məbləğində mənəvi ziyan olaqla manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar cavabdeh şəxs Binəqədi rayon İcra hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. Qeyd olunanlara görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İddiaçının iddia etdiyi tikili “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları üçün çoxmənzilli binanın tikinti üçün ayrılmış ərazinin giriş hissəsindədir. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Bu səbəbdən də, İddiaçı cavabdeh Binəqədi rayon İcra hakimiyyətinə qarşı dəymiş maddi və mənəvi zərərin tutulması barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 06.09.1969-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “A” və “B” tikililərinə dair İddiaçı adına 15 sentyabr 1997-ci il tarixdə Texniki Pasport (iş materiallarına notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmuşdur) tərtib olunmuşdur. İddiaçı müraciətinə əsasən X2 tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli 249 nömrəli ekspert rəyindən görünür ki, 15 sentyabr 1997-ci il tarixli Texniki Pasporta və fotoşəkillərə əsasən, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində yerləşmiş, hazırda sökülmüş “B” literli istehsalat sexinin bazar qiymətlərinə uyğun dəyri 53.500,0 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1406/2020 saylı 13.08.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən, Bakı Şəhər İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 150.000 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2-1(112)-169/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1406/2020 saylı 13.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2-1 (112)-169/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Baçısının Aparatının 12-217/2-150/2 №-li 21.10.2020-ci il tarixli məktubunda vətəndaş İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinin adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə göndərildiyi qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02/12-11-11/B-76/3-149/2 №-li 08 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilinin sökülməsinə dair cavabdeh şəxslərin müəyyən edilməsi və maddi zərərə görə 53500,00 manat kompensasiyanın ödənilməsi barədə Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanlanmış 14.10.2020-ci il tarixli B-76/2-149 saylı və Bakı şəhər İcra Hakimiyyətindən 21.10.2020-ci il tarixli B-217/2-150/2 saylı məktublarla Binəqədi rayonu İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə tərəflərindən baxılmışdır. Müraciətlərlə əlaqədar bildirirlər ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddia olunan ərazidə hər hansı söküntü işləri aparılmamış, tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, abadlıq-quruculuq işləri aparılmamış, üçüncü şəxslərə və digər qurumlara göstəriş verilməmişdir. Qeyd olunanlardan əlavə onun cavabdehlər Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilinin sökülməsinə dair cavabdehlərdən maddi və mənəvi zərərə görə 250.000,00 manat kompensasiyanın tutulması barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və hal-hazırda məhkəmənin icraatındadır. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş aşağıda qeyd olunan sənədlərdən müəyyən olunur ki; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, S.S.Axundov küçəsinin şimal hissəsində yerləşən 0,4 ha yaşayış məntəqələri torpaqları Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Yazıçılar Birliyinin əməkadaşlarına yaşayış binasının tikintisi üçün” 09.01.2019-cu il tarixli 14 saylı sərəncamına əsasən Azərbaycan Yazıçılar Birliyinin adına (istifadəsinə) 01.05.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.01.2019-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsində yerləşən 0,4 ha torpaq sahəsinə dair Azərbaycan Yazıçılar Birliyinə 01.05.2019-cu il tarixli AN seriyalı 381522№-li torpaq sahəsinə plan ölçü verilmişdir. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1406/2020 saylı 13.08.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, həmin tikili iddiaçının mülkiyyətində olmasa belə tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsi cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X5rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. “X2” MMC tərəfindən verilmiş 215 №li 01 noyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, ekspert belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinə dair İddiaçı adına 15 sentyabr 1997-ci ildə tərtib olunmuş Texniki Pasportda qeyd olunan ölçülər nəzərə alınmaqla, hazırda sökülmüş “B” literli istehsal sexinin tikilib istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün, mövcud bazar qiymətlərinə müvafiq olaraq, təqribən 51.398,00 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin olunmaqla, cavabdehdən onun xeyrinə 51.398,00 manat məbləğində pul tutulmalıdır. İddiaçı həmçinin mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə, mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı İddiaçı vurulmuş zərərin əvəzi olaraq 51.398 (əlli bir min üç yüz doxsan səkkiz) manat məbləğində pulun ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X2” MMC-nin 226584 №li 01 noyabr 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, ekspertiza xərci (200 manat) İddiaçı tərəfindən Mərkəzə ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən 200 (iki yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfindən olan “B” tikilinin sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 51.398 (əlli bir min üç yüz doxsan səkkiz) manat məbləğində pulun İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 200 (iki yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar