Məhkəmə qərarları › İş №2-1(112)-3309/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3309/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3309/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya vurduğu 8000 manat maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 22 avqust tarixində iddiaçı Sumqayıt şəhərində ailə üzvlərinin görüşdə olduğu zaman ona məxsus ticarət obyektinin işçiləri zəng vuraraq Suraxanı rayon İcra Hakimiyyəti əməkdaşları ticarət obyektinin sökürlər, o, artıq obyektə gələndə obyektin bir hissəsi sökülmüşdü, həmin söküntünü aparan adamlar qeyd qoymuşdular ki, sabaha Güləli mütləq icra hakimiyyətində olsun, yoxsa bu obyekti tam sökəcəklər. İddiaçı 23 avqust tarixində saat 9:00-da Suraxanı rayon icra hakimiyyəti binasında oldu. İyirmi il öncə möhtərəm cənab Prezidentin tapşırığı əsasında iddiaçının obekti tikilmiş ticarət obyektdir, şəxsən Nizami rayonu ərazisində sökülmüş ticarət obyektinin əvəzinə ona ayrılmış yerdə tikilmiş ticarət obyektidir. O, həmin gün Bakı şəhəri Suraxanı rayonu ərazisindəki ticarət obyektimə getdi, usta sifariş etdi, təqribən saat dörd radələrində tanımadığı bir şəxs fəhlələrə işi dayandırmağı əmr etdi, yaxınlaşıb kimliyini soruşanda bir başa Suraxanı rayon icra hakimiyyəti başçısının əmri ilə bu gün bura sökülməlidir deyildir, iddiaçı bunun ola bilməyəcəyi, icra hakimiyyətindən gəldiyini bildirdi. İddiaçı Daxili İşlər Nazirliyinin qaynar xətt xidmətinə zəng vurdu, polis əməkdaşları gəldilər, onları telefonuna qeyd etdi və həmin insanlarla qanunvericilik haqqında damıqlarını polis əməkdaşlarının iştirakı ilə qeyd etdi. Bunlar iddiaçının tanımadığı adamlar idi və telefonunda olan yazını silinməsi üçün təkidlə əmr edirdilər, daha sonra polis əməkdaşları vasitəsi ilə xahiş etdilər, bu videonu sildikdən sora yenidən dama dırmaşırdılar, iddiaçı pilləkənlə dama qalxdı və telefona hərəkətlərini qeyd etmək istəyirdi ki, artıq beş nəfər söküntü ilə məşğul idi, digər beş nəfər çəkilişi dayandırmağa məcbur edirdilər, imtina edib çəkilişə davam edirdi. Sonda həmin şəkillər, videolar sildirildi. Nəticədə ona söküntü zamanı 8000 min manat maddi ziyan dəymişdir və maddi və mənəvi ziyanın 50000 mindən daha artdığı olduğunu nəzərə alaraq 8000 manat maddi, 50000 dəymiş zərərini cavabdeh tərəfindən ödənilməlidir.

3. Cavabdehin iddiaçının müraciətinə əsasən ünvanladığı məktubunda bildirilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmə dənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı, tərəfinizdən mövcud qeyri-yaşayış obyektinin üzərində özbaşına 2-ci mərtəbənin tikintisi işlərinin başlanmasına cəhd edildiyi aşkar edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış və Sizə tikintiyə icazə almaq üçün aidiyyəti üzrə müarciət etməyiniz tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3., 75.3.1. və 75.3.1. maddəsinə əsasən sifarişçi tikinti aparmaq üçün torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini və tikinti layihəsini təqdim etməlidir. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyek lərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.

4. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 434 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Qarabağ müharibəsi Veteranı, ehtiyatda olan kapitan vət. Fərziуev Güləli Şahhüseyn oğluna Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 1200.0 kv.m torpaq sahəsi ayrılsın.

5. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı, tərəfinizdən mövcud qeyri-yaşayış obyektinin üzərində özbaşına 2-ci mərtəbənin tikinti işlərinin başlanmasına cəhd edildiyi aşkar edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış və tikintiyə icazə almaq üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3., 75.3.1. və 75.3.2. maddəsinə əsasən sifarişçi tikinti aparmaq üçün torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini və tikinti layihəsini təqdim etməlidir. Həmçinin “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsi xahiş edilir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun: 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikasının Mülki Məcəllənin:

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

12. İddia tələbi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş mənəvi ziyanın və maddi zərərin ödənilməsidir.

13. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

16. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

17. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. Məhkəmə hazırki iş üzrə araşdırmanı X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşkil edir. 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

19. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

20. İş materiallarından göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 434 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə 1200.0 kv.m torpaq sahəsi Bakı-Aeroport yolu ətrafında ticarət obyektinin tikilməsi üçün iddiaçıya ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsində özbaşına tikinti işlərinin aparılması əsası ilə ticarət obyekti sökülmüşdür.

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya tikintiyə icazə almaq üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmasına baxmayaraq, iddiaçı (sifarişçi) müvafiq ərizə ilə qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etməmiş, özbaşına tikinti işləri həyata keçirmişdir.

22. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir

23. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, qeyri-yaşayış sahəsinin üstündə əlavə ikinci mərtəbə inşa edilmişdir, lakin inşa edilmiş mərtəbə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməmişdir.

24. Odur ki, məhkəmə iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə dair X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüquqlarının və ya “qanuni gözləntinin” olması qənaətinə gəlmir.

25. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

27. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “kompensasiyanın ödənilməsi tələbinə” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməmişdir.

29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar