Məhkəmə qərarları › İş №2-1(112)-3310/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3310/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3310/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Arif Hüseynov (Dəmiryol) küçəsi, 10 ünvanında yerləşən “Pitixana” kafesi adlı qeyri-yaşayış sahəsi reyestr kitabı № 1, səhifə 14, qeydiyyat № 000106, xx xxx 2000-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi RİH başçısının xx xxxxxxxx 2001-ci il tarixli 692 nömrəli sərəncamı ilə həmin əmlakın sökülərək müasir tələblərə uyğun tikilməsinə icazə verilmişdir. Sərəncam icra olunmuşdur. xx xxxx 2002-ci il tarixdə Bakı şəhəri Binəqədi RİH, AR DİN Baş Dövlət X3, AR Səhiyyə Nazirliyinin Dövlət Sanitar Nəzarəti, podratçı “Yenilik” firması və “Araz” şirkətinin (həmin dövrdə iddiaçı şirkətin direktoru olmuşdur) nümayəndəsinin iştirakı ilə “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” tərtib edilmişdir. Obyektin yenidənqurma işləri tam başa çatdırılmış, obyekt istismara hazırlanaraq komissiya üzvlərinə təhvil verilmişdir. Həmin aktın həqiqiliyi və doğruluğunu komissiya üzvləri təmsil etdikləri orqanların möhürləri ilə təsdiq etmişlər. Mülkiyyətdə olan həmin qeyri-yaşayış sahəsinin müasir tələblərə cavab verən yenidənqurma tikinti işlərinin 20 ilə yaxındır ki, aidiyyəti dövlət orqanları tərəfindən istismara qəbul olunmasına baxmayaraq, həmin tikiliyə dair müvafiq sənədin alınması ilə bağlı müraciət etməmişdir. İddiaçı hazırkı cavabdehə həmin tikilinin mövcud vəziyyətdə qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, AR Mülki Məcəlləsinin 17.1, 19-cu maddələrinə, İPM-in 2.2, 8-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Hüseynov (Dəmiryol) küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılıar qeyd olunmuşdur: - İddiaçı iddiası etirazla qarşılanır. Belə ki, vətəndaş tərəfindən məsələ ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair sənəd əlavə edilməmiş, eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Həmçinin, təqdim edilmiş şəhadətnamə İddiaçı adına olsa da, Bakı şəhəri Binəqədi RİH başçısının 692 nömrəli xx xxxxxxxx 2001-ci il tarixli sərəncamında “Araz” firmasının, istismara qəbul aktında isə, “Araz” şirkətinin adı qeyd olunmuşdur. Göstərilənlərə və İPMin 48.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.9, 8.0.9.2, 8.010, 8.0.10.1, 10, 11.1-ci maddələrinə, AR Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11, 4.18-ci bəndlərinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, A.Hüseynov (Dəmiryol) küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizısində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən “Pitixana” kafesi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə AR Dövlət Əmlak Nazirliyi tərəfindən xx xxx 2000-ci il tarixdə 000106 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi RİH başçısı xx xxxxxxxx 2001ci il tarixdə aşağıdakı məzmunda 692 nömrəli sərəncam vermişdir: - Binəqədi rayonunda fəaliyyət göstərərək “Araz” firmasının direktoru İddiaçı RİH-ə müraciət edərək, mülkiyyətində olan və rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış binası olan “Pitixana” kafesinin müasir tələblərə cavab verən vəziyyətdə olmadığını nəzərə alaraq, onun sökülməsi və yerində müasir tələblərə uyğun layihə əsasında yenidən tikilməsinə icazə verilməsini xahiş etmişdir. Göstərilənləri və “Araz” firmasına məxsus olan (mülkiyyət hüququ haqqında şəhadətnamə № 000106) rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, 10 ünvanında yerləşən kafenin günün tələblərinə uyğun səviyyədə olmadığını nəzərə alaraq, həmin binanın sökülüb, yerində layihə əsasında müasir tələblərə uyğun tikilməsinə icazə verilsin. “Araz” firmasına tapşırılsın ki, yeni tikintinin layihəsi rayonun memarı ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılsın, tikinti işləri aparılarkən tikinti sahəsində kommunikasiya xətləri müşahidə edilərsə, onların başqa yerə köçürülməsi sifarişçi hesabına aparılsın. Ərazinin sanitar və texniki normalara uyğun saxlanılması “Araz” firmasının rəhbərliyinə tapşırılsın. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, A.Hüseynov küçəsi, A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən İddiaçı məxsus obyektin yenidənqurulmasına dair layihə Bakı şəhəri Binəqədi RİH (qurumun memarı) tərəfindən təsdiq edilmişdir. İş materialarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi, 10 ünvanında yenidənqurulmuş ictimai-iaşə obyekti (“Pitixana” kafesi) Bakı şəhəri Binəqədi RİH-in, AR DİN Baş Dövlət X1, AR Səhiyyə Nazirliyi Dövlət Sanitar Nəzarətinin, podratçı “Yenilik” firmasının və “Araz” şirkətinin diurektoru kimi hazırkı İddiaçı iştirakı ilə tərtib olunmuş xx xxxx 2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” ilə istismara qəbul edilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının xx xxxx 2012-ci il tarixli 392-İVQ nömrəli Qanunu ilə qərara alınmışdır ki: - (1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilsin; - (2) Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: (2.1) şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə; (2.2) tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 11 il sonra; - (3) Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir; - (4) Məcəllənin qüvvəyə mindiyi gündən «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu ləğv edilir; - (5) Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli xx xxxx 1999-cu il tarixli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş (x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanla ləğv edilmişdir) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 31-ci maddəsinə görə rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək icra hakimiyyəti başçısının səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə» təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli xx xxxx 1999-cu il tarixli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Sözügedən x xxxx 2012-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnamənin 4.11.11.5ci yarımbəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 214 nömrəli qərarı ilə «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı» təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur və bu barədə xx xxx 2000-ci il tarixdə müvafiq səlahiyyətli orqan kimi AR Dövlət Əmlak Nazirliyi tərəfindən 000106 qeydiyyat nömrəsi ilə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Bundan sonra iddiaçı “Araz” şirkətinin rəhbəri kimi Bakı şəhəri Binəqədi RİH-ə müraciət edərək, həmin qeyriyaşayış binasının müasir tələblərə cavab verən vəziyyətdə olmadığını nəzərə alaraq, onun sökülməsi və yerində müasir tələblərə uyğun layihə əsasında yenidən tikilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra RİH-in xx xxxxxxxx 2001-ci il tarixli sərəncamı ilə həmin obyektin sökülüb, yerində layihə əsasında müasir tələblərə uyğun tikilməsinə icazə verilmiş və yeni layihə RİH tərəfindən təsdiq edilmişdir. Bundan sonra xx xxxx 2002-ci il tarixdə sözügedən obyekt (“Pitixana” kafesi) Bakı şəhəri Binəqədi RİH-in, AR DİN Baş Dövlət X1, AR Səhiyyə Nazirliyi Dövlət Sanitar Nəzarətinin, podratçı “Yenilik” firmasının və “Araz” şirkətinin diurektoru kimi hazırkı İddiaçı iştirakı ilə tərtib olunmuş xx xxxx 2001-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” ilə istismara qəbul edilmişdir. İddiaçı xx xxxxx 2020-ci il tarixdə obyektə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh öz imtinasını belə əsaslandırır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair sənəd əlavə edilməmiş, obyektin yenidənqurulması üzrə tərtib edilmş layihə Bakı ŞİH-lə razılaşdırılmamış, şəhadətnamədə İddiaçı adı göstərilsə də, RİH-in sərəncamında “Araz” firmasının, istismara qəbul aktında isə “Araz” şirkətinin adı əks olunmuşdur. Cavabdeh həmçinin vurğuyır ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5 və 4.18.2-ci yarımbəndlərinə görə İ və İİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə barədə sənəd vermək şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini tətbiq edərək cavabdehin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir: - Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış binası (“Pitixana” kafesi) AR Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş xx xxx 2000-ci il tarixli 000106 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı xüsusi mülkiyyətində olduğundan, həmin obyektin yerləşdiyi torpaq sahəsi də onun qanuni istifadəsinə verilmiş sayılır və obyektə hüquqların qeydiyyatı zamanı həmin torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin tələb olunması əsassızdır; - sözügedən obyektin yenidənqurulması üzrə tərtib edilmiş və Bakı şəhəri Binəqədi RİH-lə (qurumun memarı ilə) razılaşdırılmış layihənin Bakı ŞİH ilə də razılaşdırılması məcburi şərt kimi hər hansı normada təsbit olmadığından, inzibati orqanın razılaşdırma ilə əlaqədar belə tələbi də əsaslı deyil; - Mülkiyyət hüququ haqqında şəhadətnamədə hazırkı İddiaçı adının, obyektin yenidənqurulmasna icazə barədə sərəncamda və istiamara qəbul aktında isə “Araz” firmasının (şirkətinin) adının göstərilməsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, müvafiq sərəncamda obyektin mülkiyyətdə olması barədə 000106 nömrəli şəhadətnaməyə (hansı ki, bu sənədə əsasən mülkiyyətçi İddiaçıdır) istinad olunmuş və əmlakın fiziki şəxsin mülkiyyətində olduğu vurğulanmışdır, obyektin istismara qəbul aktını isə, digər şəxslərlə yanaşı hazırkı İddiaçı da imzası ilə təsdiqləmişdir. Sərəncamda və istismara qəbul aktında hüquqi şəxsin (“Araz” şirkətinin və ya firmasının) adının qeyd olunması formal xəta xarakterli çatışmazlıq qismində qiymətləndirilməlidir; - Eləcə də, obyektin yenidənqurulması ilə bağlı icazə barədə sərəncam, xx xxxxxxxx 2001-ci il tarixə, obyektin layihə üzrə tikintisi başa çatdırılaraq istismara qəbul aktı isə, xx xxxx 2002-ci il tarixə təsadüf etdiyindən, “Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5 və 4.18.2-ci yarımbəndlərinə istinadən obyektin tikintisinə icazə barədə sərəncam verilməsində şəhər rayonunun icra hakimiyyəti başçısının səlahiyyətsiz olması qənaəti əldə oluna bilməz. Çünki, tikintiyə icazə barədə sərəncam həmin Əsasnamənin və «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın (AR Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiqlənmiş) qüvvəyə mindiyi tarixdən əvvəl verilmişdir və sərəncamın verildiyi vaxtda qanunvericiliklə şəhər rayonlarının icra hakimiyyəti başçılarının yuxarıda qeyd olunan müvafiq səlahiyyətləri olmuşdur. - iddiaçının təqdim etdiyi sənədər – mülkiyyət hüququ haqqında şəhadətnamə, tikintiyə (obyektin yenidənqurulmasına) icazə barədə sərəncam, təsdiqlənmiş layihə, istismara qəbul aktı «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə mötəbər qiymətləndirilir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununn 8.0.9.2-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Pitixana” kafesi) onun mülkiyyəti kimi daşınmaz əımlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, A.Hüseynov (Dəmiryol) küçəsi, 10 ünvanında yerləşən qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, A.Hüseynov (Dəmiryol) küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar