Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3311/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğvi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçındən dövlət büdcəsinə 22102,6 manat gömrük borcunun və 8067,45 manat dəbbə pulunun tutulması barədə 3-33-2200/000002Q saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC, X4 və YİWU XİNZHONG TRADE CO.LTD arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə YİWU XİNZHONG TRADE CO.LTD köçürülməlidi. Həmin müqaviləyə əsasən vəsait 3-cü tərəf YİWU XİNZHONG TRADE CO LTD şirkətinə köçürülmüşdür. Lakin ödəniş köçürüldükdən sonra vəsaitin köçürülməsi sərbəst ticarət prinsiplərinə uyğun olmadığı üçün köçürülən vəsaitin geri qaytarılması tələb edilmişdir. AR X8 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə İddiaçı MMC-dən dövlət büdcəsinə 22102,6 manat gömrük borcunun və 8067,45 manat dəbbə pulunun tutulması barədə 3-33- 2200/000002Q saylı qərar qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etydiyi iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal etdiyi malları mənşə ölkəsi və göndərən ölkə kimi X3 Aşgabat/Türkmənistan adından bəyan etmiş və rəsmiləşdirmişdir. İddiaçı banka və məhkəməyə təqdim etdiyi üçtərəfli müqaviləni malların rəsmişləşdirilməsini həyata keçirən zaman gömrük orqanına təqdim etməmişdir. Gömrük orqanlarının elektron Vahid avtomatlaşdırılmış informasiya sisteminə İddaçı malı idxal etdiyi şirkətlə, yəni X4 ilə bağladığı ikitərəfli müqaviləni təqdim etmişdir. Gömrük orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan mallar **********0139 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə həmin mallarla bağlı idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Eyni qeyd olunan hal təkrarlandığı və **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5.0311,55 ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının X9 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Qeyd olunanların araşdırılması ilə bağlı Baş İdarə tərəfindən İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 28.1.2-ci maddəsinin (inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi) tələbinə uyğun inzibati icraat prosesi başlanmışdır. İnzibati icraatda iştirakın təmin edilməsi haqqında Baş İdarə tərəfindən İddiaçı MMC şirkətinə xx.xx.2024-cü il tarixdə 3-33-3200/2- 001732/2024 nömrəli məktub göndərilmişdir. Məktubda İnzibati icraatın keçirilmə yeri, vaxtı İddiaçı MMC-yə bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Sözügedən məktub xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən qəbul edilmişdir. İddiaçı MMC Baş İdarə tərəfindən aparılan inzibati icraat prosesində iştirak etməmiş və iştirak etməməsinin səbəbi ilə bağlı hər hansı müraciət ünvanlamamışdır. İnzibati icraat prosesi A Ənd J Holdinq” MMC-nin iştirakı olmadan aparılmışdır. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına idxal olunan mallar **********0139 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Eyni qeyd olunan hal təkrarlandığı və **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5.0311,55 ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X9 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. İddiaçı MMC **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 18.731,02 manat idxal gömrük rüsumu, 3.371,58 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna 8.067,45 manat dəbbə pulu borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul tarixli 1046 nömrəli "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Sərəncamı ilə “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında 20 noyabr 2009-cu il tarixli Saziş təsdiq edilmişdir. Sözügedən sazişlə təsdiqlənmiş Malların mənşə ölkəsinin təyin edilməsi qaydalarının 5-ci bölməsi Sərbəst ticarət rejiminin təqdim edilməsi qaydalarını tənzimləyir. 5.4-cü bölmədə qeyd edilir ki, Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). İddiaçı MMC bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına X1 Kompleks şirkəti ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdiq etmiş və buna görə də ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. İddiaçı 3-cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmişdir. Artıq bu zaman yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt öz qüvvəsini itirmiş olur və İddiaçı MMC idxal etdiyi mallar üçün idxal gömrük rüsumunu fərqli dərəcədə ödəməlidir. Baş İdarə tərəfindən 23 sentyabr 2024-cü il tarixli 3-33- 3200/000002Q nömrəli İddiaçı MMC-dən dövlət büdcəsinə 22102,6 manat gömrük borcunun və 8067,45 manat dəbbə pulunun tutulması barədə qərar qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli АДТ-0867 nömrəli müqavilədən görünür ki, X3 (bundan sonra "Satıcı" adlandırılacaq) bir tərəfdən, “A AND J HOLDİNG” LLC, (bundan sonra "Alıcı" adlandırılacaq) digər tərəfdən isə "vasitəçi" tərəf isə YİWU XİNZHONG TRADE CO.,LTD ("Satıcı" "Vasitəçi" və "Alıcı" birlikdə "Tərəflər" adlandırılacaq) aşağıdakı şərtlərlə müqavilə bağlamışlar:
1. Müqavilənin predmeti müxtəlif malların (bundan sonra "Mal") satışı təşkil edir. 2.1. Müqavilənin ümumi məbləği 100,000.00 ABŞ dollan təşkil edir. 3.1. Malın çatdırılması Satıcı tərəfindən CİF Bakı, Azərbaycan İnkoterms 2010 ticarət termininə müvafiq olaraq həyata keçirilməlidir. 4.1.Mallar satıcı tərəfindən alıcıya çatdırıldıqdan sonra 60 gün ərzində ödəniş həyata keçəcəkdir. 4.3.Müqavilə ilə əlaqədar bütün bank xərclərinə və rüsumlara görə Alıcının mənsub olduğu ölkənin ərazisində Alıcı, həmin ərazinin hüdudlarından kənarda isə Satıcı məsuliyyət daşıyır. 4.4.Ödəniş ABŞ Dolları ilə YİVVU XİNZHONG TRADE CO.,LTD şirkətinə köçürülür. xx.xx.2023-cü il tarixli **********0139 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, iddiaçı Türkənistan Respublikasından pambıq ipliyindən hazırlanmış tək nəfərlik və iki nəfərlik yataq dəsti ağları və yorğan ağları, 1 nəfərlik yataq dəsti Kreton idaxl etmiş, cəmi 23112,62 manat gömrük ödənişi ödəmişdir. Bəyannaməyə əsasən malın mənşə ölkəsi Türkmənistan göstərilmişdir. Cavabdehin gömrük borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-33-3200/00002Q nömrəli qərarından görünür ki, İddiaçı MMC tərəfindən qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə 22102,6 manat gömrük borcunun və 8067,45 manat dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, gömrük orqanı tərəfindən aparılmış araşdırma materialları və materiallara əlavə edilmiş sənədlərdən görünür ki, AZ1001, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (VÖEN: **********) ünvanına Türkmənistan Respublikasından idxal olunan mallar **********0139 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Eyni qeyd olunan hal təkrarlandığı və **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 50311,55 ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X9 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1046 nömrəli sərəncamı ilə təqdim edilmiş 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə əsasən: X6 iştirakçısı olan dövlətlərin bundan sonra "Tərəflər" adlandırılacaq Hökumətləri, azad ticarət zonasının lazımi və səmərəli surətdə fəaliyyət göstərməsi zərurətini nəzərə alaraq, malların azad hərəkəti üçün şəraitin yaradılması məqsədilə, malların mənşə ölkəsinin təyin edilməsinin vahid qaydasının müəyyən edilməsinə çalışaraq, aşağıdakılar barədə razılığa gəldilər: -maddə 1. Tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini tətbiq etmək məqsədilə Tərəflər bu Sazişin ayrılmaz tərkib hissəsi olan, Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarını qəbul edirlər. Həmin Sazişə əlavə edilmiş Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına əsasən: malın mənşə ölkəsi - malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı ölkə; - maddə 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa; c) mal Sazişin bir iştirakçısı olan dövlətin fiziki şəxsi sayılan rezidenti tərəfindən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə ixrac (idxal) edilirsə; d) mal, ərazisi vasitəsilə göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Sazişin iştirakçısı olan dövlətlərin ərazisini tərk etmirsə. Bu halda, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır; e) mal, bu Qaydalarla müƏyyən edilmiş malların mənşə ölkəsinin teyin edilməsi meyarlarına uyğun gəlirsə; ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2-ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə - maddə 5.3. Mənşəyi təyin edilməmiş və ya mənşəyi təyin edilmiş, lakin bununla belə, onlara münasibətdə bu məqsədlər üçün lazım olan sənədlərin olmaması səbəbindən sərbəst ticarət rejimi tətbiq olunmayan mallar idxal ölkəsinə idxal ölkəsinin tarif və qeyritarif tənzimlənməsi tələblərinə müvafiq olaraq buraxılır. - maddə 5.4. Bu Qaydaların 5.3-cü bəndində qeyd olunan mallara münasibətdə, idxal ölkəsində gömrük bəyannaməsinin qeydiyyat günündən etibarən 12 ay müddətinə qədər onların mənşəyi barədə lazımi şəhadətnamənin əldə olunması (CT-1 formalı sertifikatın və lazım gələrsə, malların mənşə ölkəsi təqdim edən digər sənədlərin təqdim edilməsi) şərtilə, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazisində sərbəst ticarət rejimi tətbiq (bərpa) oluna bilər (CT-1 formalı sertifikatın saxtalaşdırılması halları istisna edilməklə). İşdən görünür ki, A Ənd J Holdinq” MMC qeyd edilən Sazişə istinadən bu güzəştlərdən yararlanmağa görə idxal etdiyi mallara münasibətdə gömrük orqanına X1 Kompleks şirkəti ilə bağladığı ikitərəfli müqaviləni və CT-1 formalı mənşə sertifikatı təqdiq etmiş və ona idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra iddiaçı 3cü dövlətlə bağlanan müqaviləni banka təqdim etməklə vəsaiti Çin Xalq Respublikasına ödəmiş, bununla da yuxarıda qeyd edilən sazişin müddəaları ilə tətbiq edilən güzəşt imkanını itirmişdir. İddiaçı həmin müqaviləni cavabdehə təqdim etmədiyindən iddiaçıya müvafiq güzəşt tətbiq edilmiş, sonradan qeyd olunan hallar aşkar edildiyindən mübahisələndirilən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: - maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. - maddə 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. - maddə 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı müvafiq məhsulları idxal edərkən üçtərəfli müqavilə imzalamış, lakin gömrük rəsmiləşdirilməsi zamanı həmin müqaviləni deyil, yalnız "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə qoşulmuş Türkmənistan Respublikasında yerləşən X2 bağladığı müqaviləni təqdim etmiş, bununla da cavabdeh tərəfindən güzəşt tətbiq edilməsinə nail olmuşdur. Məhkəmə Sazişin məsqədinin onun iştirakçılarının mallarının azad hərəkəti üçün şəraitin yaradılması, iqtisadi cəhətdən onların inkişafının təmin edilməsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehin qərarı qanuni olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova