Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3312/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “mənzilə dair bölgü sxemin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 26A saylı evin 32 saylı mənzilinə bölgü sxemin tərtb edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və 06.09.2021-ci il tarixli, **********77 nömrəli məktubunda göstərmişdir ki, mənzilin arxiv texniki pasportuna əsasən 1 (bir) giriş-çıxış qapısı mövcuddur, bundan başqa mənzilin kommunal şəraiti də vahid olduğundan bölünməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı 22.10.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 26A saylı evin 32 saylı mənzilinə bölgü sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 26A saylı evin 32 saylı mənzilinin 2 otaqdan ibarət hissəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 01 mart 2021-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin mənzilin 2 otaqdan ibarət digər hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30.06.2021-ci il tarixdə mənzilin texniki pasportu işlənib hazırlanmışdır. Mənzilin iddiaçıya aid hissəsi hər bir kommunal şəraitə malikdir, həmçinin giriş-çıxışı ayrıdır, sərbəst şəkildə istifadə edilir və mənzilin kommunal şəraiti vahid deyildir. Digər mülkiyyətçinin də kommunal şəraiti ayrıdır və bu cür istifadə digər mülkiyyətçinin hüquqlarına toxunmur və hər hansı bir maneçilik törətmir. Həmçinin mənzilin iddiaçının istifadəsində olan hissəsinə ayrıca qaz, işıq və su xətti çəkilmiş və ayrı sayğaclarla təchiz edilmişdir. Yəni iddiaçının və digər mülkiyyətçinin mülkiyyətində olan otaqlar faktiki olaraq ayrılmışdır, bölünmüşdür və hər birinin ayrı-ayrılıqda ümumi dəhlizə giriş-çıxışı mövcuddur. Cavabdehin imtinası tamamilə əsassızdır, cavabdeh tərəf mənzilə baxış keçirmədən yalnız texniki pasporta əsaslanmaqla ərizənin icrasından imtina etmişdir. Halbuki mənzilə baxış keçirildiyi təqdirdə mənzilin iddiaçıya aid iki otağının ayrı giriş-çıxışa malik olması, ayrıca kommunal şəraitə malik olması müəyyən edilmiş olardı. Əmlakın digər mülkiyyətçi ilə iddiaçı arasında bölünməsi gələcəkdə onun mülkiyyətində olan hissəyə ayrı ünvan verilməsi və texniki sənədlərin işlənib hazırlanmasına zəmin yaradacaqdır. Hazırda mülkiyyətə dair sahiblik, sərəncam hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər yaranır və digər mülkiyyətçi iddiaçının ailə üzvü deyildir və iddiaçının hüquqlarının həyata keçirilməsi üçün əmlakın bölünməsi vacibdir. Cavabdeh 19.11.2021-ci il tarixli, **********73 nömrəli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək bildirmişdir ki, mənzilin arxiv texniki pasportuna əsasən 1 (bir) giriş-çıxış qapısı mövcuddur, faktiki olaraq əlavə qapı açılmışdır. Bundan əlavə, mənzilin kommunal şəraiti də vahid olduğundan bölünməsi mümkün olmamışdır. Məhkəmənin 15.12.2021-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. 29.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan ********** qeydiyyat nömrəli 01.03.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 26A saylı evin 32 saylı mənzili paylı mülkiyyət hüququ əsasında iddiaçının (2 otaq) və üçüncü şəxs N.Cavadovanın (2 otaq) mülkiyyətindədir. Həmin mənzilə dair işdə olan 30.06.2021-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, mənzildə 4 yaşayış otağı, 1 mətbəx, 1 hamam, 1 sanitar qovşaq mövcuddur. İddiaçı hazırda həmin əmlakın fiziki cəhətdən bölündüyünü iddia edərək ona dair bölgü sxemin tərtib edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın vahid əmlak olması, iddiaçı və üçüncü şəxsin payları müəyyən edilməklə mülkiyyətində olması, əmlak bölgüsü ilə bağlı payçılar arasında hər hansı bir mübahisənin olmaması işin mübahisəsiz haldır. Cavabdehin imtina məktubu ilə və məhkəmə tərəfindən daşınmaz əmlaka baxış keçirilməsi nəticəsində 32 saylı mənzilin iki giriş-çıxış qapısının, iki mətbəx və sanitar qovşağının olması, texniki pasportda göstərilən 2 yaşayış otağının digər 2 yaşayış otağından tam təcrid edilməsi, yaşayış sahəsinin hazırkı vəziyyətinin onun texniki pasportunda göstərilən vəziyyətinə uyğun olmaması müəyyən edilmişdir. Yəni iddiaçının mülkiyyətində olan yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidən qurma və (və ya) yenidən planlaşdırma aparılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. - 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Lakin işdən bu qaydalara əməl olunması, yəni iddiaçının mülkiyyətində olan əmlakda aparılmış dəyişikliklərin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda verilməsini tələb etdiyi sənəd texniki sənəd olmaqla hər hansı bir hüquqmüəyyənedici xarakter daşımasa da, işdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona ayrıca çıxarışın verilməsi ilə bağlıdır. Yəni iddiaçı 32 saylı mənzilə dair bölgü sxem almaqla onun mülkiyyətində olan paya münasibətdə ayrıca çıxarış verilməsinə nail olmaq istəyir. Lakin nə qədər ki, mübahisəli daşınmaz əmlakda özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış, bu hal səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası mümkün sayıla bilməz. Bundan başqa, iddiaçının hazırkı tələbi onun paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsidir. Lakin iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə təkbaşına subyektiv hüquq daşıyıcısı deyildir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3312/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3312/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver