Məhkəmə qərarları › İş №2-1(112)-3314/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3314/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3314/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinət kimi adaptasiya pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla ona çatacaq adaptasiya pulunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən ilk cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, penitensiar müəssisədən cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiya məqsədi ilə minimum aylıq əmək haqqının 4 misli miqdarında birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2014-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müəssisəsindən azad edildikdən 6-7 ay sonra cavabdehə müraciət edərək ona çatacaq adaptasiya pulunun verilməsini xahiş etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək adaptasiya pulunu verməkdən yayınmışdır. Sonradan o, ərizə ilə müraciət etmiş və ona cavabdeh tərəfindən cavab olaraq bildirilmişdir ki, adaptasiya pulunun verilməsi üçün müraciət etmə müddəti bir ildir. Müddət keçdiyinə görə həmin pulu ona verməkdən imtina etmişlər. Onun tanışı X4 da həbsdən çıxdıqdan sonra hüququnu bilməmiş, üç ildən artıq müddət keçdikdən sonra adaptasiya pulunu istəmiş, ona da cavab olaraq bildirimişdir ki, bir il müddət otmüşdür. Sonradan dostu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə pulun ödənilməsinə dair onun xeyrinə qərar çıxarmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh məcbur qalıb həmin adaptasiya pulunu X3 ödəmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə Nümayəndəliyə müraciət edərək, ona cəza çəkməkdən azad edilmiş şəxslər üçün müəyyən olunmuş sosial adaptasiya müavinətinin təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və bu müddəti ötürərək müraciət etdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Pentensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiya sosial hüquqları "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında Qanunla tənzimlənir. Həmin Qanunun 6-cı maddəsində sosial adaptasiya tədbirlərinin dairəsi müəyyən olunmuşdur. Qanunun 6.1.7ci maddəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd edilmişdir. Bir çox hüquqların həyata keçirilməsinə müddət şamil olunduğu kimi sosial adaptasiya müavinətini almağa olan hüquq da müddətlə şərtləndirilmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Vətəndaş cəza çəkməkdən azad olmuş statusunu Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qazanmışdır. Həmin qərara əsasən vətəndaş cəzasının çəkilməmiş qalan 8 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin o, Nümayəndəliyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Burdan da göründüyü kimi vətəndaş bir illik müddəti ötürmüşdür. Buna görə də ona sözügedən müavinətin ödənilməsi qanunsuzdur. Bütün bunlardan əlavə, qanunvericilikdə sözügedən 1 il müddətin kimə şamil edildiyi, kimin bu müddət ərzində müraciət etməli olduğu da göstərilmişdir. «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.17-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün vətəndaş cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surətini təqdim etməlidir. Vətəndaş işə onunla oxşar situasiyada olan başqa şəxsin leyhinə olan məhkəmə qərarını əlavə etmiş və buna əsaslanmışdır. Baxmayaraq ki, presedent hüququ qanunvericilikdə tətbiq edilmir. İddiaçının əsaslandığı məhkəmə aktına münasibətdə aşağıdakıları qeyd edir: 1) Qanunun 5-ci maddəsi sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində iştirak edən orqanlardan bəhs edir. Bu fəaliyyətin həyata keçirlməsinə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ƏƏSMN və başqa nazirliklər cəlb edilmişdir. Qanunun 5.4-cü maddəsində isə ƏƏSMN-nin sözügedən qurumlar arasında bu fəaliyyətin həyata keçirilməsində əlaqələndirmə funksiyasını yerinə yetirdiyi müəyyən olunmuşdur. Məhkəmə bu normaya istinad edərək 1 il müddət ərzində ƏƏSMN-nin vətəndaşa müraciət edərək sözügedən müavinəti təyin etməli olduğu qənaətinə gəlmişdir. Lakin həm yuxanda qeyd etdiyi Qaydaların 2.17-ci maddəsinə əsasən, həm də hüququn umumi prinsiplərinə əsasən hüququnu realizə etmək üçün vətəndaş hüququ tələb etdiyi orqana müvafiq sənədlərlə müraciət edərək iradəsini ifadə etməlidir. Təyinatı avtomatlaşdırılmış hüquqlardan istifadə istisna olmaqla. Hazırkı iş üzrə sosial adaptasiya müavinətinin təyin edilməsi avtomatlaşdırılmış xidmət olmadığı üçün vətəndaş Qaydalarda da qeyd edildiyi kimi 1 il müddətində lazımi sənədlərlə Şöbəyə müraciət edərək hüququndan istifadə ilə bağlı iradəsini ifadə etməli idi. 2) Bütün bunlardan əlavə pentensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları üçün müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduğu üçün buna kömək məqsədilə dövlət onlar üçün həmin müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Lakin qanunverici bu müddətin 1 il ilə kifayətləndiyi iradəsindədir. Belə olan halda şəxsin 1 ildən sonrakı dövr üçün (hansı ki, artıq adaptasiyaya ehtiyacı yoxdur) adaptasiya müavinəti alması hüququn leqallıq və əsaslılıq prinsipinə zidd olub qanunun 8ci maddəsinin tələblərini pozmaqla yanaşı, həm də sosial adaptasiya müavinəti almaq hüququnun mahiyyətinə ziddir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarilxli **********5 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxıl olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ‘Penitensıar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsınə əsasən bu qanun cəza cəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçun qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmçinin bu Qanunun 8-cı maddəsinə əsasən sosial adaptasiya müddəti 1 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 17/71-10D-690 saylı arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 7(007)-1675/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasnın çəkilməmiş qalan 08 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş İddiaçı üzərindən nəzarət dayandırılaraq cəzasını çəkmiş kimi xx.xx.2019-cu il tarixdən şöbənin qeydiyyatından çıxarılmışdır. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir; 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir; 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur; 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi) həyata keçirirlər; 5.4-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfındən əlaqələndirilir; 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək; 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur; 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfındən qeydiyyata alınırlar; 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər; 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər; 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər; 9.3-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər; 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»nin 3.1.58-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, caza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək Nazirliyin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.19-cu maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək Fondun vəzifələrindən biri kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1675/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2019-cu il tarixdən üzərindən nəzarət dayandırılaraq cəzasını çəkmiş kimi icra və probasiya şöbənin qeydiyyatından çıxarılmışdır. O, sosial adaptasiyası məqsədilə birdəfəlik pul müavinətinin verilməsi üçün cavabdehə müraciət etsə də, sosial adaptasiya müddətinin ötürülməsi bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi nəzərdə tutulmuşdur. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərindən də göründüyü kimi sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslərin müəyyən edilməsi və bu şəxslərin qeydiyyata götürülməsi, qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqlarının, sosial adaptasiya tədbirlərinin məzmununun və həyata keçirilməsi qaydasının izah olunması "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin x xxxx 2007-ci il tarixli 606 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Bu baxımdan həmin qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan orqan nəzarət etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar