Məhkəmə qərarları › İş №2-1(112)-3314/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3314/2024

04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3314/2024 04.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 saylı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (indiki Xəzər) XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 saylı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi fərdi yaşayış üçün ayrıldığından az müddət sonra həmin sahədə fərdi yaşayış evi tikmişdir. Artıq 30 ildir ki, torpaq sahəsində fərdi yaşayış evi var. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubunda qoşmada həmin qərar əlavə olunmuş və həmin qərarın ona məxsus olması göstərilmişdir. Ona məxsus torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavab olaraq bildirmişlər ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin və elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin ölçüsü 750 kv.m qeyd edilsə də, faktiki ölçü 560 kv.m təşkil edir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrini mühafizəsi" Qaydalarındakı normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi və ya qaz xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir cavabdeh orqan imtinasının əsaslarından biri kimi elektron kadastr məlumatına əsasən torpaq sahəsi elektrik xəttinin mühafizə zonasında yerləşdiyini göstərsə də, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 saylı torpaq sahəsielektrik veriliş xəttllərinin mühafizə zonasında yerləşmir. Göründüyü kimi cavabdeh orqanın imtinasının əsasları yoxdur, etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan başqa onun yan qonşu cavabdehin qeyd etdiyi “mühafizə zonası”nda yerləşməyinə baxmayaraq qonşusuna 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsi ilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. "İnsan Hüquqlarının və X2 haqqında" Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" və "əmlak" anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. "X5rşı" məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ] müdafiə dairəsinə düşür. "Axverdiyev Azərbaycana qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 saylı torpaq sahəsinə faktiki ölçüdə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin və elektrik xəttinin mühafizə zonasında yerləşir. Təqdim edilmiş yerləşmə sxemi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 750 kv.m qeyd edilsə də, faktiki ölçü 560 kv.m təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciəti zamanı fərqli konfiqurasiyalı ərazi göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Ü.E.Rzayevə ünvanlanmış **********72 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsinin qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin yerləşmə cizgisində olan konfiqurasiya faktiki əraziyə uyğun deyil, qonşu ərazidə yerləşən torpaq sahəsi göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onuı orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Ü.E.Rzayevə ünvanlanmış **********94 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin və elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 750 kv.m qeyd edilsə də, faktiki ölçü 560 kv.m təşkil edir. Bundan əlavə, təqdim edilmiş yerləşmə sxemi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəf şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01/02/12-13/R-069/2632 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 100 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 31429-cu sahədə yerləşən torpaq sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12/2-2624/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin 30 avqust 1990-cı il tarixli, 15 saylı Qərarı Bakı Şəhər İcra Hakimiyyətinin Arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-08766/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin 30 avqust 1990-cı il tarixli, 15 saylı Qərarı Bakı Şəhər İcra Hakimiyyətinin Arxivinə təhvil verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 6940/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə vətəndaş İddiaçı adına olan Bakı Şəhər Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15 nömrəli qərarının təsdiqlənmiş kserosurəti təqdim edilmiş və həmin qərara əsas olmuş sənədlər əlavə edilməmişdir. Əzizbəyov Rayon X3 İcraiyyə Komitəsinin 15 saylı xx.xx.1990-cı il tarixli vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən Mərdəkan qəsəbəsi Yesenin küçəsi 27 №-li evdə yaşayan Əzizbəyov rayon DİŞ-nin mühafizə bölməsində sahə rəisi işləyən İddiaçı Mərdəkan qəsəbəsi 1429 №-li sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 118,3 kv.m, yaşayış sahəsi 66 kv.m olan təsdiq edilmiş 145-000-129c seriyalı layihə əsasında evin tikintisinin aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-3337/2024 **********337 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 3/429 saylı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Sorğu ilə əlaqədar olaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 3/429 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunur) təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 750,0 kv.m, faktiki olaraq 560,0 kv.m-dir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Yaşayış evi və həyət tikilisi mövcuddur (Kadastr: Göstərilən sahəyə ərizəçi tərəfindən **********, ********** nömrələri ilə fərqli nafiqurasiyalarda müraciətlər olmuş, imtina verilmişdir. Elektron kadastr məlumat bazasına əsasən sahə bütövlükdə qazer679009 kəmərinin mühafizəsində yerləşir. Koordinatların yazılı şəkildə təqdim edilməsi ilə bağlı müraciət edilmişdir. Torpaq sahəsinin koordinatları:

1. X = 427219,655; Y = 4479973,878;

2. X = 427199,949; Y = 4479993,770;

3. X = 427214,507; Y = 4480007,484;

4. X = 427234,213; Y = 4479987,592. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13- 13/2-1/16-1664/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 saylı torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14-2-2- 3/2-572/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/429 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olan torpaq sahəsinə (koordinatlar: 40.467477; 50.141233) əməkdaşlar tərəfindən xx.xx.2024cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin ərazi hüdudları daxilində “Azəriqaz” İByə məxsus qaz xətləri və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilmiş fərdi yaşayış evindən L=34-35 metr məsafə uzaqlıqda, o cümlədən həmin torpaq sahəsinin L=28 metr məsafə kənarından SOCAR “Qaz İxrac” İdarəsinin balans və istismarında olan 530 mm diametrlik yüksək təzyiqli, yerüstü qaz xətti keçir. A seriyalı 913644 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 119A saylı torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsi 0,053 ha-dır. Torpaq sahəsinin koordinatları:

1. X = 427313,3560; Y = 4479847,9900;

2. X = 427304,9942; Y = 4479856,8991;

3. X = 427331,9446; Y = 4479877,6528;

4. X = 427337,2144; Y = 4479875,9842;

5. X = 427338,3150; Y = 4479876,9550;

6. X = 427350,2027; Y = 4479872,9205;

7. X = 427349,1030; Y = 4479871,9660. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 119A saylı sahə X1 xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir).

II. İddianın növü və mümkünlüyü

İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4.-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1 hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4.dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 750,0 kv.m, faktiki olaraq 560,0 kv.m olmaqla iddiaçının mülkiyyətindədir. Əzizbəyov rayon XDS Əzizibəyov Rayon X3nin xx.xx.1990-cı il tarixli 5 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş sahəsi 0,0750 ha olan torpaq sahəsi iddiaçıya verilmiş və Xəzər Rayon İcra Hakimiyyəti Mərdəkan İƏD üzrə nümayəndəsi tərəfindən torpaq sahəsinin cizgisi verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsindən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; Cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd torpaq sahəsinin qaz xəttinin və elektrik xəttinin mühafizə zonasında yerləşməsini bildirsə də, torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşməməsi və onun ərazi hüdudları daxilində “Azəriqaz” İB-yə məxsus qaz xətləri və qaz avadanlıqlarının mövcud olmaması müəyyən edilmişdir. Beləlilklə, cavabdeh qurum tərəfindən təqdim edilən dəlillər məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçı tərəfindən torpaq sahəsinin cizgisi cavabdehə təqdim edildiyi halda mülkiyyət hüquqlarının qeydiyyatından və bu barədə çıxarışın verilməsindən cizginin mötəbərliyinə şübhənin olması (yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməməsi) əsası ilə imtinanın ağlabatan əsaslandırılması yoxdur. Belə ki, cavabdeh tərəfindən bildirilən (cizgi İH-nin Mərdəkan İƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmişdir) dəlil əsassız olmaqla həmin sənədin verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Əzizbəyov Rayon XDS İK-nin sözügedən qərarı ilə təsdiq edilmiş hüquqları onun maddi marağını təşkil edir və iddiaçının hüquqmüəyyənedici sənədləri ilə müəyyənləşdirilmiş torpaq sahəsinin faktiki istifadəsində olan 560,0 kv.m hissəsinə çıxarışın verilməsi üçün “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddiaçının marağına uyğun olaraq Əzizbəyov Rayon X3 İcraiyyə Komitəsinin 15 saylı xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/429 saylı sahəsi 0,0560 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Əzizbəyov Rayon X3 İcraiyyə Komitəsinin 15 saylı xx.xx.1990-cı il tarixli qərarı əsasında ayrılmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/429 saylı sahəsi 0,0560 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar