Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3319/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “şəxsi hesab vərəqəsində olan artıq ödəmənin iddiaçının hesabına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsində qalan 154 377,91 manat artıq ödəmənin iddiaçının hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi hesab vərəqəsində olan 449 748,17 manat məbləğində artıq ödəmə məbləğinin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması barədə rəyin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-54/2019 nömrəli qərarı ilə iddiaçı tərəfindən artıq ödənilmiş 449 748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-759/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək qərar qüvvədə saxlanmışdır. Daha sonra kassasiya icraatı üzrə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)- 1668/2020 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilir ki, işin təkzibolunmaz faktları ondan ibarətdir ki, iddiaçının 22 iyul 2019-cu il tarixinə vergilər üzrə dövlət büdcəsinə 449748,17 manat artıq ödənişi olmuş, bu tarixdən sonrakı müddət ərzində iddiaçının vergilər üzrə yaranmış olduğu yeni vergi öhdəliklərinin ödənilməsi hesabına cavabdeh tərəfindən iddiaçının razılığı olmadan 82973,36 manat məbləği 449748,17 manat artıq ödənilmiş məbləğindən silinmişdir. 22 iyul 2019-cu il tarixinə vergilər üzrə dövlət büdcəsinə 44748,17 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan həmin artıq ödəniş məbləğindən 82973,36 manat məbləğini iddiaçının yaranmış olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etmişdir ki, bu da qanunaziddir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1668/2020 saylı qərarına əsasən 449 748,17 manat məbləğin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli, **********732900 nömrəli rəy aidiyyəti üzrə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli məktubda cəmiyyətin xx.xx.2024-cü il tarixinə şəxsi hesab vərəqəsində mövcud olan 295.370,26 manat artıq ödənilmiş vəsait qədər qaytarılmasının təmin edildiyi, 154 377,91 manat vəsaitin geri qaytarılmasına isə şəxsi hesab vərəqəsində dəqiqləşmə aparıldıqdan və yeni rəy təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Qalan 154 377,91 manat artıq ödəmə ilə əlaqədar iddiaçı tərəfindən üçüncü şəxsə ərizə və şikayətlər göndərilmişdir. Üçüncü şəxsin 27 avqust 2024-cü il tarixli, 3-21-2-1 /2-H-5xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsində vergilər üzrə 82 344,51 manat məbləğində artıq ödəmə məbləği mövcuddur ki, həmin məbləğin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ərizə ilə müraciət olunduğu təqdirdə həmin məbləğin qaytarılması məsələsinə baxıla bilər. Eyni zamanda Maliyyə Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-23/2- 5086/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, mənfəət vergisi üzrə 449 748,17 manat vəsaitdən 295370,26 manat məbləğində səhvən artıq ödənilmiş vəsaitin iddiaçıya geri qaytarılmasının təmin edilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3454/2019 nömrəli qərarı ilə hazırkı iş üzrə iddiaçının üçüncü şəxsə qarşı iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən artıq ödənilmiş 449 748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-759/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 1668/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin imtina məktubunda göstərilmişdir ki, vergi orqanı tərəfindən 15 yanvar 2024cü il tarixli **********732900 nömrəli tərtib olunmuş rəyində göstərilən 449 748,17 manat vəsaitin iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 295 370,26 manat məbləğinin geri qaytarılması təmin edilmişdir. Geri qalan vəsaitin qaytarılması məsələsinə vergi orqanları tərəfindən şəxsi hesab vərəqəsində dəqiqləşmə aparıldıqdan və həmin məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarına uyğun yeni rəy tərtib olunduqdan sonra baxılacaqdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara əsasən, büdcəyə artıq ödənilmiş vergilər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların (vergi orqanının) rəyi əsasında maliyyə orqanı tərəfindən geri qaytarılır. Qaydaların 4.10-cu bəndinə uyğun olaraq vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən təqdim olunan sənədlərin siyahısına şəxsi vərəqədən çıxarışın surəti də əlavə olunur. Cavabdeh tərəfindən üçüncü şəxsin 15 yanvar 2024-cü il tarixli **********732900 nömrəli rəyi, Ali Məhkəmənin 5 avqust 2020-ci il tarixli 2-1 (102)-1668/2020 nömrəli qərarı əsasında mənfəət vergisi üzrə 449748,17 manat artıq ödənilmiş vəsaitdən vergi ödəyicisinin rəy tərtib olunan tarixə şəxsi hesab vərəqəsində qeyd olunan vəsait qədər, yəni 295370,26 manatının iddiaçıya geri qaytarılması təmin edilmişdir. Üçüncü şəxsin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, üçüncü şəxs məhkəmə qərarına əsasən iddiaçı tərəfindən artıq ödənilmiş 449 748,17 manat məbləğin geri qaytarılması üçün “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” **********732900 nömrəli rəy 2 nüsxədə cavabdehə göndərilmişdir. Bundan əlavə, məktubda qeyd olunan 82 344,51 manat artıq ödəmə ilə bağlı bildirilmişdir ki, həmin məbləğə artıq ödənilmiş 449 748,17 manat məbləğin geri qaytarılması barədə iddia tələbinə baxılan zaman məhkəmələr tərəfindən münasibət bildirilmiş, 82 344,51 manat məbləğ də iddia tələbinin tərkibində nəzərə alınmaqla, iddia tələbi 449 748,17 manat məbləğdə təmin edilmiş və yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində şəxsi hesab vərəqəsində artıq ödəmənin iddiaçının hesabına ödənilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. Bu səbəbdən məhkəmə hazırkı iddanı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur (15.1.4.). Vergi orqanları vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etməyə borcludur (24.1.4-1.). Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır (59.3.). Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir (85.5.). Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (87.1.). Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir (87.2.). Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır (87.3.). Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (87.4.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı şəxsi hesab vərəqəsində olan 449 748,17 manat məbləğində artıq ödəmə məbləğinin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması barədə rəyin verilməsi tələbi ilə üçüncü şəxsə müraciət etmişdir. Üçüncü şəxs bundan imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən artıq ödənilmiş 449 748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi üçüncü şəxsə həvalə edilmişdir. Bundan sonra üçüncü şəxs müvafiq məbləğin dövlət büdcəsindən qaytarılması ilə bağlı rəy vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir (1.1.). Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərətətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır (1.2.1.). Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir (2.1.). Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir (3.1.). Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər (4.9.). Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır (4.10.). Maliyyə orqanları, Dövlət Sosial Müdafiə Fondu, X1 və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər (5.1.). Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir (5.2.). Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Dövlət Sosial Müdafiə Fondu, X1 və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu Dövlət Sosial Müdafiə Fondu, X1 və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər (5.3.). Yuxarıda qeyd edilən “Qaydalar”dan görünür ki, vergi ödəyicilərinin artıq müraciətlərinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsindən geri qaytarılması haqqında rəy tərtib edilir və həmin rəy şəxsi hesab vərəqəsi ilə birlikdə Maliyyə Nazirliyinə göndərilir. Bunun əsasında isə vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vəsait büdcədən geri qaytarılır. Qeyd edilməlidir ki, “Qaydalar”da vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların rəyi ilə yanaşı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin də Maliyyə Nazirliyinə təqdim edilməsinin təsbit edilməsi onunla bağlıdır ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun dövlət büdcəsinə artıq ödəməsi öz əksini tapmalıdır. Məhz vergi ödəyicisinin şəxsi hesab vərəqəsi əsasında vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən rəy verilməli və artıq ödənilmiş vəsait geri qaytarılmalıdır. Hazırkı iş üzrə vəziyyət isə fərqlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının 449 748,17 manat məbləğində artıq ödəməsinin dövlət büdcəsindən geri qaytarılması bardə rəy verilməsi öhdəliyi üçüncü şəxsə həvalə edilmişdir. Bununla bağlı üçüncü şəxs rəy vermişdir. Lakin, rəy verildiyi vaxt artıq iddiaçının şəxsi hesab vərəqəsində 449 748,17 manat məbləğində artıq ödəmə mövcud olmamışdır. Belə ki, bu həmin artıq ödəmənin onun digər öhdəliklərinə silinməsi və ya digər səbəbdən baş verə bilər. Cavabdeh iddiaçının həmin vaxt şəxsi hesab vərəqəsində 295370,26 manat artıq ödəmə mövcud olması səbəbindən, həmin vəsaitin iddiaçıya qaytarılmasını təmin etmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında yerdə qalan 154377,91 manat artıq ödəmənin iddiaçının hansı borclarının ödənilməsinə yönəldildiyini əsaslandıra bilməmişdir. Belə ki, əgər həmin artıq ödəmə iddiaçının hansısa sonrakı vergi öhdəliklərinə aid edilərək silinmişdirsə, hazırkı iddianın təmin edilməsi iddiaçının əsassız varlanmasına səbəb ola bilər ki, bu yolverilməzdir. İddiaçı vergi orqanına müraciət edərək şəxsi hesab vərəqəsindən artıq ödəmənin nə ilə bağlı azaldıldığını araşdırmalı, həmin məbləği bərpa etdirməli və bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməli idi. Hazırkı vəziyyətdə isə iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “şəxsi hesab vərəqəsində artıq ödəmənin iddiaçının hesabına ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3319/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3319/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver