Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-332/2020 05.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 14 dekabr 2015-ci il tarixli, 2744 şh №-li əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmət keçmişdir. İddiaçı 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdən azad olunmuşdur. Qeyd edilməlidir ki, həmin vaxt İddiaçı hərbi xidmətdən azad olunması barədə şifahi məlumat verilmiş, əmək kitabçasının və əmrinin sürəti təqdim olunmamışdır. Bir müddət bundan əvvəl ona əmək kitabçası təqdim olunsa da, hərbi xidmətdən azad olunması barədə əmrin sürəti iddiaçıya təqdim olunmamışdır. Dəfələrlə iddiaçı hərbi xidmətdən azad olunması barədə əmrin sürətinin ona verilməsini tələb etsə də, əmrin surəti ona təqdim olunmamışdır. İddiaçı tərəfindən 27 avqust 2019-cu il tarixli 257/S saylı vəkil sorğusu ilə cavabdeh inzibati orqana müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdən azad olunması barədə əmrin surətinin təqdim olunması xahiş edildikdən sonra, 05.09.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 14 dekabr 2015-ci il tarixli 2744 şh №-li əmrindən çıxarışın surəti iddiaçıya təqdim olunmuşdur. Əmrin çıxarışının surəti ilə tanış olduqda məlum olmuşdur ki, Mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) AR Silahlı Qüvvələrinin ehtiyatına buraxılması və 15 dekabr 2019-cu il tarixdən şəxsi heyətin siyahısından çıxarılması, hərbi uçota götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilməsi qeyd olunmuşdur. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Milli Təhlükəsilik Nazirinin 11 dekabr 2015-ci il tarixli, 0288 №-li əmri qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 14 dekabr 2015-ci il tarixli, 2744 şh №-li əmri əsaslandırılmamış, Mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsanmanin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) AR Silahlı Qüvvələrinin ehtiyatına buraxılması qeyd olunsa da xidməti uyğunsuzluğun nədən ibarət olması, həmin əsasların mövcudluğunu sübut edən hər hansı dəlil göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq icraatının növbəti iclası 05 mart 2020-ci il tarixə saat 16:00-a təyin edilmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Bu səbəbdən ilkin olaraq iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 2015-ci il tarixə aid olsa da, həmin əmrin təqdim olunma tarixi 2019-cu ilə aiddir. Yəni iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, İnzibati Prosessual Məcəlləsinin normalarını rəhbər tutaraq, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Odur ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Ovçuyev iddia ərizəsinə verilmiş yazılı etiraz uyğun izahat verərək, məhkəmə iclasında 14 dekabr 2015-ci il tarixli, 2744 şh nömrəli əmrin surətini təqdim edərək, bildirmişdir ki, iddiaçı sözügedən əmrinin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, əmrin surətindən görünür ki, iddiaçıya Silahlı Qüvvələrin ehtiyatına buraxılması və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (01 gün) nəzərə alınmaqla 15 dekabr 2015-ci il tarixdən şəxsi heyətin sıyahısından çıxarılması və hərbi uçota götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilməsi əmr edilmişdir. Göründüyü kimi, iddiaçı ən azı hərbi uçota göndərildikdə, eləcə də növbəti gün işə gəlmədikdə, artıq onun işdən azad edildiyindən xəbərdar olmuşdur. Bu səbəbdən, iddiaçının irəli sürdüyü iddia tələbi, prosessual müddət ötürülməklə verildiyindən, iddia ərizəsi mümkünsüz sayılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 14 dekabr 2015-ci il tarixli, 2744 şh saylı Əmrinin Surətindən görünür ki, Nazirliyin Sərəncamında olan mayor İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (01 gün) nəzərə alınmaqla 15 dekabr 2015-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılması, hərbi uçota götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilməsi; Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 17.10.2005-ci il tarixli 0578 nömrəli əmrinə müvafiq olaraq, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə mayor İddiaçı 2015-ci il yanvarın 01-dən dekabrın 15-dək hərbi xidmət üçün nəzərdə tutulan birdəfələrik pul mükafatının verilməməsi əmr edilmişdir. İş materiallarında olan 27 avqust 2019-cu il tarixli, 257/S saylı vəkil sorğusundan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu ilə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdən azad olunması barədə əmrin surətinin təqdim olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 04 sentyabr 2019-cu il tarixli, 12/36/8255- 05.09.2019 saylı məktubundan görünür ki, 27.08.2019-cu il tarixli 257/S nömrəli məktuba cavab olaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı ehtiyatda olan mayor İddiaçı hərbi xidmətdən tərxis olunması barədə əmrin surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ünvanına göndərilmişdir. İşin mübahisələndirilən halı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilmiş 14 dekabr 2015-ci il tarixli, 2744 şh nömrəli əmrin ləğvi ilə bağlıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 14.12.2015-ci il tarixli, 2744 şh saylı əmrini 30.09.2019-cu il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən əmr 2015-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Sözügedən əmr yalnız vəkil sorğusundan sonra iddiaçıya təqdim olunmuş və iddiaçı həmin əmri mübahisələndirmişdir. Lakin mübahisə predmetini təşkil edən əmrin iddiaçıya 2019-cu ildə təqdim olunması, iddiaçının 4 il müddətində həmin əmrdən məlumatlı olmadığı kimi qiymətləndirilməməlidir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Şərh edilən maddənin normasından görünür ki, hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma barədə əmrlər hərbi hissə komandirləri tərəfindən elan olunur. Hazırki mübahisə predmetini təşkil edən əmrin 14 dekabr 2015-ci il tarixə aid olduğunu nəzərə aldıqda məlum olur ki, həmin əmr hərbi hissə komandiri tərəfindən elan olunmuş olunur. Bundan başqa, Məhkəmə bir məqamıda vurğulamaq istəyir ki, iddiaçı barəsində qəbul edilmiş 14 dekabr 2015-ci il tarixli əmr – hərbi quluqçunun ehtiyatı buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən 14 dekabr 2015-ci il tarixli əmrdən xəbərdar olduğu təqdirdə, o həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Əmrin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-332/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-332/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver