Məhkəmə qərarları › İş №2-1(112)-3320/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3320/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3320/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək ona ünvanlanmış 3-17-1/2- Ə-239649/20023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" İB-nin Texnoloji Komplektləşdirmə İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı sözügedən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" İB-nin Texnoloji Komplektləşdirmə İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Buna görə də həmin dövrü onun iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-239649/20023 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinə kimi olan dövr ərzində "xxxx" X3 Komplekləşdirmə İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı hesab edilməsi və xx.xx.2021-ci il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona hüququnun yarandığı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixində anadan olmuşdur. xx.xx.2021-ci il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 06 aydan çox güzəştli iş stajı olduğuna görə ona 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə bütün tələb olunan sənədləri təqdim etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarxli 3-17-1/2-Ə-239649/20023 saylı cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İnzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtinasını xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" X3 Komplekləşdirmə İdarəsinin dövlət qeydiyyatindan keçməsi barədə məlumatın olmadığı ilə əsaslandırır. X4 İdarəsi "xxxx" İstehsalat Birliyinin tabeliyində olduğu üçün onun dövlət qeydiyyatından keçməməsi mümkün olan haldır. Əsas olan "xxxx" İstehsalat Birliyinin dövlət qeydiyyatında olmasıdır. Çünki "xxxx" X3 Komplekləşdirmə İdarəsi İB-nin tabeliyində olduğuna görə hesabatlarını İstehsalat Birliyinə də verə bilərdi. Cavabdeh "xxxx" İstehsalat Birliyinin dövlət qeydiyyatında olub olmadığını və tabeliyində olan Texnoloji Komplekləşdirmə İdarəsinin hesabatlarını İstehsalat Birliyinə verib-verməməsini araşdırmadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. İkincisi, "xxxx" X3 Komplekləşdirmə İdarəsinin dövlət qeydiyyatından keçib-keçməməsinin günahkarı o deyil. O həmin müəssisənin rəhbəri olmamışdır ki, bu gün də ona görə əziyyət çəksin. O, xx.xx.1996-cı il tarixli 94/k saylı əmrlə "xxxx" X3 Komplekləşdirmə İdarəsinə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.1999-cu il tarixli 159/k saylı əmrlə işdən azad olmuşdur. Bu qeydlər də onun adına açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. "xxxx" İstehsalat Birliyinin dövlət qeydiyyatından keçməsi faktı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8506/2022 saylı qərarı ilə müəyyən edilmişdir. Qərarda qeyd edilir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reystrində hüquqi ünvanı ünvan 1rigiya Dövlət Şrkətinin "xxxx" İstehsalat Birliyinin xx.xx.1994-cü il tarixində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Məhkəmənin Əmlak Məsələləri Dövlət Xidmətinə sorğusuna cavab olaraq bildirilmişdir ki, "xxxx" İstehsalat Birliyininin bazasında "xxxx" ASC yaradılıb və 08.06. 2004-cü il tarixində özəlləşdirmə prosesi başa çatmışır. Məhkəmənin Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilmişdir ki, "xxxx" İstehsalat Birliyi (sonradan "xxxx" ASC) xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikasının ststistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı Ə.X5 təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" İB-nin Texnoloji Koplekləşdirmə İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" İB-nin Texnoloji Koplekləşdirmə İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Buna görə də həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay 19 gün) təşkil edir, 10 il 2 ay 19 gün - xx.xx.1981-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1982-ci il; xx.xx.1984-xx.xx.1990-cı il; xx.xx.1990-xx.xx.1994-cü il. Göründüyü kimi qanunla tələb olunan şərt ödənilmir. Əlavə olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğular göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Tərəflərin əsalandırması Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏPQ-nin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.1961-ci il tarixdə tamam olmuş, xx.xx.2022-ci il tarixə 60 yaş 6 ayı olmuşdur. Deməli, iddiaçı xx.xx.2022-ci il tarixə yaş tələbini ödəmişdir. İİ tələb üzrə: İddiaçıya aid H3 №5288352 nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1981-ci illərdə 19 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdə Armatur sexinə 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə Sovet ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir. 1982-1984-cü illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Bakı Baş Tikinti İM 11 nömrəli trestinin 8 nömrəli X6 zavodunda Armatur sexinə 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə ona 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı dərəcəsi, xx.xx.1986-cı il tarixdə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı dərəcəsi verilmişdir. xx.xx.1995-ci il tarixdə Zavod 8 saylı DBM “İcarə müəssisəsi” adlandırılmış, xx.xx.2000-ci il tarixdə Zavod Dövlət Əmlakı Nazirliyinin sərəncamına qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə Zavod "xxxx" X7 Cəmiyyətinə çevrilmiş, iddiaçı xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdə “Vüqar” kiçik müəssisəsi Avtomaşın yağlayıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdə X1 Hava limanı-4 yol sahəsinə 2-ci dərəcəli fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. İddiaçının ИТ-İ № ******* nömrəli əmək kitabçasından isə görünür ki, iddiaçı xx.xx.1996-cı ildə "xxxx" X2 Texnoloji Komplektləşdirmə İdarəsinin mexaniki emal sexinə elektrik qaynaqçısı (əl ilə) qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçıya məxsus fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2009-cu ildə fərdi sahibkar kimi vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. İşdə olan "xxxx" X7 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə 8 saylı X6 zavoduna (indiki "Bakı Dəmir Beton- 8” ASC-yə) Armatur sexinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr 94/k, 08.08.84). xx.xx.1994-cü il tarixdən davamlı olaraq xx.xx.1996-cı il tarixinə qədər ödənişsiz məzuniyyətlərdə olmuşdur (əmr 134/k, 01.06.94; 236/k, 87k/a, 93/k, 109/k, 114/k, 01a/k, 01.01.96) 1996-2003-cü illər ərzində sabiq işçi haqqdında heç bir rəsmi məlumat yoxdur. xx.xx.2003-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2"a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 108/k, xx.xx.2003). İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan BBTİ 8 saylı X6 zavodunun natamam arxiv sənədlərinin əmr kitablarında 1961-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1981-ci il tarixli. 77/k saylı əmrlə Texniki Peşə məktəbini bitirdikdən sonra xx.xx.1981-ci il tarixdən 3-cü dərəcəli el. qazqaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1982-ci il tarixli, 26/k saylı əmrlə xx.xx.1982-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması və 1981, 1982, 1984-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1984cü ilən sonrakı dövr üçün arxiv sənədləri və 1984-cü ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli xidməti məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 14 il 2 ay ümumi sığorta stajı vardır. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə görə Qqanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 23.2-cü maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, istinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 19 il 0 ay 15 gün, xx.xx.2006-cı il tarixdən sonra isə xx.xx.2022-ci il tarixdə 11 ildən artıq ümumi iş stajı olmuşdur ki, bu da onun xx.xx.2022-ci il tarixə tələb olunan 25 ildən artıq - 30 ildən çox ümumi iş stajının olduğunu təsdiq edir (üst-üstə düşən dövrlərdən yalnız biri nəzərə alınmaqla). İşdən görünür ki, cavabdeh də iddiaçının ümumi iş stajının 25 ildən çox olmasını qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci şərti də ödəmişdir. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35.Ümumi peşələr - əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" X7 Cəmiyyətinin arayışından görünür ki, iddiaçının armatur sexində işlədiyi elektrik qaynaqçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bəndinə uyğundur. Cavabdehin imtina məktubundan, məhkəməyə təqdim etdiyi yazılı etirazından da görünür ki, o iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmasını mübahisələndirməmiş, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövrləri güzəştli iş stajı kimi qəbul edərək həmin dövrün qanunla tələb olunan 12 il 6 aydan az, 10 il 2 ay 19 gün təşkil etdiyini bildirmişdir. Görünüyü kimi, cavabdeh bununla iddiaçının iddiaçının xx.xx.1996-xx.xx.1999-cu illərdə "xxxx" X2 Texnoloji Komplektləşdirmə İdarəsinin mexaniki emal sexində elektrik qaynaqçısı (əl ilə) işlədiyi dövrü, ümumiyyətlə, qəbul etməyərək həmçinin güzəştli iş stajına daxil etməmiş, bu halı "xxxx" İB-nin Texnoloji Komplektləşdirmə İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı ilə əsaslandırmışdır. Halbuki işdə olan "xxxx" X2 Texnoloji Komplektləşdirmə İdarəsinin nizamnaməsindən görünür ki, İdarə "xxxx" trestinin tərkibində Azərbaycan SSR Nazirlər Sovetinin 442r nömrəli xx.xx.1985-ci il tarixli sərəncamı ilə yardılmış, xx.xx.1993-cü il tarixinə qədər trestin tərkibində fəaliyyət göstərmiş, Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin 10 nömrəli xx.xx.1993-cü il tarixli əmri ilə trestin bazasında "xxxx" İstehsalat Birliyi yaradılmış, İB-nin 37 nömrəli xx.xx.1993-cü il tarixli əmri ilə İdarə İB-nin tərkibinə daxil edilmiş və xx.xx.1993-cü il tarixindən fəaliyyətini davam etdirmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, mübahisəəndirilən qeydlər bu tələblərə cavab vermiş, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, əmək kitabçasında aparılan bu qeydlər ardıcıl olmuş, hər hansı düzəliş edilməmiş, mötəbərliyini şübhə altına alan hər hansı bir əsas olmamışdır. Xüsusilə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)-344/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2760/2022 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1307/2022 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1346/2022 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1977/2022 nömrəli; qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdırsa iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi, iddiaçıya müəyyən aylar üzrə əmək haqqının ödənilməsinin müəyyən edilməməsi və müəssisənin fəaliyyətinin müəyyən edilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil, lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Hazırkı iş materiallarından isə müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı qeydləri mübahisələndirərkən həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutlar təqdim etməmiş, istinad etdiyi dəlil isə məhkəmə araşdırması nəticəsində təkzib olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabehin həmin dövrü iddiaçının ümumi, o cümlədən güzəştli iş stajına daxil etməməsi qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı cavabdehin qəbul etdiyi 10 il 2 ay 19 gün və qəbul etmədiyi 3 il 6 ay 10 gün olmaqla, ümumilikdə, 13 il 8 ay 29 gün təşkil edir ki, bu da qanunla tələb olunan 12 il 6 aydan çoxdur. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyə əsasən ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir (iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan ƏPQ-yə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də tələb olunduğundan, iddiaçının isə həmin tarixə tələb olunan 40800 manat minimum pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ həmin tələbin çıxarılması ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik tarixindən, yəni xx.xx.2022-ci il tarixdən yaranır). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququn yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar