Məhkəmə qərarları › İş №2-1(112)-3321/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3321/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3321/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “Prezident təqaüdünün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra mətndə DSMF Bakı şəhəri Nizami rayon şöbəsi) qarşı “Prezident təqaüdünün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və sonuncunun üzərinə xx.xx.2019-cu ildən verilən Prezident təqaüdünə görə ödənilən təqaüdün xx.xx.2008-ci ildən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik almış, həmin tarixdən də müharibə əlili kimi Prezident təqaüdü alır. Cavabdeh orqana ərizə ilə müraciət edib ona ödənilməli olan təqaüdün təsis edildiyi tarixdən, yəni xx.xx.2008-ci ildən hesablanmasını xahiş etsə də, bu barədə ərizəsi təmin edilməmişdir, hesab edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehin imtinasının hüquqi əsasları yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsi məhkəməyə göndərdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin təqaüd qanun qüvvəyə mindikdən sonra onu almaq hüququ yaranan gündən təyin edilir və ödənilir. Təqaüdü almaq hüququnun yaranması tarixi Tibbi Sosial Ekspert Komissiyasının təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi əlaqədar olduğunu göstərən xx.xx.2019-cu il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. Ona görə də iddianın aidiyyatı üzrə TSEK-ə qarşı yönləndirilməsi xahiş edilmişdir. Daha sonra cavabdeh iddiaya dair yazılı etirazına əlavə verərək, qeyd etmişdir ki, iddia tələbi tam əsassızdır, məhkəmə tərəfindən təmin edilməməlidir. AR ƏƏSMN TSEK-in xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. DSMF-nin Nizami rayon şöbəsinin Sosial müavinətin təyinatı üzrə xx.xx.2019-cu il tarixli, 1056 saylı qərarına əsasən, iddiaçıya 230 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Bundan əlavə, cavabdehin imtinasının qanuni və əsaslı olması həmçinin onunla sübut edilir ki, TSEK-in xx.xx.2019-cu il tarixli qərarı ilə əlillik səbəbi – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla 5 il müddətinə İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentin xx.xx.2008-ci il tarixli 823 saylı Fərmanının 1.2-ci bəndinə uyğun olaraq 230 manat məbləğində aylıq Prezident təqaüdü təyin edilmişdir. Göründüyü kimi iddiaçının AR-nın müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlilliyə görə Prezident təqaüdü almaq hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır və bu hüququnun qüvvəsi geriyə şamil oluna bilməz. Bu səbəblərdən də iddiaçıya adı çəkilən Fərmanın qüvvəyə mindiyi vaxtdan təqaüdün hesablanaraq ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-X2 iddia tələbinə etiraz edərək və iddiaya qarşı yazılı etirazlarına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildə Ağdam rayonu, Əhmədavar kəndində doğulmuş, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatdadır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 28 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 121 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı məcburi köçkün kimi həmin MKİS-nin ərazisində M.Abbasov küçəsində 23 saylı evdə məskunlaşmışdır. AA seriyalı 274193 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, qeyd olunan vəsiqə Dövlətqaçqınkom tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin 18 saylı Zona TSEK-nin xx.xx.2008-ci il tarixli TSE seriyalı 557605 nömrəli müayinə aktından çıxarışın kötüyünün notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən ümumi əsaslarla ikinci qrup ömürlük əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixdən qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(13)-1535/2018 saylı qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş və onun 1992-ci ilin fevral ayının sonundan xx xxxxx 1993-cü il tarixə qədər Milli Ordu sıralarında N () saylı hərbi hissədə hərbi xidmət keçməsi və xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1164 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli 16/2215 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vət. İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu yaralanma, travma-diaqnoz: “Bel nahiyəsini dəlib keçən qəlpə yarası. Sağ tərəfli 12-ci qabırğanın sınığı” və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Azərbaycan Dəmir Yol Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi-diaqnoz: “Sağ bel nahiyəsinin dəlib keçən qəlpə yarası. 12-ci qabırğanın sınığı. Laparasentezdən sonrakı vəziyyət”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-nin xx.xx.2019-cu il tarixli 0082003AADF1 saylı müayinə sənədinə əsasən iddiaçı həmin tarixdə sonuncu müayinədən keçirilmiş, ona “boyun və gövdənin digər dəqiqləşdirilmiş travmalarının nəticələri, onurğanın bel nahiyəsinin dəlib keçən qəlpə yarası, sinir köklərinin zədələnməsi ilə Posttravmatik osteoxandrozu, daimi ağrı sindromu, beldən aşğı hissənin və çanaq oynaqlarının kapsul-bağ aparatının çıxıqları, gərilməsi və zədələnməsi, aşağı ətrafların paraparezi, bel-oma radikulopatiyası, mielopatiya” diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edlmişdir. 035909 nömrəli İİ dərəcəli əlillik haqqında vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan vəsiqə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhər Nizami rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin surətlərində olan iddiaçının xx.xx.2019-cu il tarixli **********9 saylı ərizəsinə əsasən DSMF-nin Nizami rayon şöbəsinin Sosial müavinətin təyinatı üzrə 1056 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçıya 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən məbləği 230 manat olmaqla aylıq müavinət təyin edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana olan müraciətinə cavab olaraq, DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 sentyabr tarixli Fərmanına əsasən, həmin təqaüd qanun qüvvəyə mindikdən sonra onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. Təqaüdü almaq hüququnun yaranması tarixi TSEK-in təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu göstərən xx.xx.2019cu il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. ““Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: İşin hallarına görə iddiaçıya əvvəllər səbəbi “ümumi” qeyd edilməklə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonrakı illərdə də əlilliklə bağlı aktlarda iddiaçının əlilliyinin səbəbi “ümumi” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2018-ci il tarixli 1164 nömrəli qərarı ilə iddiaçının aldığı xəstəliyin hərbi xidmət dövründə alınması göstərilmiş, bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinə zamanı əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması qeyd edilmiş və iddiaçıya xx xxxxxx 2019-cu il tarixli qərarla xx.xx.2019-cu il tarixdən Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməyə başlanmışdır. İddiaçı isə hesab edir ki, ona Prezident təqaüdü Fərman verildiyi Sentyabr 2008-ci il tarixdən ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-cİ maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İddiaçıya xx xxxxxxx 2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş“Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 36 nömrəli qərarı ilə (xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olmuş)“Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2- ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. Hər bir halda əlilliyin səbəbli əlaqəsi ilə bağlı əvvəllər iddiaçının mübahisə açmasından asılı olmayaraq həmin aktlar qüvvədə olmuş və ləğv edilməmiş, dəyişdirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-cİ maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi xx xxxxxxx 2019-cu il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 36 nömrəli (xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olmuş) qərarı ilətəsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-ci ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1 .4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26-ci bənd). İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilir. İddiaçıya hazırkı məzmunda-“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 2019-cu il 24 oktyabr tarixdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs-müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.1). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir (3.4.). Həmin Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir. İddiaçının xəstəliyi “hərbi xidmət dövrü ilə əlaqədar” alması mərkəzi hərbi həkim komissiyasının qərarının qəbul edildiyi xx xxxx 2018-ci il tarixdən müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı əvvəllər əlilliyin səbəbinin “ümumi” xəstəlik olmaqla İİ qrup əlil kimi inzibati orqanlar tərəfindən qəbul edilən inzibati aktı ilk dəfə 2018-ci ildən mübahisələndirməyə başlamış və yalnız bu tarixdən sonra əlilliyin səbəb əlaqəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin tarixdən əvvəl əlilliyin səbəb əlaqəsinə dair mübahisə açması ilə bağlı aidiyyəti inzibati orqana, onun hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə müraciət etməsinə dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən həmin tarixdən əvvəlki dövr üzrə iddiaçıya Prezident təqaüdü təyin edilməsi barədə iddia əsaslı hesab edilə bilməz. Bəhs olunanlara əsasən iddiaçının əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması xx xxxx 2018-ci il tarixdən müəyyən edilsə də, ona Prezident təqaüdü xx.xx.2019-cu il tarixdən təyin edildiyindən, iddia xx xxxx 2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddət üçün Prezident təqaüdünün ödənilməsi hissəsində əsaslı hesab edilməlidir. xx.xx.2018-ci il tarixə qədər iddiaçının əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması barədə qüvvədə olan inzibati akt olmadığından və həmin tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi olmasına dair qüvvədə olan aktlar olduğundan, həmin dövrlə bağlı iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki dövrlər üçün “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi öhdəliyi cavabdeh DSMFnin Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün hesablanıb, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar