Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3321/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı (İddiaçı) 9 fevral 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. O, 27 aprel 2018-ci il tarixədək DSX rəisinin sərəncamında olmaqla Bakı Beynəlxalq Aeroportunda “Nəzarətçi” kursunu keçmişdir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndi ilə xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri aylıq maaşlara üstəlik verilən pul təminatı növü kimi təsdiq edilmişdir. Lakin 28 aprel 2018-ci il tarixdə zabit-nəzarətçi vəzifəsinə təyin olunmaqla xidmətimi davam etdirmək üçün onun X7 Məntəqəsinə göndərilməyinə və elə həmin tarixdən Biləsuvar rayonuna köçməyinə baxmayaraq, xidməti yerdəyişməyə görə yol xərci müavinəti ona ödənilməmişdir. 23 aprel 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə müraciət edərək ona ödənilməli olan, lakin ödənilməmiş bütün ödənişlərin ödənilməsini xahiş etmişdir. Bu məktuba cavab olaraq, 13 may 2020-ci il tarixdə ona 10/68 nömrəli məktubla yerdəyişmə müavinətinin ödənilməsi üçün Sərhəd Nəzarətinə müraciət etməli olduğunu bildirmişlər. 16 iyun 2020-ci il tarixdə o, Sərhəd Nəzarətinə yerdəyişmə müavinətinin ödənilməsi üçün müraciət etmişdir. X11 tərəfindən 7 sentyabr 2020-ci il tarixli 33/232/c-845 nömrəli məktubla ödənişdən imtina edilməsi barədə cavab verilmişdir. Həmin məktubda «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında» Əsasnaməyə istinad edilmiş və qeyd edilmişdir ki, hərbi qulluqçuların vəzifəyə təyin olunmaları ilə əlaqədar xidməti yerləri dəyişdirildikdə xidməti yerdəyişməyə görə yol xərci müavinəti ödənilir. Sərhəd Nəzarəti rəhbərliyinin istinad etdiyi Əsasnamənin müvafiq bəndində göstərilmiş kateqoriyaya onun da aid olmağını hərbi biletindəki qeydlər təsdiq edir. 15 oktyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə yenidən müraciət edərək Sərhəd Nəzarəti tərəfindən verilmiş imtina cavabı ilə hərbi biletdə olan məlumatların uyğun olmadığını, imtina cavabının əsassız olduğunu bildirdi və “xidməti yerdəyişməyə görə yol xərci müavinəti” ödənişinin ona ödənilməsini xahiş etmişdir. Ona 9 noyabr 2020-ci il tarixdə 10/133 nömrəli məktubla cavab verilərək ödəniş edilməsindən imtina olunduğu bildirilmişdir. Dövlət Sərhəd Xidmətinin verdiyi imtina cavabı tam əsassız hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən “xidməti yerdəyişməyə görə yol xərci müavinəti” ödənişinin qanunvericiliyə uyğun şəkildə hesablayıb, birdəfəlik ödəmək öhdəliyinin cavabdeh AR Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR Dövlət Sərhəd Xidmətinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar qeyd olunur: - Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı 9 fevral 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmətə qəbul olunaraq Sərhəd Nəzarətində təşkil olunmuş «Nəzarətçi heyətinin hazırlığı» kursuna cəlb edilmişdir. «Nəzarətçi heyətinin hazırlığı» kursunu bitirdikdən sonra xidmətini davam etdirmək üçün 3 may 2018-ci il tarixdə «Biləsuvar» X4, sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur. 18 avqust 2018-ci il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir. Baş leytenant İddiaçı 1 noyabr 2019-cu il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»sinin (Yol təminatı. Xidməti yerdəyişməyə görə yol xərci müavinəti) 6.1-ci maddəsinə əsasən hərbi qulluqçuların (müddətli hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişilməsi ilə əlaqədar xidməti yerləri dəyişildikdə (faktiki olaraq hərbi hissənin və ya bölmənin daimi yaşayış məntəqəsindən başqasına keçməklə və yaşayış yerini dəyişməklə) yol xərci müavinəti ödənilir. İddiaçı xidmət etdiyi dövr ərzində yalnız «Biləsuvar» X3 xidmət etmiş və xidməti yerdəyişmə etmədiyindən ona heç bir ödəniş edilməmişdir. Bununla da yuxarıda göstərilənlərə əsasən iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiası əsassız hesab edilir. Qeyd olunanları və AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq, İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və məhkəməyə aşağıdakı məzmunda yazılı müraciət (məhkəmə çıxışı) təqdim etdi: - Onun (iddiaçının) iddiasının əsasını hərbi bileti, Sərhəd Nəzarəti rəisinin 047 nömrəli nizami hissə üzrə əmrindən çıxarışı (əsas: DSX rəisinin 167 ş/h nömrəli əmri), Sərhəd Nəzarəti rəisinin 0123 nömrəli nizami hissə üzrə əmrindən çıxarışı (əsas: DSX rəisinin 618 ş/h nömrəli əmri) təşkil edir. Həmin sənədlər onun «vəzifəyə təyin olunmaqla» Bakı Beynəlxalq Aeroportundan X7 Məntəqəsinə (100 km-dən artıq məsafəyə) xidmət yerinin dəyişdirildiyini sübut edir. İddianın hüquqi əsasını isə «Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının pul təminatı haqqında» Əsasnamə və Müdafiə Nazirinin 220 saylı qərarı təşkil edir. Belə ki, hər iki sənəddə birmənalı olaraq «hərbi qulluqçuların vəzifələrə təyin olunmaqları ilə əlaqədər xidməti yerləri dəyişildikdə onlara xidməti yerdəyişməyə görə yol xərci müavinəti ödənilir» və «100 km və daha artıq köçənlərə aylıq vəzifə və hərbi rütbə maaşının 1 misli miqdarında yol xərci müavinəti ödənilir» cümlələri mövcuddur. Əlavə olaraq qeyd edilir ki, iş materiallarına əlavə edilən əmrdən çıxarışların əslini əldə etmək mümkün olmadığından, icraatda olan digər inzibati iş materiallarından əldə olunan surətlərini məhkəməyə təqdim edir. Bu sənədlərin mövcudluğunu cavabdeh tərəfin nümayəndələri də təkzib etməmişdir. Həmçinin zəruri halda məhkəmə həmin sənədləri icraatda Bakı İnzibati Məhkəməsində icraatda olan e-2-1(112)-1317/2021 nömrəli işdən əldə edə bilər. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X1 Sənan Əlövsət oğlu iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədilər və iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» AR Qanununun 3-cü maddəsinə görə Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinə görə hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən . . xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri. Qərarın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 9 fevral 2018-ci il tarixdə AR Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xiudmətə qəbul olunaraq Xidmətin Sərhəd Nəzarətində təşkil olunmuş müvafiq kursa cəlb edilmiş və 3 may 2018-ci il tarixdə “Biləsuvar” X4 sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə onun həmin kusu başa vurduqdan sonra “Biləsvar” X4 zabit nəzarətçi vəzifəsinə təyin olunması xidməti yerdəyişmə kimi deyil, ilkin təyinat qismində qiymətləndirilməlidir. Odur ki, İddiaçı cavabdeh inzibati orqan AR Dövlət Sərhəd Xidmətindən həmin təyinatla əlaqədar “xidməti yerdəyişmə üzrə yol xərci”ni tələb etməkdə haqlı sayılmır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan AR Dövlət Sərhəd Xidmətinin iddiaçıya “xidməti yerdəyiçməyə görə yol xərcinin ödənilməsi”ndən imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3321/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3321/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver