Məhkəmə qərarları › İş №2-1(112)-3321/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3321/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3321/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 12 may 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən xx.xx.1986-cı ildən əmək fəaliyətinə başlamış, daha sonra 1982-1984cü il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmiş, hərbi xidmətini bitirdikdən sonra əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyəti “Dəmiryol nəqliyyatı,dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər ” siyahısına uyğun olan sahəyə aiddir. Belə ki, hal-hazırda Heydər Əliyev adına X1 “teplovoz maşinisti” vəzifəsində işləyir. Əmək fəaliyyətinin vəzifə sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 21 “Nəqliyyat bölməsinin, Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin, 21.4-cü yarımbəndinə əsasən “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifəsi, zərərli əmək şəraiti hesab edilir. Hal-hazırda 60 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də xx.xx.2023-cü il tarixində cavabdeh müraciətinə “işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olmaması səbəbindən rəsmi qaydada imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 21 “Nəqliyyat bölməsinin, Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin, 21.4-cü yarımbəndinə əsasən teplovoz maşinisti vəzifəsi, zərərli əmək şəraiti hesab edilir. İşlədiyi müəssisənin fəaliyyət sahəsi zərərli iş şəraiti olmaqla Heydər Əliyev adına X1 fəaliyyət göstərir və iddiaçı da həmin müəssədə teplovoz maşinisti vəzifəsində zərərli əmək fəaliyyəti ilə məşğul olur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, qanunvericiliklə tələb olunan güzəştli iş stajının kifayət qədər mövcud olmaması səbəbindən iddiaçıya əmək pensiyasının təyin edilməsini mümkün hesab edilməmişdir. Etirazda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Heydər Əliyev adına X2 xx.xx.2024-cü il tarixli 14-2-7/2-196/2024 nömrəli arayışında xx.xx.2005-ci il tarixdən bu günədək teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan Nəqliyyat sahəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur; -xx.xx.1986-cı il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.2002ci il tarixədək ildə V.İ.Lenin adına Toxuculuq Kombinatında teplovoz maşinist köməkçisi (kombinatın adı xx.xx.1994-cü ildə H.Z.Tağıyev adına BTB-yi adlandırılmışdır), xx.xx.2002ci ildən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolları İdarəsində teplovoz maşınist köməkçisi dublyor, sərbəst maşınist köməkçisi, xx.xx.2006-cı ildən xx.xx.2015-ci il tarixədək ARDNŞ X2 15 saylı sexində 6-cı dərəcəli teplovoz maşınisti, sərbəst maşınist köməkçisi, 13 mart 2015-ci ildə H.Əliyev adına NEZ da Dəmiryolu istismarı üzrə 15 nömrəli sahəyə 6-cı dərəcəli teplovoz maşınist vəzifəsinə işə qəbul edilmiş və halhazıradək həmin vəzifədə əmək fəaliyyəti ilə məşğul olur. -SOCAR Heydər Əliyev adına X5 tərəfindən iddiaçıya verilmiş zərərli iş şəraiti haqqında 31 may 2024-cü il tarixli, 14-2-7/2-196/2024 nömrəli arayışdan görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə zərərli peşədə çalışmışdır: xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixədək 15 nömrəli sexdə teplovoz maşinisti, (Əmr № 75/şh.xx.xx.2006). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23001000-14241, XXVİİİ bölmənin 1-ci yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının “21.4. Nəqliyyat” bölməsi; xx.xx.2008-ci ildən xx.xx.2014-cü il tarixədək 15 nömrəli sexdə dəmir yolu təsərrüfatı, teplovoz maşinisti, (Əmr № 106k.xx.xx.2008). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının “21.4. Nəqliyyat” bölməsi; xx.xx.2014-cü ildən xx.xx.2014-cü il tarixədək 15 nömrəli sexdə dəmir yolu təsərrüfatı, teplovoz maşinisti, (Əmr № 63-i xx.xx.2014). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının “21.4. Nəqliyyat” bölməsi; xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək 15 nömrəli sexdə dəmir yolu təsərrüfatı, teplovoz maşinisti, (Əmr № 366k.xx.xx.2014). -xx.xx.2015-ci ildən hal-hazıradək 15 nömrəli sahədə teplovoz maşinisti, (Əmr № SOCAR/15-1700/0-04-000321.xx.xx.2015). Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdehin əsas dəlili iddiaçının işlədiyi 2005-ci ildən bu günədək 15 nömrəli sexdə teplovoz maşınisti vəzifəsində işlədiyi SOCAR Heydər Əliyev adına X2 fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan Nəqliyyat sahəsinə aid olmamasıdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məsələ müxtəlif iqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz maşınisti işləmiş şəxslərin peşələrinin iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən siyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması dövründə zavodun fəaliyyət istiqamətləri (fəaliyyət sahələri) barədə, iddiaçının işlədiyi 15 nömrəli sexinin gördüyü işlər barədə məlumat verilməsi üçün SOCAR Heydər Əliyev adına X4 sorğu göndərilmişdir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı Ağaverdi oğlunun işlədiyi Dəmiryolunun istismarı üzrə 15 nömrəli sahənin teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23001000-18726, XXVİİİ bölmənin 1-ci yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının “21.4. Nəqliyyat bölməsi” ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İddiaçı işlədiyi Dəmiryolunun istismarı üzrə 15 nömrəlii sahənin vəzifəsi - NEZ-in bütün istehsalat sahələrinin texniki cəhətdən saz vəziyyətdə olan NEZ-in balansında olan dəmiryoluna və dəmiryol qurğularına, lokomotivlərə texniki xidmət göstərilməsini, sahənin balansında olan teplovozlarla hazır məhsul yüklənmiş vaqonların dəmiryol stansiyasına aparılmasını təşkil etməkdir. Sahənin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün sahə aşağıdakı funksiyaları yerinə yetirir: -Dəmiryolunun istismarı üzrə sahə öz fəaliyyətini NEZ rəhbərliyi tərəfindən təsdiq edilmiş iş proqramları və istehsalat tapşırıqları əsasında qurur; Sahənin funksiyalarına aid işlərin yerinə yetirilməsi və sahənin normal fəaliyyətinin təmin edilməsi üçün lazımi miqdarda mal-material, avadanlıq, alət, yanacaq və sürtkü yağlarının və sairə köməkçi vəsaitlərin sifarişini vaxtlı-vaxtında təmin edir; Dizel yanacağından, sürtkü materiallarından normativlərə uyğun və qənaətlə istifadə edilməsini təmin edir; -Dispetçer xidmətinin işini təşkil edir, teplovozların dəmiryol qurğularının, lokomotivlərin işinə nəzarəti təmin edir, teplovozların və monervlərin xəttə çıxış əmsalının artırılması istiqamətində iş aparır; -Sahənin istifadəsində olan əmlakın qorunub saxlanmasını, texniki şərtlərə uyğun olaraq lazımı qaydada istifadə edilməsini təmin edir; Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, həm Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda (23001000—14241 kodu altında), həm də 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (21.4-cü yarımbəndində) nəzərdə tutulmuş sahələrin Dəmiryol nəqliyyatı adı altında Dəmiryol lokomotiv briqadalarının fəhlələri ilə yanaşı, eyni zamanda ayrı-ayrı kateqoriyalı işçilərin də aid olduğu nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi Heydər Əliyev adına X2 iddiaçıya verdiyi arayışda, həmçinin məhkəmə araşdırması zamanı təqdim təqdim etdiyi sorğuya cavab məktubunda da iddiaçının mübahisəli dövrdə işlədiyi 15 nömrəli sahəsinin (sexin) texnoloji xarakteristikası barədə ətraflı izah verilərək qeyd olunan zavodun bütün istehsalat sahələrinin balansında olan dəmiryoluna və dəmiryol qurğularına, lokomotivlərə texniki xidmət göstərilməsini, sahənin balansında olan teplovozlarla hazır məhsul yüklənmiş vaqonların dəmiryol stansiyasına aparılmasını təşkil etməkdən ibarət olduğu bildirilmişdir. Sözügedən arayışlarda iddiaçının mübahisəli dövrdə 15 nömrəli sexdə işlədiyi vəzifələrin AR Nazirlər Kabinetinin 320 və 12 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılarda göstərilən hansı peşələrə uyğun olması dəqiq göstərilmişdir. Odur ki, iddiaçının işlədiyi H.Əliyev adına X2 fəaliyyət sahəsinin nəqliyyat sahəsi ilə bağlı olduğu nəzərə alındıqda məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi teplovoz maşınisti peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. O cümlədən analoji mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, “30...dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.

31. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.

32. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir

33. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar maşinistlərinə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan maşinistlərə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə də şamil olunmalıdır.

34. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.

35. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan maşinistlərin, maşinist köməkçilərinin, qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz maşınisti peşəsinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının Heydər Əliyev adına X2 dəmiryolunun istismarı üzrə 15 nömrəli sahədə işlədiyi teplovoz maşınisti vəzifəsi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241- “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın “Dəmiryol nəqliyyatı” bölməsinin “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4 yarımbəndində nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2024-cü il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşının tamam olduğu vaxtdan (xx.xx.2024-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar