Məhkəmə qərarları › İş №2-1(112)-3322/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3322/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3322/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X2 cavabdeh Bakı şəhəri Suraxanı rayonu Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun təmin edilməsi (tanınması) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun əsl cavabdeh İddiaçı ilə əvəz edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxslər sırasından çıxarılmasını, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata əbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılaraq rəsmiləşdirilmişdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2080 saylı 17 aprel 2007-ci il tarixli rəyi, Bakı şəhər İcra Hakimiyyətinin şəhər ərazisinin tikinti-planlaşdırma İdarəsinin planlaşdırma tapşırıqlarının və qırmızı xətt üzrə tikililərin verilməsi üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin sərəncamına əsasən iddiaçının mülkiyyətinə ayrılacaq torpaq sahəsinə verilmiş müsbət rəy nəzərə alınaraq ayrılmışdır. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin məlum olmayan səbəblərdən iddiaçının mülkiyyətinə ayrılmış Əmircan-Hövsan yolunun sağ tərəfində olan 500 kv.m torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə verilməsi barədə Zığ Bələdiyyəsinin məktubu ilə ona imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. - Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsinin cizgisindən görünür ki, cizgi bələdiyyə tərəfindən təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2080 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Zığ Bələdiyyəsinin sədrinə mübahisələndirilən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. - xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısı aktına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. - Cavabdehin 116 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, sözügedən ərazinin İddiaçı ayrılması ilə bağlı Zığ Bələdiyyəsinin arxivində və protokollarında məlumat aşkarlanmadı. Əlavə olaraq bildiririk ki, sözügedən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 407s nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 874s saylı xx.xx.2018-ci il tarixli sərəncamları ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqəsəilə ilə Zığ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. - Cavabdehin 1152 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, 10№-li 19 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən ayrılmış Zığ qəsəbəsi ərazisində, Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi həqiqətən ona ayrılıb və arxivdə sənədlər mövcuddur. Lakin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən yuxarıda göstərilən sərəncam ləğv edilmiş və Nazirlər Kabinetinin sərəncamı ilə həmin torpaqlar Zığ qəsəbəsinin sürüşmə zonasında yerləşən evlərin sakinlərinə ayrılmışdır. - “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 55 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsi ərazisində Əmircan- Hövsan yolunun sağ tərəfində yerləşən ərazidə 500 kv.m torpaq sahəsi boşdur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir. - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 33-48-2F/2-02248/2023 saylı məktubundan görünür ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2007-ci il tarixli, 10 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Cavabdehin 47 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmaması barədə dəfələrlə yazılı şəkildə bildirilmiş və Zığ bələdiyyəsinin arxivində və protokollarında ona torpaq sahəsi ayrılması barədə məlumatın aşkarlanmadığı qeyd edilmişdir. (“X1 edilməsi” haqqında Azərbaycan Respublikası Qanunu (29 iyun 2001-ci il 160-İİQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmamışdır). Məlumat üçün bildirilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 79 nömrəli xx.xx.2005-cü il tarixli sərəncamı ilə Suraxanı-Hövsan yolunun sağ tərəfində Zığ bələdiyyəsinə 20 ha torpaq sahəsi ayrılsa da, həmin Sərəncam Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Əlavə olaraq sözü gedən ərazidə yerləşən 6 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 407s nömrəli Sərəncamı ilə Suraxanı-Hövsan yolunun sağ tərəfində torpaq sahəsi Suraxanı rayon, Zığ qəsəbəsi, “Zığ- 1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqsədi ilə Zığ bələdiyyəsinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi sakinlərə təmannasız ayrılmışdır. - Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 3-52/2-2857/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsiniı ərazisində, Əmircan - Hövsan yolunun sağ tərəfində yerləşən 500,0 kv.m torpaq sahəsinin İddiaçı istifadəsinə ayrılması barədə Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı sərəncamının ləğvi ilə bağlı Bakı Şəhər icra Hakimiyyəti tərəfindən hər hansı Sərəncam qəbul edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin hallarına görə Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməlidir. İş materiallarından göründüyü kimi, Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsinin cizgisindən görünür ki, cizgi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2080 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Zığ Bələdiyyəsinin sədrinə mübahisələndirilən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısı aktına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Kassa mədaxil orderindən görünür ki, iddiaçı torpaga görə ödəniş etmişdir. Beləliklə də cavabdeh bələdiyyə orqanı tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmuş, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmış, torpaq sahəsinin cizgizi təsdiqlənmişdir. Lakin iddiaçı həmin yerin ona təqdim edilməsi ilə baglı müraciət etdikdə cavabdehin 116 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözügedən ərazinin İddiaçı ayrılması ilə bağlı Zığ Bələdiyyəsinin arxivində və protokollarında məlumat aşkarlanmamış, sözügedən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 407s nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 874s saylı xx.xx.2018-ci il tarixli sərəncamları ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqəsəilə ilə Zığ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Cavabdehin digər 1152 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə isə iddiaçıya bildirilmişdir ki, 10№-li 19 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən ayrılmış Zığ qəsəbəsi ərazisində, Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi həqiqətən ona ayrılıb və arxivdə sənədlər mövcuddur. Lakin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən yuxarıda göstərilən sərəncam ləğv edilmiş və Nazirlər Kabinetinin sərəncamı ilə həmin torpaqlar Zığ qəsəbəsinin sürüşmə zonasında yerləşən evlərin sakinlərinə ayrılmışdır. Bununla da iddiaçının hüquqları pozulmuşdur. “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 55 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsi ərazisində Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən ərazidə 500 kv.m torpaq sahəsi boşdur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir. Beləliklə məhkəmə araşdırması zamanı fakitiki cavabdeh tərəfindən icra edilməli olunan vəzifələr həyata keçirilmiş və torpağın naturada yeri mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. Həmin Qanuna əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ərizəsini təmin etməkdən imtina etmişdir. Bu baxımdan iddiaçının müraciəti üzrə imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Odur ki, hazırki iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar