Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3322/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək, onun adına xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən “Psixologiya” ixtisası üzrə verilmiş ДИС seriyalı, ******* nömrəli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən təhsil müəssisəsinin lisenziyası olmaması əsası ilə ərizəsi təmin edilməmişdir. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universitetinin ДИС seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına əsasən ona verilmiş “Psixologiya” ixtisası (Psixologiya müəllimi) üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X5 müraciət edərək, Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının 06 iyul 2007-ci il tarixli Qərarına əsasən ona verilmiş “Psixologiya” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyasının tanınması və bu barədə şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə cavab olaraq “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasmm tanınmasından imtina edilməsi barədə” NA00032206 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qərar qəbul etmiş və imtinanın əsası kimi onun təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi göstərilmişdir. İddiaçı Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır və 2007-ci ildə həmin Universiteti bitirmişdir. Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil alsa da, diplom məhz Universitetin özü tərəfindən verilmişdir. Hər bir halda Universitetin fəaliyyət göstərməsinə Rusiya Federasiyasının müvafiq qurumları lisenziya vermişdir. Hazırda ixtisasına uyğun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək münasibətlərinə daxil olmaq məqsədilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsinə zərurət yaranmışdır. Cavabdehin etirazı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının kvalifikasiyasının tanınmasından ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi səbəbinə görə imtina edilmişdir. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələri (o cümlədən, xarici ali təhsil müəssisələrinin filial və nümayəndəlikləri) müvafiq qaydada akkreditasiyadan keçməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar iş üzrə qərarının (xx.xx.2021-ci il tarixli, 2-1 (102)-1567/2021 saylı iş üzrə qərar) 43-cü bəndində qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müəssisənin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyinə görə iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il il tarixli diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Psixologiya” ixtisası (Psixologiya müəllimi) ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülmüşdür. Diplom xx.xx.2015-ci ildə 174749 nömrə ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universitetində oxuduğu müddət ərzində “Psixologiya” ixtisası (Psixologiya müəllimi) üzrə fənlərdən məqbul qiymətlər almışdır. Diploma əlavə xx.xx.2015-ci ildə 174749 nömrə ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 nömrəli, 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialına qarşı “fəaliyyətin dayandırılması, verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edimiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, iddia qalan hissədə təmin edilməmiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanı: 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci maddəsinin birinci cümləsində (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya: 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; ... 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, qanunvericilik (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) kvalifikasiya haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsaslar kimi- bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmamasını; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunması və ya həmin kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmaması; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçinin sınaq imtahanında müvəffəqiyyət qazanmaması göstərilmişdir. Cavabdehin imtinasını (iddia ərizəsinə etirazını) əsaslandırdığı yeganə dəlil təhsil müəssisəsinin lisenziya olmadan fəaliyyət göstərmiş olmasıdır. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 nömrəli, 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialına qarşı “fəaliyyətin dayandırılması, verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edimiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, iddia qalan hissədə təmin edilməmiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Qeyd olunan qətnaməyə görə həmin orada təhsilini başa vurmuş şəxslərin təhsil barədə sənədlərinin müəssisənin qanunsuz fəaliyyət göstərməsi səbəbi ilə etibarsız hesab edilməsi əsassız sayılmışdır. Eyni zamanda təhsilini hər hansı səbəbdən başa vurmamış tələbələrin təhsillərini davam etdirmələri üçün şərait yaradılması qət edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan qətnamə ilə sübut olunur ki, iddiaçının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında aldığı təhsillə bağlı əldə etdiyi diplom müəssisənin fəaliyyətinin qanunsuz olması və dayandırılması səbəbi ilə etibarsız hesab edilə bilməz. Belə ki, iddiaçı həmin qətnamədə nəzərdə tutulan təhsilini başa vurub müvəfiq sənəd əldə etmiş şəxslər sırasındadır. Ona məxsus diplomun qeydiyyat tarixi xx.xx.2007-ci il olmaqla, həmin diplom Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına əsasən verilmişdir. Yəni onun təhsilini başa vurması barədə qərar sözügedən qətnamə qəbul edilməzdən əvvəl verilmişdir. Lakin 20 iyun 2007-ci il tarixli qətnamənin bir aylıq qüvvəyə minmə müddətini nəzərə aldıqda, hər bir halda, iddiaçının diplom əldə etməsi müvafiq qətnamənin qüvvəyə minməsindən əvvəl baş vermişdir. Cavabdehin imtina əsası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan “mütənasiblik” prinsipinə uyğun və şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Eyni zamanda nəzərdə almaq lazımdır ki, qətnamədə qeyd edildiyi kimi təhsilini başa vurmamış şəxslərin təhsilinin davam etdirilməsi hüquqları olduğundan “dayandırılma”dan əvvəlki dövrdə təhsilini başa vurmuş şəxslərə, o cümlədən hazırkı iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “bərabərlik prinsipi” (maddə 12) pozulmuş olur. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya aid bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3322/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3322/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver