Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3323/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Eminaqarov Elvin Elman oğlu (qeydiyyatı yoxdur, ixtisası yoxdur, işləmir), cavabdehin nümayəndəsi X1(Bakı şəhərində qeydiyyadadır,ixtisası hüquqşünas, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin baş inspektoru vəzifəsində işləyir), 3-cü şəxsin nümayəndəsi X2(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində inspektor işləyir ) iştirakı ilə, iddiaçı Eminaqarov Elvin Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı 3-сü şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə “vətəndaşlığı olmayan şəxsin sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Eminaqarov Elvin Elman oğlu Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2497/2019 nömrəli iş üzrə 15 iyul 2019-cu il tarixdə qəbul edilmiş qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra 21 yanvar 2020-ci il tarixdə iş üzrə qəbul edilmiş qərardadı ilə, cavabdehin ərizəsi təmin edilmiş, iş üzrə icraat yeni açılmış hallar üzrə təzələnmiş, 3-cü şəxs qismində işdə iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, 15.10.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və oranın vətandaşı olmuşdur. Milliyyətcə azərbaycanlıdır, valideynlərinin hər ikisi də Gürcüstan vətəndaşıdır. Peşəkar idmançı olduğundan legioner idmançı kimi 28.11.2011-ci il tarixdə Azərbaycan Respublikasını xarici yarışlarda təmsil etmək üçün ona Azərbaycan Respublikasının ümumvətəndaş pasportu verilmişdir. Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycan tərəfinin də ona təqdim etdiyi ümumvətəndaş pasportu ilə Azərbaycan bayrağı altında yarışlara qatılırdı. Bundan xəbər tutan Gürcüstan tərəfi o Azərbaycanda olduğu zaman başqa dövlətin vətəndaşlığını qəbul etməyi ilə bağlı Gürcüstan Prezidentinin 31.05.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığını dayandırmışdır. O hazırda Gürcüstan vətəndaşı olaraq Gürcüstana daxil ola bilmir. Azərbaycan tərəfinə etdiyi müraciətə cavab olaraq isə ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilməmişdir. Belə olan halda o vətəndaşlığı olmayan şəxs hesab edilir və ona vətəndaşlığı olmayan şəxs olduğuna dair müvafiq sənəd təqdim edilməlidir. Belə ki,onun heç bir sənədi olmadığı üçün Gürcüstan Respublikasına daxil olaraq vətəndaşlığın bərpa olunmasına dair heç bir addım ata bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını bildirərək göstərmişdir ki, 30.12.1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında“ əsasnamənin 2-ci bəndinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlara verilir.İddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyindən və gəldiyi vaxt Gürcüstan vətəndaşı olduğundan vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verildiyindən İddiaçı həmin sənədlər verilə bilməzdi.Həmçinin, İddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gələrkən qeyd olunan sənədlərin verilməsi barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməmişdir. 3-cü şəxs Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidməti iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması ilə bağlı heç bir müraciəti qeydə alınmamış, Prezidentin vətəndaşlığa qəbulla bağlı sərəncamlarında öz əksini tapmadığından ona 28.11.2011-ci il tarixdə verilmiş P4685864 nömrəli ümumivətəndaş pasportu DMX tərəfindən aşkar edilərək AR Daxili İşlər Nazirliyinə 16.11.2011-ci il tarixli 08/10539 H.Ə. nömrəli məktub ünvanlanmış və sözügedən sərhədkeçmə sənədi 23.11.2018-ci il tarixdə AR DİN tərəfindən fəaliyyətsizləşdirilmişdir. İddiaçı iddia etdiyi kimi ölkə ərazisində müvvəqqəti yaşamaq üçün icazəni legioner kimi yox haqqı ödənilən əmək fəaliyyəti ilə məşgul olmaq üçün alınmış icazəsi əsasında almışdır. Şəxs 2008-2011-ci illərdə Gürcüstana məxsus 07PA57914 və 10BA65831 nömrəli paspotlarla Azərbaycan Respublikasının ərazisinə giriş- çıxış etmişdir və beləliklə, faktiki olaraq Gürcüstan vətəndaşıdır. Şəxsin vətəndaşı olduğu (və ya vətəndaşlığından çıxdığı) ölkənin Azərbaycan Respublikasında yerləşən səfərliyindən(və ya vətəndaşlığından çıxıbsa yenidən vətəndaşlığa bərpa edilməklə) müvafiq sərhədkeçmə sənədi almaqla ölkə ərazisini tərk edə bilər. Bu səbəbdən iddia təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iddiaya dair etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı 15.10.1991-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Alqeti kəndində doğulmuşdur, atası X4, anası Eminqalova Gülnarə Osman qızı qeyd eidlmişdir. 10BA6831 nömrəli, 12 iyul 2011-ci il tarixdə verilmiş Gürcüstan Respublikasının pasportunun surətinə əsasən Eminaqarov Elvin Elman oğlu Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Kiqboksinq Federasiyasının Gürcüstanın Azərbaycandakı Səfirliyinə ünvanlanmış 01.02.2019-cu il tarixli, KF-005 nömrəli məktubunda göstərilmişdir ki, Gürcüstan vətəndaşı olan İddiaçı legioner idmançı kimi 28.11.2011-ci il tarixdə ölkəni xarici yarışlarda təmsil etmək üçün ümumvətəndaş pasportu verilmişdir. Azərbaycan Respublikasında Gürcüstan səfirliyi tərəfindən İddiaçı verilmiş 06.03.2019cu il tarixli, 05/00006745/2019-2 nömrəli arayışa əsasən “Gürcüstan vətəndaşlığı haqqında” X3 32-ci maddəsinin, 1-ci bəndinin “d” yarımbəndinə müvafiq olaraq başqa dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı Gürcüstan Prezidentinin 31.05.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin İddiaçı ünvanlanmış 21.02.2019-cu il tarixli, K/E-861 nömrəli məktubuna əsasən iddiaçının 15.10.2018-ci il tarixli müraciəti əsasında onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli, 26.10.2018-ci il tarixli arayışında göstərilmişdir ki, 15.10.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. “Qızıl Əlcək” İdman Klubunun 13.12.2018-ci il tarixli, Ç-01/191 nömrəli arayışına əsasən İddiaçı 2000-ci ildən 2015-ci ilə qədər “Qızıl Əlcək” İdman klubunda idmanın kikboks növü ilə məşğul olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 07.06.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbayan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxs kimi digər hallarda sənədləşmə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edildiyindən və həmin səlahiyyətlər Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirildiyindən aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Arayışa əsasən, Əminaqarov Elvinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün(22.09.2011-ci il tarixdən 10.01.2016-ci il tarixədək) əsas əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi olmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olaraq 2011-ci ildə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsini almışdır. 31 may 2013-cü il tarixdən iddiaçının Gürcüstan Respublikasının vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasına məxsus iddiaçının adına verilmiş ümumvətəndaş pasportu 23.11.2018-ci il tarixdə AR DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilmişdir. İddiaçı onun Gürcüstan Respublikasının vətəndaşlığının bərpası üçün həmin dövlətin Azərbaycan Respublikasında olan səfirliyə müraciət etmədən, cavabdehə müraciət edərək vətəndaşlığı olmayan şəxsin sənədinin ona verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə iddia ilə bağlı aşagıdakıları qeyd edir: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin preambulasına əsasən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Həmin Məcəllənin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; Həmin Məcəllənin 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.17-ci maddəsinə əsasən sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi sənədlərin aşağıdakı növləri vardır: a) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; c) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; d) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.Bu maddənin “a” və “b” bəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Həmin Əsasnamənin 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (3 saylı əlavə) əsasında bu barədə müraciət olunduğu vaxtdan ən geci bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə aşağıdakı sənədləri tələb etməlidir: vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini; Beləliklə, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi üçün, vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin olması əsasdır. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyi vaxt onun Gürcüstan Respublikasının vətəndaşlığı olmuşdur. Buna görə də iddiaçı vətəndaşlığı olmayan şəxs sayıla bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər,68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Eminaqarov Elvin Elman oğluna Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3323/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3323/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver