Məhkəmə qərarları › İş №2-1(112)-3323/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3323/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3323/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, tərcüməçi X4, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 01.06.2020-ci il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin olunması və əvvəlki dövr üçün hesablanacaq pensiya məbləğinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 05.06.1981-ci ildə Azərbaycan Dəmir yolları manevr lokomotivlərinin istismarı idarəsində elektrik montyoru vəzifəsində başlamışdır, 1982-1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 13.08.1984-cü ildə həmin idarədə 5-ci dərəcəli elektrik montyoru vəzifəsində əmək fəaliyətini davam etdirmişdir. 1985-ci ilin 06 dekabrında "xxxx" Qapalı Səhmdar Cəmiyyətində zərərli iş sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. 14.08.1989-cu ildə öz xahişilə həmin işdən azad edilmişdir. 01.09.1989- 27.08.1990-cı ildə peşə məktəbinə daxil olaraq, maşinist peşəsinə yiyələnmişdir. 28.08.1990-cı ildə Azərbaycan Dəmiryolları manevr lokomotivlərinin istismarı idarəsində elektrovoz və teplovozda masinizt vəzifəsinə keçirilmişdir. 20.05.1991-ci ildə elektrovozda masinist köməkçisi əvəzləyicisi peşəsinə keçirilmişdir. 31.05.1991-ci ildə elektrovozda müstəqil masinist köməkçisi vəzifəsinə keçirilmişdir. 10.06.1991-ci ildə teplovozda masinist köməkçisi vəzifəsinə keçirilmişdir. Hal-hazırda da həmin peşədə əmək fəaliyyətini davam etdirir. O, xx.xx.1963-cü ildə anadan olduğundan və işlədiyi peşə zərərli əmək şəraiti ilə (2ci siyahı üzrə) əmək pensiyasına çıxmağa imkan verdiyindən cavabdeh təşkilata müraciət edərək, ona qanuna müvafiq olaraq 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilatdan ona verilmiş 30.09.2021-ci il tarixli, **********3 saylı məktubla qanuni xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Verilmiş imtina onunla əsaslandırılmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyanın minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq qeyd edilir ki, hazırda əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi ona münasibətdə 44800 manat hesablandığı halda, onun hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 40366,55 manat təşkil edir. Qanuni xahişinə cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və hesab edir ki, ona 57 yaşının tamam olduğu 01.06.2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və əvvəlki dövr üçün hesablanacaq pensiya məbləğinin birdəfəlik ona ödənilməsi vəzifəsi məhkəmə qaydasında cavabdeh təşkilata həvalə edilməlidir. Belə ki, onun yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən əmək stajının və belə pensiya təyin edilməsinə imkan verən yaş həddinin olması cavabdeh tərəfindən verilmiş imtina məktubunda qəbul edilir və mübahisələndirilmir. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınan 40366,55 manat təşkil edən pensiya kapitalının minimum pensiya təyin edilməsinə imkan verməməsinə dair cavabdehin mövqeyini isə əsassız hesab edir. Belə ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan 40366,55 manat qanuna uyğun olaraq 144 aya bölündükdə 280,32 manat təşkil edir ki, bu da minimum əmək pensiyasında aşağı məbləğ deyildir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı 25.04.1961-ci il təvəllüdlü İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ümumi stajını təsdiq edən sənəd kimi НЗ № ******* seriyalı hərbi bileti, ИТ-İ № ******* seriyalı əmək kitabçasını, "xxxx" ASC-nin 09.08.2021-ci il tarixli arayışını və diplomunu təqdim etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi iddiaçının iddiasının hüquqi əsası olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peçələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13.06.1997-ci il tarixli, 321-İDQ nömrəli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Ona görə də iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li siyahısı üzrə hər halda 01.07.2017-ci ildən sonra yarandığı üçün onayaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblrə istisna olmaqla, hazırda qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, qüvvədən düşmüş qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına imkan verən yaş həddi 57, ümumi sosial sığorta stajı tələbi 25 il, xüsusi sosial sığorta stajı tələbi isə 12 il 6 ay müəyyən edilmişdir. İddiaçının mövcud hüquqi vəziyyəti yalnız yaş və sosial sığorta stajına münasibətdə qüvvədən düşmüş qanunvericiliyin tələblərinə müvafiqdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. Göstərilənlərin nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 19.01.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən verilmiş 11.07.1981-ci il tarixli, В 814490 №-li diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1978-ci ildə Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 11 iyul 1981-ci ildə işarəvermə, mərkəzləşdirmə və blokirovka üzrə montyoru elektrik peşəsi üzrə kam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan komissiyasının qərarı ilə İddiaçı işarəvermə, mərkəzləşdirmə və blokirovka üzrə montyoru elektrik 5 (beş) dərəcə peşəsi üzrə ixtisas verilmişdir (2 il 10 ay 11 gün). - İddiaçı məxsus НЗ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 11.05.1982-ci ildən 05.06.1984-cü ilə qədər (2 il 0 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir (2 il 25 gün). - Ukrayna SSR X9 Təhsili Komitəsi tərəfindən verilmiş 27 avqust 1990-cı il tarixli, Б 884437 №-li diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1989-cu ildə X2 12 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 27 avqust 1990-cı ildə teplovoz və elektrovoz maşininstinin köməkçisi peşəsi üzrə kam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə İddiaçı teplovoz və elektrovoz maşininstinin köməkçisi və üçüncü dərəcəli çilingər peşəsi üzrə ixtisas verilmişdir (11 ay 27 gün). - İddiaçıya məxsus ИТ-İ ******* №-li, 10 iyun 1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.06.1981-ci ildən 05.11.1981-ci ilədək Azərbaycan Dəmiryolu Bakı şəhər üzrə siqnal və əlaqə distansiyasında elektrik montyoru (5 ay 1 gün), 17.12.1981-ci ildən 15.04.1982-ci ilədək Azərbaycan Dəmiryolu Bakı şəhər üzrə siqnal və əlaqə distansiyasında elektrik montyoru (3 ay 29 gün), 15.05.1982-ci ildən 06.06.1984-cü ildə Sovet Ordusunda xidmət (2 il 22 gün), 13.08.1984-cü ildən 02.12.1985-ci ilədək Azərbaycan Dəmiryolu Bakı şəhər üzrə siqnal və əlaqə distansiyasında elektrik montyoru (1 il 3 ay 20 gün), 06.12.1985-ci ildən 14.08.1989-cu ilədək Bakı Metropalitenində elektrik montyoru (3 il 8 ay 9 gün), 01.09.1989-cu ildən 27.08.1990-cı ilədək Melitopol texniki peşə məktəbində təhsil (11 ay 27 gün), 28.08.1990-cı ildən 31.01.1991-ci ilədək X1 lokomotiv deposunda elektorovoz və teplovoz maşinisitinin köməkçisi (5 ay 4 gün), 20.05.1991-ci ildə 02.10.2020-ci ilədək Biləcəri lokomotiv deposunda elektrovoz maşinist köməkçisi, teplovoz maşinist köməkçisi (29 il 4 ay 13 gün), 02.10.2020-ci il tarixdən teplovozların təmiri sexində çilingər vəzifəsində işləyir. - Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 02.07.2021-ci il tarixli, A/174 №-li arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 06.12.1985-ci il tarixindən Bakı Metropoliteninin İşarəvermə və rabitə xidmətinə 5-ci dərəcə ilə elektrik montyoru (zərərli əmək şəraiti) peşəsinə qəbul olunmuş (Əmr №264, 05.12.1985-ci il), 14.08.1989-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr №142, 09.08.1989cu il). İşlədiyi müddət ərzində aldığı əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni" QSC yaradılmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti tərəfindən verilmiş 90331 №-li, 09.08.2021-ci il tarixli arayın surətindən görünür ki, İddiaçı Rafikoviç həqiqətən "xxxx" QSC-nin Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunda 20.05.1991-ci il tarixindən 09.06.1999-cu il tarixinədək elektrovoz maşinist köməkçisi, 10.06.1999-cu il tarixindən 02.10.2020-ci il tarixinədək teplovoz maşinist köməkçisi peşələrində çalışmışdır. 09.06.2021-ci il tarixindən hal-hazıra kimi Biləcəri manevr lokomotivlərinin istismarı deposunun Teplovoz lokomotiv briqadasında manevr üzrə teplovoz maşinist köməkçisi peşəsində çalışır. Bu peşə üzrə İddiaçı Rafikoviçin iş stajı 29 il 06 ay təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuşdur (21.4-cü bənd). - Fililal tərəfindən iddiaçıya ünvanlanan 30.09.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, 12 avqust 2021 -ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40366,55 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 26 il 7 ay 12 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi elektrovoz maşinist köməkçisi və teplovoz maşinist köməkçisi peşəsi iş yerinin arayışına əsasən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş 23001000-14241 koduna, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə müəyyən edilmiş Siyahının 21.4-cü bəndinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 14 il 07 ay 12 gün təşkil edir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın “zəruri pensiya kapitalının mövcud olmaması” haqda dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixənədək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunanlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmaması ona pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “əvvəlki dövr üçün hesablanacaq pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar