Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3323/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, “Lənkəran hava limanı” sərhəd nəzarəti bölməsinin rəisinin hal-hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran hava limanı” sərhəd nəzarəti bölməsinin rəisinin hal-hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X2” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. 21 dekabr 2021-ci il tarixli 000934 nömrəli məlumat vərəqinə əsasən xidmət illəri 37 il 13 gün, vəzifə maaşı 660 manat təşkil etmişdir və buna uyğun olaraq pensiya alır. Hal-hazırda “X2” sərhəd nəzarəti bölməsinin rəisinin vəzifə maaşı 880 manat təşkil etməsinə baxmayaraq, onun pensiyası heç bir artım olmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliklərin olunması ilə əlaqədar yeni Silahlı Birləşmələr yaradılmışdır. Qeyd olunan fərmanla əlaqədar Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 525 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına yeni XXİ hissə əlavə olunmuş və həmin hissədə Silahlı Birləşmələr (Sərhəd Qoşunları, X7, Sərhəd Nəzarəti və Sahil Mühafizəsi) üzrə əvvəlki aylıq vəzifə (tarif) maaşları saxlanılmaqla yeni 14 vəzifə (tarif) maaşları təsdiq olunmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdən Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsində “X2” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən onun məlumat vərəqəsi Nazirlər Kabinetinin 135 nömrəli Qərarına müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsinə uyğun sonuncu vəzifə maaşına əsasən hesablanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsi ləğv olunmadığı üçün İddiaçı XXİ hissədə qevd olunan bölmə rəisinin vəzifə (tarif) maaşının şamil olunması imkan xaricindədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli 000934 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 36 il 9 ay 29 gün xidmət müddətinə gprə təminat xərcliyinin 98 faizi miqdarında yaşa görə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 000934 nömrəli yeni məlumat vərəsinə əsasən 37 il 13 gün xidmət müddətinə görə əmək pensiyası yenidən hesablanmışdır. Sonuncu məlumat vərəqəsində Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsində “X2” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə əsasən 665 manat vəzifə maaşı göstərilmişdir. İddiaçı hazırda həmin vəzifə üzrə maaşın 880 manat olmasını qeyd edərək, yeni məlumat vərəqəsinin verilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi üçün müəyyən edilməli olan hal, iddiaçının barəsində verilən məlumat vərəqəsində vəzifə maaşının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının 5-ci hissəsinə uyğun olaraq, yaxud yeni yaradılmış 21-ci hissəyə uyğun olaraq qeyd edilməli olmasıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsində “X2” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Daha sonra Dövlət Sərhəd Xidmətinin ştat strukturunda edilmiş dəyişikliklərə əsasən, X5 Nəzarəti Dəstəsi ləğv edilməklə X4 yaradılmışdır. Aparılmış struktur dəyişikliyində “X2 sərhəd nəzarəti bölməsi" sözləri “X6 Limanında sərhəd nəzarəti bölməsi” sözləri ilə əvəz edilmiş və hazırda bu vəzifə mövcuddur. X6 Limanında sərhəd nəzarəti bölməsinin rəisinin səlahiyyət və əmək funksiyasında hər hansı bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vəzifə tarif cədvəlində 5-ci hissə saxlanılmaqla (bölmə rəisi 665 manat) yeni 21-ci hissə yaradılmış və bölmə rəisinin vəzifə maaşı 880 manat təyin edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, əgər iddiaçının işlədiyi vəzifə hazırda mövcuddursa, sturuktur və ad dəyişikliyi baş versə də, səlahiyyət və əmək funksiyasında hər hansı bir dəyişiklik edilməmişdirsə və artıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vəzifə tarif cədvəlində yeni yaradılmış 21-ci hissə üzrə (bölmə rəisi - 880 manat) vəzifə maaşı alırsa, iddiaçının da məlumat vərəqəsi həmin vəzifə maaşı əsasında tərtib edilməlidir. İddiaçının vaxtilə aldığı, qeyd edilən vəzifə tarif cədvəlində 5-ci hissənin ləğv edilməməsi vəziyyəti iddiaçının ziyanına dəyişmir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh mövqeyini əsaslandırarkən iddiaçının əvvəl işlədiyi, hazırkı “X6 Limanında sərhəd nəzarəti bölməsinin rəisi”nin vəzifə maaşının qeyd edilən vəzifə tarif cədvəlində 5-ci hissənə uyğun olaraq 665 manat olması ilə əsaslandırmamışdır, nə də məhkəmənin sorğusuna bu məzmunda cavab verməmişdir. Cavabdehin mövqeyi yalnız ondan ibarət olmuşdur ki, iddiaçının vaxtilə aldığı, qeyd edilən tarif cədvəlində 5-ci hissə hazırda mövcuddur. Lakin yuxarıda da qeyd edildiyi kimi, məlumat vərəqəsində vəzifə maaşı tarif cədvəlinə görə deyil, həmin vəzifə üzrə olan maaşa görə müəyyən olunmalıdır. Bundan əlavə iddiaçının istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilərkən də vəzifə maaşı 880 manat əsas götürülmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı barəsində “X6 Limanı”nda sərhəd nəzarəti bölməsinin rəisinin hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində “X6 Limanı”nda sərhəd nəzarəti bölməsinin rəisinin hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov