Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3324/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Azərbaycan SSR-də doğulub və şəxsiyyəti təsdiq edən sənəd olaraq dövlət tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. Uzun müddət ailəsi ilə birgə Səbail rayonunda yaşasyıb. Orta təhsilini 1984-cü ildə Bakı şəhəri Xətai rayonu 24 nömrəli məktəbdə almağa başlamış və 1992-ci ildə həmin məktəbdə natamam orta təhsilini başa vurub. Uzun müddətdir ki, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayır. Hazırda da həmin ünvanda yaşayır. Lakin indiyə kimi şəxsiyyət vəsiqəni almamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsiyyət vəsiqəsi almaq üçün doğum şəhadətnaməsi tələb olunur. Doğum haqqında şəhadətnamə surətinin istənilməsi ilə bağlı bacısı X2 tərəfindən Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişşdir. Səbail rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, İddiaçı doğumu Səbail rayon Qeydiyyat şöbəsində xx.xx.1977ci il tarixli 378 saylı doğum haqqında akt qeydi qeydə alınmışdır. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında şəhadətnamə, doğum haqqında şəhadətnaməsi olmadığı üçün isə şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi xx.xx.2021-ci il tarixli xx/xx-1517/13 saylı məktubla məhkəməyə müraciət edərək 7-1517/13 saylı məktubla məhkəməyə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı iş üzrə məhkəmənin iclasında Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılması məhkəmənin mülahizəsinə buraxılması qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-1347/15 saylı məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları “avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumunun Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1977 - cı il tarixli 378 saylı doğum haqqında akt qeydi qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş " Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası “ nın 9.7. -ci bəndinə 16 yaşına çatmış şəxslərə onların vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “Qanunun 1-ci maddəsində əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, və həmin qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi doğum haqqında şəhadətnaməsi və sairə sənədlər əsasında verilir. İşdə olan SSR Xalq Təhsili Nazirliyinin natamam orta təhsil haqqında şəhadətnamədən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Xətai rayonu 24 saylı məktəbdə oxumuş və 1992-ci ildə natamam orta məktəbi bitirmişdir. Məhkəmə sorğusu əsasında 16 mart 1977-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydindən çıxarışın surəti məhkəmə tərəfindən cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi 13 noyabr 2021-ci il tarixli, xx/xx-1516/13 saylı məktubla doğum haqqında akt qeydinin surətini məhkəməyə təqdim etmişdir. Həmin akt qeydindən görünür ki, İddiaçı 19 fevral 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 mart 1977-ci il tarixdə 378 saylı nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X3, anası qrafasında isa X4 yazılmışdır. Göründüyü kimi, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 28 sentyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26 oktyabr 1967-ci il tarixdə 2145 sayla qeyd edilmiş X1 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 19 fevral 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16 mart 1977-ci il tarixdə 378 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyya Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3324/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3324/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver