Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3324/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021-ci il tarixdən anadan olduğu xx.xx.2009-cu il tarixə dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Həmzəyev Kənan Qabil oğlunun doğuşdan sağlamlıq imkanlarının məhdud olmasının, eləcə də, müvafiq qanunvericiliyə əsasən qiymətləndirmə tarixi müəyyən edilərkən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əvvəlki illərinin nəzərə alınmadığına görə Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun əvvəlki illərinin müəyyən edilməsini nəzərdə tutan qiymətləndirmə tarixinin düzgün müəyyən edilməsi və yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Həmzəyev Qabil Abbas oğlu ilə nikahından xx.xx.2009-cu il tarixdə Həmzəyev Kənan Qabil oğlu adlı oğlu doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından aydın olur ki, uşağı Kənan Həmzəyev doğuşdan “autizm” xəstəliyi ilə bağlı qüsurlu, daha doğrusunu sağlamlıq imkanları məhdud uşaq hesab edilir. Yaşı az olduğundan ilkin vaxtlarda bu fakt ona məlum olmamış, xəstəliyi bir qədər gec, təxminən onun 2-3 yaşlarında bilinmişdir. Bu vaxtlardan Kənan Həmzəyevin xəstəliyinin əlamətləri məlum olsa da, onun xəstəliyi ilə bağlı hər hansı quruma müraciət edilərək müalicə olunmasına çəkilən xərcləri qarşılamaq üçün, eləcə də dövlət tərəfindən nəzərdə tutulmuş sosial müavinətin təyin olunması üçün müraciət etməmişdir. Uşağının həmyaşıdları kimi sağlam həyata qayıtması üçün illər ərzində müxtəlif müalicə müəssisələrinə müraciət etmişdir. Heç bir maliyyə dəstəyi olmadan uşağının sağlamlığının normal olması üçün bütün maddi xərclər üzərinə düşmüşdür. Kənan Həmzəyevə sağlamlıq imkanlarının məhdudluğuna görə (Forma 88) xx.xx.2021-ci il tarixdən “yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən nitq və davranış pozuntusu” diaqnozu verilmiş və həmin tarixdən sosial müavinət təyin edilmişdir. Əlilliyin səbəbi isə “ümumi xəstəlik” kimi qeydə alınmışdır. Kənan Həmzəyevin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi tarixinin düzgün müəyyən edilməsi və yenidən hesablanması üçün 01 sentyabr 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Belə ki, Kənan Həmzəyevin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi tarixinin düzgün müəyyən edilməsi və yenidən hesablanması ilə bağlı müraciət olunsa da, cavabdeh müraciətə mahiyyəti üzrə baxmamış və Kənan Həmzəyevin sağlamlıq imkanlarının məhdudluğu tarixinin düzgün və yenidən hesablanması öhdəliyindən boyun qaçırmış, nəticədə Kənan Həmzəyevin əvvəlki illərlə bağlı təminat almaqla əlaqədar hüquqlarını ciddi şəkildə pozmuşdur. Məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021ci il tarixdən anadan olduğu xx.xx.2009-cu il tarixə dəyişdirilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Həmzəyev Kənan Qabil oğlunun əlillik vəziyyətinə Bakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 - Psixoloji inkişaf pozğunluqları => F84 - Psixoloji inkişafın ümumi pozğunluğu => F84.8 - İnkişafın digər ümumi pozğunluqları; Diaqnozun mətni: yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən nitq və davranış pozuntusu; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması i...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, Həmzəyev Kənan Qabil oğluna Bakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan əlavə alt sistemdə ilkin müraciəti əsasında ona əlillik dərəcəsi verilmişdir. İddiaçının həmin müraciətlərindən əvvəl isə heç bir müraciəti alt sistemdə qeyd olunmamışdır. Bu səbəblərdən də, iddiaçının əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının uşağı Həmzəyev Kənan Qabil oğlunun əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatı qərarında təyinat tarixinin dəyişdirilməsi ilə bağlı iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ilin oktyabr ayında, yəni təxminən 01 il 07 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən xx.xx.2021-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. AZ-İİ seriyalı 376390b saylı xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Həmzəyev Kənan Qabil oğlu xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Həmzəyev Qabil Abbas oğlu, anası İddiaçıdır. Əlillik altsistemdən çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Həmzəyev Kənan Qabil oğlunda ilkin xx.xx.2021-ci il tarixdən 3 il müddəsinə “yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən nitq və davranış pozuntusu” diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Bakı şəhəri 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2736003AADZH saylı xx.xx.2021-ci il tarixli (ilkin) göndərişinə əsasən Həmzəyev Kənan Qabil oğlunda əsas diaqnoz F84.0 Uşaq autizmi, Kanner sindromu, ağırlaşma F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 16 sentyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisənin 2736003AADZH saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə ilkin qiymətləndirilmiş və 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7 bəndinə uyğun olaraq, əlilliklə bağlı pensiya təyinatı tarixindən (xx.xx.2021-ci il tarixdən) etibarən hesablanır. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə və şifahi məhkəmə baxışı iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş, şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, həmin qərar qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən ilkin qiymətləndirmə xx.xx.2021-ci il tarixdən aparılmış, iddiaçıya təqdim edilən imtina xx.xx.2022-ci il tarixli olsa da, onun iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur. İstər xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında, istərsə də xx.xx.2022-ci il tarixli məktubda iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Məhkəmə müəyyən edir ki, sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişdirilməsindən imtinanın əsasları məhz xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X6 Konvensiyasından irəli gəlir. -Konstitusiyanın 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X6 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9) halında uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. 4.4. Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İddiaçı oğlu Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021-ci il tarixdən anadan olduğu xx.xx.2009-cu il tarixə dəyişdirilməsini tələb edir. Həmzəyev Kənan Qabil oğluna Bakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı həmin müraciətdən əvvəl oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə əlaqədar cavabdehə müraciət etməmişdir. Əlillik altsistemdən də göründüyü kimi, iddiaçının ilkin müraciəti əsasında oğlunun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Bu işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, cavabdehin Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021-ci il (ilkin qiymətləndirildiyi) tarixdən müəyyən edilməsi qanunauyğun olmuşdur. Bu səbəbdən də, iddiaçının Həmzəyev Kənan Qabil oğlunun sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixinin xx.xx.2021-ci il tarixdən anadan olduğu xx.xx.2009-cu il tarixə dəyişdirilməsi tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3324/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3324/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver