Məhkəmə qərarları › İş №2-1(112)-3327/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3327/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3327/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təminat vərəqəsində digər növ əlavə kimi qeyd olunmuş 3644 manat müavinətin hərbi qulluqçu kimi pensiyasına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14 maddələrinin şərh edilməsinə dair" Qərarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında göstərildiyi kimi, yəni aylara bölünmədən, tam şəkildə hesablanması və ona 2020-ci ilin iyun ayının 01-dən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 27.11.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin 27.11.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ədliyyə polkovnik-leytenantı rütbəsində, ittiham şöbəsinin prokuroru vəzifəsində hərbi xidmət etmişdir, 31 may 2020-ci il tarixdə 60 yaşı tamam olduğundan hərbi prokurorluq orqanlarından ehtiyata tərxis olunmuş və prokurorluq orqanlarının işçisi kimi ona pensiya təyin olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən aylıq vəzifə maaşı əmək haqqının və digər ödənişlərin hesablanmasının və ödənilməsinin əsasını təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən təminat xərcliyi hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarətdir. Burada istisna kimi ancaq büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər göstərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş 15 sentyabr 2020-ci il tarixli HP-13/68 saylı arayışda göstərilmişdir ki, ona 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müavinət verilmiş və həmin müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Həmin müavinət hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda vəzifə maaşının əsasında dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq hesablanmış və ona ödənilmişdir. Onun topladığı sənədlər ona hərbi qulluqçu kimi yenidən pensiya təyin olunmasından ötrü 23 noyabr 2020-ci il tarixdə yazdığı ərizəsinə əlavə olunaraq cavabdehə göndərilmişdir. 08 dekabr 2020-ci il tarixdə onun ərizəsinə verilmiş cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən təminat xərcliyi barədə məlumatlar xidmət etdiyi müvafiq orqanın müvafiq qurumu tərəfindən tərtib olunub cavabdehə təqdim edildikdən sonra ona hərbi rütbəli şəxs kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla biəcəyi göstərilmişdir. 05 yanvar 2021-ci il tarixdə o, təkrar topladığı sənədləri ərizəsi ilə birlikdə cavabdehə göndərmişdir. 08 fevral 2021-ci il tarixdə verilmiş cavab məktubunda yenə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən təminat xərcliyi barədə məlumatların xidmət etdiyi müvafiq orqanın müvafiq qurumu tərəfindən tərtib olunub Mərkəzi Filiala təqdim olunmasının vacibliyi göstərilmişdir. Ərizə ilə ona təminat xərcliyinin hesablanıb məlumat vərəqəsinin cavabdehə göndərilməsi üçün o, xidmət etdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinə müraciət etmişdir. 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən onun təminat xərcliyi barədə məlumat vərəqəsi tərtib olunaraq cavabdehə poçt vasitəsi ilə göndərilmişdir. Məlumat vərəqəsində təminat xərcliyi ehtiyata buraxıldığı günə aldığı miqdarda 1055 manat aylıq vəzifə maaşı, 134 manat rütbə maaşı, 535,05 manat xidmət illərinə görə əlavəsi, ərzaq payı əvəzinə 64 manat pul kompensasiyası, 158,25 manat məbləğində məharət dərəcəsi, 3644 manat məbləğində müavinət kimi ödənilmiş digər növ əlavə tam şəkildə göstərilməklə hesablanmışdır. 10 iyun 2021-ci il tarixdə təqdim olunmuş təminat xərcliyi barədə məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi pensiya təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 04 avqust 2021-ci il tarixdə ona verilmiş cavab məktubunda cavabdeh göstərmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş 08 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsinə əsasən hərbi qulluqçu kimi ona hazırda aldığı 2686,42 manat pensiyadan az, yəni 1534,27 manat məbləğində pensiya təyin olunacaqdır, ona görə də hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya təyin olunması təxirə salınmışdır. Göründüyü kimi onun təminat xərcliyi hesablanarkən qanuni şəkildə xidmətinin son ayında əlavə kimi aldığı iki aylıq əmək haqqı məbləğində 3644 manat müavinət pulu əsassız olaraq hesablanmamış, məqsədli şəkildə həmin məbləğin üzərindən keçilmişdir. Halbuki, həmin məbləğ tam qanuni şəkildə onun təminat xərcliyinə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən daxil edilmişdir. 04 avqust 2021-ci il tarixdə o, yenidən Mərkəzi Filiala təminat xərcliyi barədə məlumat vərəqəsində xidmətinin son ayında ona digər əlavə kimi verilmiş 3644 manat məbləğində müavinətin qanuni surətdə əlavə olunmasına baxmayaraq, hərbi qulluqçu kimi onun pensiyası hesablanarkən hesablanmamasının səbəbi barədə məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli məktubda yenidən göstərilmişdir ki, hərbi qulluqçu kimi ona pensiya təyin olunacağı təqdirdə pensiya məbləgi 1773,65 manata enəcək, ona görə də hərbi qulluqçu kimi ona pensiya təyin olunması təxirə salınmışdır. Lakin cavab məktubundan göründüyü kimi nəhayət cavabdeh tərəfindən hərbi qulluqçu olaraq onun əmək pensiyası hesablanarkən "Əmək pensiyaları hıqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14 maddələrinin şərh edilməsinə dair" Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təminat xərcliyinə digər növ əlavə kimi qanuni surətdə daxil edilmiş 3644 manat müavinət pulu onun təminat xərcliyinə hesablanmış, lakin onun göstərdiyi Qanun və Qərarların tələblərinə tam əks şəkildə həmin məbləğ heç bir əsas olmadan 12 aya bölünərək 303,67 manat məbləğində pensiyasına əlavə edilmişdir. Onun göstərdiyi Qanun və Qərarların heç birində şəxsin təminat xərcliyi barədə tərtib olunmuş məlumat vərəqəsində digər növ əlavə kimi göstərilmiş vəsaitin ilin 12 ayına bölünməsi yolu ilə hesablanması qaydası nəzərdə tutulmamışdır, təminat xərcliyinin vəzifə maaşı və digər bütün növ əlavələrdən ibarət olması göstərilmişdir. Həmin müavinət onun xidmətinin son ayında deyil, əvvəlki aylarında verilsəydi, onda ilin 12 ayına bölünüb onun təminat xərcliyinə əlavə olunmalı deyildi, ona görə də qanunun tələbinə əsasən son ayda verilmiş müavinət də aylara bölünmədən onun təminat xərcliyində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun göstərdiyi qaydada hesablanaraq ona pensiya təyin olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qızı izahatında bildirdi ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, prokurorluq orqanlarının əməkdaşı kimi pensiya aldığını bildirmiş, lakin hərbi qulluqçu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda Fondun Nəsimi rayon şöbəsi tərəfindən 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona xidmət illərinə görə əmək pensiyası təyin edildiyi, hazırda əmək pensiyasının məbləği 2686,42 manat təşkil etdiyi, eyni zamanda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş İddiaçı məxsus 08 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyqun olaraq ona hərbi qulluqçu kimi əmək pensiyası təyin olunacağı təqdirdə pensiya məbləğinin 2686,42 manatdan 1773,65 manata azalacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələbinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası 20 il hərbi xidmət üçün müvafiq rəminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üçün isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 01 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçı xidmət etdiyini orqandan 31 may 2020-ci il tarixində tərxis olunması ilə əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsinə əsasən təqvimi xidmət illəri 24 il 5 ay 22 gün, ali təhsili 2 il 6 ay və güzəştli xidmət illəri 2 il 4 ay 6 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 29 il 3 ay 28 gün, vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 535,05 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 158,25 manat, digər növ əlavə 303,67 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmağla təminat xərcliyi 2249,97 manat təşkil etmişdir. Əmək pensiyanın ümumi məbləği tərxis olunduğun günə müəyyən olunmuş təminat xərcliyinin (2249,97 manat) 78,83 (55+18+4+1,83) faizi - 1773,65 manat məbləğində hesablanacaqdır. İddiaçı təminat xərcliyində göstərilən 3644,00 manat digər növ əlavənin aylara bölünmədən tam şəkildə pensiyasına əlavə olunmalı olduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 03 fevral 2022-ci il tarixli məktubuna əsasən İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğu müəyyən edilir. Belə ki, əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni pensiya müəyyən qrup insanların tələbatlarının təmin olunmasına, onların itirdikləri əmək haqqı və digər gəlirlərin kompensasiya olunmasına yönəlmişdir. İddiaçı ildə bir dəfə iki aylıq əmək haqqı məbləği həcmində müavinətin onun əmək pensiyasına əlavə edilməsi pensiya hüququnun ümumi prinsiplərinə uyğun hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 08.12.2020-ci il tarixli **********5 saylı məktubda qeyd olunur: Ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra sizə hərbi (xüsusi) rütbəli şəxs kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 04.08.2021-ci il tarixli **********6 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinizə dair sənədlərdə X5 rayon şöbəsi tərəfindən 19 iyun 2012-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinizə əsasən əmək pensiyanız yenidən hesablanaraq 2686,42 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş Sizə dair 8 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə hərbi qulluqçu kimi 1534,27 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunacaqdır. Qeyd edilənləri nəzərə alaraq, hazırda Sizə tərəfimizdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası ödənildiyindən, eyni zamanda hərbi qulluqçu kimi əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa Sizə prokurorluq orqanlarının sabiq əməkdaşı kimi ödənilən pensiya məbləğiniz (2686,42 manat) dayandırılaraq, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (1534,27 manat) təyin ediləcəyi təqdirdə pensiya məbləğiniz azalacaqdır. Buna görə də X4 tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 24.09.2021-ci il tarixli **********8 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 avqust 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinizə dair sənədlərdə X5 rayon şöbəsi tərəfindən iyun 2012-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Hazırda əmək pensiyanızın məbləği 2686,42 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş Sizə dair 8 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunacağı təqdirdə pensiya məbləğiniz 2686,42 manatdan 1773,65 manata azalacaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: - 1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Xidmət etdiyiniz orqandan 31 may 2020-ci il tarixində tərxis olunmağınızla əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş Sizə dair məlumat vərəqəsinə əsasən təqvimi xidmət illəriniz 24 il 5 ay 22 gün, ali təhsiliniz 2 il 6 ay və güzəştli xidmət illəriniz 2 il 4 ay 6 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddətiniz 29 il 3 ay 28 gün, vəzifə maaşınız 1055,00 manat, rütbə maaşınız 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəniz 535,05 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 158,25 manat, digər növ əlavəniz 303,67 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla təminat xərcliyiniz 2249,97 manat təşkil etmişdir. Bu halda əmək pensiyanız aşağıdakı qaydada hesablanacaqdır. 1. Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajınızdan 01.07.2017-31.05.2020-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 11 ay) çıxılır: 26 il 11 ay 22 gün (təqvim ili) -2 il 11 ay= 24 il 22 gün. Deməli, Sizin 01.07.2017-ci il tarixinədək stajınız (güzəştli xidmət illəri ilə birlikdə) ümumilikdə 26 il 4 ay 28 gün (24 il 22 gün+ 2 il 4 ay 6 gün) təşkil edir. 2. 01.07.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 55 faizi; - 6 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi. 3. 01.07.2017-31.05.2020-ci il tarixləri arasındakı (2 il 11 ay) müddəti üçün isə - 2 il üçün - hər ilə görə 2 faizi olmaqla (2x2) təminat xərcliyinin 4 faizi miqdarında; -11 aya görə təminat xərcliyinin 1,83 faizi miqdarında müəyyən edilir. 4. Əmək pensiyanızın ümumi məbləği tərxis olunduğunuz günə müəyyən olunmuş təminat xərcliyinizin (2249,97 manat) 78,83 (55+18+4+1,83) faizi - 1773,65 manat məbləğində hesablanacaqdır. Qeyd olunanlara əsasən Sizə “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 15.09.2020-ci il tarixli HP-13/68 saylı arayışından görünür ki, İddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 09 fevral 2022-ci il tarixli HP-13/11 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş 000011 nömrəli məlumat vərəqəsinin 14.6cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğundan və həmin pul vəsaitinin hərbi xidmətdən buraxıldığı gün ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 30 mart 2022-ci il tarixli HP-13/37 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş 000011 nömrəli məlumat vərəqəsinin 14.6cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğundan və həmin pul vəsaitinin hərbi xidmətdən buraxıldığı gün ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Qeyd edirəm ki, həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. Təminat vərəqəsinin tərtibi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na ƏLAVƏdə göstərilmişdir. Həmin Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 08 aprel 2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. Təminat vərəqəsinin tərtibi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na ƏLAVƏdə göstərilmişdir. Həmin Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərə əsasən iddiaçıya 19.06.2012-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/298-K nömrəli 31.05.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 31.05.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Həmin pensiya işində olan 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən DSMF-na təqdim edilən 000011 nömrəli məlumat vərəqindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 31.05.2020-ci ildə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə tərxis olunmuşdur. İş stajı və xidmət illəri 47 il 08 ay 20 gün təşkil edir. Pul təminatı (təminat xərcliyi) – vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə əlavə 45% - 535,05 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, məharət dərəcəsi 15% - 158,25 manat, digər növ əlavələr 3644,00 manat, cəmi 5590,30 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 9.4-cü maddəsinə əsasən Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun: 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 20.15-ci maddəsinə əsasən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. 31.05.2020-ci ildə iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı cavabdehə inzibati orqana müraciət edərək ona hərbi qulluqçu kimi pensiya təyin edilməsini və onun məlumat vərəqəsində digər növ əlavə kimi qeyd olunmuş 3644 manat müavinətin hərbi qulluqçu kimi pensiyasına aylara bölünmədən tam şəkildə hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 08 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xidmət etmişdir. Ona 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. 31.05.2020-ci ildə isə iddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Həmin vəsait hərbi xidmətdən buraxıldığı gün iddiaçıya ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən DSMF-na məlumat vərəqi də təqdim edilmişdir. Qeyd olunan müavinət həmin məlumat vərəqində pul təminatı bölməsində öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməli və məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləği aylara bölünmədən, tam şəkildə hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məlumat vərəqi 08.06.2021-ci il tarixdə verilsə də, iddiaçı ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi (əmək pensiyasının bir növündən başqa növünə keçmə) barədə cavabdehə ilkin olaraq 27.11.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi 31.05.2020-ci il tarixədək olan bütün məlumatlar (o cümlədən təminat xərcliyi) isə məlumat vərəqində əks olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası 27.11.2020-ci il tarixdən təyin edilməli və təyin edilmiş pensiya məbləği 27.11.2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 27.11.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin 27.11.2020-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar