Məhkəmə qərarları › İş №2-1(112)-3329/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3329/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3329/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyasının yenidən tam şəkildə (düzgün) hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona pul təminatına daxil olan 30% əlavənin nəzərə alınaraq kompensasiyasının yenidən tam şəkildə (düzgün) hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 2.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçula kimi pul təminatına daxil olan “Xüsusi şəraitdə xidmətə görə” vəzifə maaşının 30% əlavəsi nəzərə alınaraq kompensasiyanın yenidən hesablanaraq fərq məbləginin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan mayor İddiaçı 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixədək Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olaraq “xüsusi təyinatli hərbi hissədə” xidmət keçmiş, Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən tərxis olunmuşdur. Xəstəliyinin səbəb əlaqəsi Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 5282 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli müharibə əlilliyi təyin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əlili vəsiqəsi ilə təmin olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarına əsasən, yuxarıda göstərilən səbəblərə və “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti” olduğunu görə iddiaçıya Müdafiə nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində 41310 manat məbləğində kompensasiya ödənilmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən ödənilmiş kompensasiya tam şəkildə (düzgün) hesablanmamışdır. Belə ki, həmin dövrdə Müdafiə Nazirliyi tərəfindən kompensasiya məbləği hesablanan zaman, pul təminatına (təminat xərcliyinə) daxil olmalı olan “Xüsusi şəraitdə xidmətə görə” vəzifə maaşının 30% əlavəsi (193 manat 50 qəpik) və 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 10% əlavəsi (64 manat 50 qəpik)” nəzərə alınmadığından, ümumi kompensasiya məbləğinə hesablanmamış və iddiaçının hesabına köçürülməmişdir. Son nəticədə isə iddiaçının hesabına 50598 manat ödənilməli olduğu halda, yalnız 41310 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pul təminatı (təminat xərcliyi) - hərbi qulluqçuların aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) ibarət olan məbləğdir. Bununla bağlı 31 iyul 2021-ci il tarixində cavabdehə ünvanladığı ərizəyə baxılaraq 15 sentyabr 2021-ci il tarixli cavab məktubuna əsasən, iddiaçıya məxsus olan kompensasiyanın yenidən düzgün şəkildə hesablanmasından və ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilə birlikdə məhkəmə sərəncamı icra edilməsi üçün cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180- 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. İddia ərizəsində göstərilmiş 30% əlavə, İddiaçı qeyd etdiyi kimi xidmətin xüsusi şəraitinə görə deyil, bəzi kateqoriyadan olan hərbi qulluqçuların xidmətdə fərqlənməyə görə ödənilən əlavə mükafat xarakteri daşıyır və pul təminatına daxil deyildir. Bu ödəniş hərbi qulluqçu tərəfindən 6 ay ərzində yerinə yetirilən xüsusi tapşırıqların (əldə etdikləri əməliyyat məlumatların) vacibliyi (əhəmiyyətlik dərəcəsi) nəzərə alınmaqla verilir. Bu əlavə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanmışdır. Əlavənin ödənişi N nömrəli hərbi hissə komadirinin təqdimatı əsasında hər 6 aydan bir Azərbaycan Ordusunun Qərargah rəisi tərəfindən verilən əmrlə rəsmiləşdirilir və yerinə yetirilən xüsusi işlərin əhəmiyyətindən asılı olaraq 10-30% həcmində müəyyən edilir. Bu səbəbdən də xidmətdə fərqlənməyə görə ödənilən əlavə mükafat xarakteri olduğu üçün həmin əlavədən xəsarətə görə kompensasiyanın ödənilməsi qanunsuz və əsassızdır. “Region” X1 arayışına uyğun olaraq İddiaçı pul təminatı aşağıdakı kimi olmuşdur: 1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Məxfiçiliyə görə faiz əlavəsi (15%). 5. 2-ci məharət dərəcəsi (15%) Cəmi:1147,50 manat. Ümumilikdə İddiaçı xəsarətə görə 41310 manat məbləğində kompensasiya ödənilmişdir (1147,50 x 36 ay = 41310). İddiaçı xx.xx.2019-cu il tarixdə hərbi xidmətdən buraxılmışdır. İddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi barədə protokol araşdırılarkən məlum olmuşdur ki, xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına 2-ci məharət dərəcəsinə görə əlavə (15%) daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0138 nömrəli əmri ilə İddiaçı 1-ci məharət dərəcəsi xx.xx.2019-cu il tarixdən bərpa olunmuşdur. Bu səbəbdən də İddiaçı xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına 1-ci məharət dərəcəsinə görə əlavə (25%) daxil edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı məharət dərəcəsi üzrə əlavə olaraq 2322 manat məbləğində xəsarətə görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab olunur, (məharət dərəcəsi (25% - 15%) = 10%, vəzifə maaşı 645 manat x 10% = 64,50 x 36 ay = 2322 manat). Xidmətdə fərqlənməyə görə İddiaçı ödənilən əlavənin pul təminatına daxil edilməməsi səbəbindən, həmçinin onun mükafat xarakteri daşıdığı üçün həmin əlavədən xəsarətə görə kompensasiyanın ödənilməsi hissədə olan iddia tələbinin rədd edilməsi və məharət dərəcəsi üzrə əlavə olaraq 2322 manat məbləğində xəsarətə görə kompensasiyanın ödənilməsi hissəsində isə mübahisə predmeti olmadığından qərardad edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında, eyni zamanda, işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 15/2470 nömrəli məktubu ilə bildirilmişdir ki, “Sizin 31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə Kompensasiya ödənilməsi barədə ərizənizə Müdafiə Nazirliyinin Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (olmuş) xəsarət (yaralanma travma kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” üzrə Komissiyasında baxılmışdır. Xidməti vəzifənizin icrası zamanı qazanılan xəstəliklə əlaqədar xx.xx.2020-ci il tarixdə kompensasiyanın ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmisiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cu tl tarixli Qərarının icrası ilə bağlı, ərizənizə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə komissiyasında baxılmış, komissiyanın 2020-ci il tarixli 02 nömrəli iclas protokoluna əsasən, Sizə 41310 (qırx bır min üç yüz on manat) məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı həmin məbləğ Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən 18.06 2020-ci il tarixdə təqdim etdiyiniz Azərbaycan Beynəlxalq Bankında açılmış AZ64İBAZ******************** nömrəli hesaba köçürülmüşdür. Təkrar kompensasiya təyin edilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 663 saylı arayışından görünür ki, həqiqətən “Region” X1 hərbi qulluqçusu mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin subyektidir. Xəstəliyi ilə əlaqədar olaraq, 2015-ci ildən etibarən Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında bir neçə dəfə stasionar müalicə almışdır. Xəstəliyi hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Arayış: MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etmək üçün verilir. “Region” X1 238 saylı 28 sentyabr 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, “Region” 1-ci şöbənin istiqamətin bölgə müxbiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmri ilə Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 28 sentyabr 2019-cu il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yasamal Rayon İdarəsinə göndərilmişdir. Mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2019-cu ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 50% həcmdə almağa layiqdir. 2019-cu ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmişdir. 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. Mayor İddiaçı, xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar 5 (beş) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmrindən çıxarış (m.d.o. №715). İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdə hərbi and içmiş, müxtəlif hərbi vəzifələrdə çalışmış, “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin” subyektidir. İddiaçıya məxsus 039102 saylı vəsiqədən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Ərazi Bütövlüyünün müdafiəsi zamanı 2 dərəcəli əlildir. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 5282 nömrəli Xəstəlik Şəhadətnaməsindən görünür ki, iddiaçının aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli 20030446 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlilliyinə görə 230 (iki yüz otuz) manat Prezident təqaüdü alır. Cavabdehin xx.xx.2021-ci il tarixli 25/3067 saylı məktubundan görünür ki, eyni məzmunlu müraciəti xx.xx.2021-ci il tarixli 15/2470 nömrəli məktubla cavablandırılmışdır. Kompensasiya təyin olunarkən “Kompensasiya təyin edilməsi üzrə Komissiya”ya ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsinə əlavə etdiyi pul attestatı və tərtib olunmuş pul təminatı barədə məlumatlar nəzərə alınmışdır. Məhkəmənin sorgusu ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli 8/943 saylı məktubu ilə göndərilmiş sənədlərə əsasən: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN – 12767 saylı məlumat vərəqəsindən görünür ki, iddiaçının 18 il 01 24 gün xidmət müddəti var, pul təminatı tərxis olundugu xx.xx.2019-cu il tarixə aşağıdakılardan hesablanmışdır:

1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Məxfiçiliyə görə faiz əlavəsi (15%). 5. 1-ci məharət dərəcəsi (25%) 161.25 manat. Ərzaq payı əvəzinə kompensasiya 64 manat. Xüsusi qulluq şəraitinə görə 30% - 193.5 manat. Cəmi: 1469,5 manat. Maliyyə və Büdcə İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Müdafiə nazirinin 00143 nömrəli 19 may 2021-ci il tarixli əmrilə Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 00118 nömrəli 08 iyun 2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında Müdafiə nazirinin birinci müavini-Siiahlı Qüvvələrin Baş Qərargah rəisinin 2019-cu il 08 iyun tarixli 00118 nömrəli əmrinə əlavə olunmuş “Kəşfiyyat Baş İdarəsində “Xüsusi Əməliyyat Kəşfiyyatı” ixtisaslı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının xidmətdə fərqlənməyə görə vəzifə maaşına əlavələr ödənilməli olan hərbi qulluqçuların Siyahısı”nda “mayor X3 30% sözlərindən sonra “mayor İddiaçı 30 % sözləri əlavə edilsin”. Məhkəmənin sorgusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının pensiya işindəki sənədlərə əsasən: “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarı ilə iddiaçının pensiyasına təminat xərcliyi təyin olundugu xx.xx.2019-cu il tarixdən aşağıdakılardan yenidən hesablanmışdır: 1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Ərzaq payı əvəzinə kompensasiya 64 manat. 5. 1-ci məharət dərəcəsi (25%) 161.25 manat. 6. Məxfiçiliyə görə faiz əlavəsi (15%) 96.75 manat. Cəmi: 1276.00 manat. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarı ilə iddiaçının pensiyasına təminat xərcliyi təyin olundugu xx.xx.2019-cu il tarixdən aşağıdakılardan yenidən hesablanmışdır: 1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Ərzaq payı əvəzinə kompensasiya 64 manat. 5. 1-ci məharət dərəcəsi (25%) 96,75 manat. 6. Xüsusi qulluga görə (30%) – 193.50 manat. 7. Məxfiçiliyə görə faiz əlavəsi (15%). Cəmi: 1469,50 manat. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladıgı xx.xx.2022-ci il tarixli ********** saylı təminat xərcliyi haqqında məktubunda bildirilmişdir ki, iddiaçıya 21 fevral 2020-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 24 iyun 2021-ci il tarixli MN-12767 nömrəli yeni məlumat vərəqəsində xidmət müddəti 18 il 1 ay 24 gün, rütbə “mayor”, vəzifəsi “Region” Müstəqil araşdırılmalar mərkəzinin 1-ci şöbəsinin istiqamətin bölgə müxbiri”, ehtiyata buraxılma tarixi 28 sentyabr 2019-cu il, ehtiyata buraxılma səbəbi “öz arzusu ilə”, vəzifə maaşı 645,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəsi 159,00 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 161,25 manat, xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 193,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 96,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1469,50 manat göstərilmişdir. Mərkəzi Filial tərəfindən təminat xərcliyinin 80 faizi-1175,60 manat məbləğində hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası ödənilir. Əlavə olaraq bildirilmişdir ki, cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-117,56 manat maddi yardım ödənilir. İşin araşdırılan hallarından məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış iddiaçıya 41.310 (qırx bır min üç yüz on manat) məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Lakin iddiaçı ona pul təminatına daxil olan xüsusi qulluq şəraitinə görə 30% pul vəsaitinin hesablanmadığını iddia edərək, cavabdehə bu barədə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. İlk öncə qeyd edilməlidir ki, iddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq müharibə əlili kimi pensiyaya çıxmışdır. Bu baxımdan iddiaçının sözügedən Qaydaların təsiri altına düşməsi barizdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cu tl tarixli Qərarının icrası ilə bağlı iddiaçının ərizənə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə” Komissiyasında baxılmış, komissiyanın 2020-ci il tarixli 02 nömrəli iclas protokoluna əsasən, ona 41310 (qırx bır min üç yüz on manat) məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı həmin məbləğ Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən 18.06 2020-ci il tarixdə iddiaçının təqdim etdiyi bank hesabına köçürülmüşdür. Təkrar kompensasiya təyin edilməsi barədə iddiaçının müraciətinə isə səlahiyyət xaricində oldugu bildirilmişdir. Cavabdehin etirazının dəlillərinə görə iddia ərizəsində göstərilmiş 30% əlavə, iddiaçının qeyd etdiyi kimi xidmətin xüsusi şəraitinə görə deyil, bəzi kateqoriyadan olan hərbi qulluqçuların xidmətdə fərqlənməyə görə ödənilən əlavə mükafat xarakteri daşıyır və pul təminatına daxil deyil, bu ödəniş hərbi qulluqçu tərəfindən 6 ay ərzində yerinə yetirilən xüsusi tapşırıqların (əldə etdikləri əməliyyat məlumatların) vacibliyi (əhəmiyyətlik dərəcəsi) nəzərə alınmaqla verilir, əlavə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanmış, əlavənin ödənişi N nömrəli hərbi hissə komadirinin təqdimatı əsasında hər 6 aydan bir Azərbaycan Ordusunun Qərargah rəisi tərəfindən verilən əmrlə rəsmiləşdirilir və yerinə yetirilən xüsusi işlərin əhəmiyyətindən asılı olaraq 10-30% həcmində müəyyən edilir. Bu səbəbdən də xidmətdə fərqlənməyə görə ödənilən əlavə mükafat xarakteri olduğu üçün həmin əlavədən xəsarətə görə kompensasiyanın ödənilməsi qanunsuz və əsassızdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 663 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. “Region” X1 238 saylı 28 sentyabr 2019-cu il tarixli əmrinə görə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmri ilə Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 28 sentyabr 2019-cu il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 5282 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçının aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlilliyinə görə 230 (iki yüz otuz) manat Prezident təqaüdü alır. Maliyyə və Büdcə İdarəsinin xx.xx.2021ci il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Müdafiə nazirinin 00143 nömrəli 19 may 2021-ci il tarixli əmrilə Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 00118 nömrəli 08 iyun 2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında Müdafiə nazirinin birinci müavini-Siiahlı Qüvvələrin Baş Qərargah rəisinin 2019cu il 08 iyun tarixli 00118 nömrəli əmrinə əlavə olunmuş “Kəşfiyyat Baş İdarəsində “Xüsusi Əməliyyat Kəşfiyyatı” ixtisaslı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının xidmətdə fərqlənməyə görə vəzifə maaşına əlavələr ödənilməli olan hərbi qulluqçuların Siyahısı”nda “mayor X3 30% sözlərindən sonra “mayor İddiaçı 30 % sözləri əlavə edilsin”. Məhkəmənin sorgusu ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli 8/943 saylı məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN-12767 saylı məlumat vərəqəsinə əsasən iddiaçının 18 il 01 24 gün xidmət müddəti var, pul təminatı tərxis olundugu xx.xx.2019-cu il tarixə aşağıdakılardan hesablanmışdır: 1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Məxfiçiliyə görə faiz əlavəsi (15%). 5. 1-ci məharət dərəcəsi (25%) 161.25 manat. Ərzaq payı əvəzinə kompensasiya 64 manat. Xüsusi qulluq şəraitinə görə 30% - 193.5 manat. Cəmi: 1469,5 manat. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının pensiya işindəki “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarı ilə iddiaçının pensiyasına təminat xərcliyi təyin olundugu xx.xx.2019-cu il tarixdən aşağıdakılardan yenidən hesablanmışdır: 1. Vəzifə maaşı - 645 manat. 2. Hərbi rütbə maaşı - 150 manat. 3. Xidmət illərinə görə faiz əlavəsi (20%) - 159 manat. 4. Ərzaq payı əvəzinə kompensasiya 64 manat. 5. 1-ci məharət dərəcəsi (25%) 96,75 manat. 6. Xüsusi qulluga görə (30%) – 193.50 manat. 7. Məxfiçiliyə görə faiz əlavəsi (15%). Cəmi: 1469,50 manat. Beləliklə də iddiaçıya tibbi kompensasiya verilərkən hərbi xidmətdən buraxıldığı günə olan təminat xərcliyi nəzərə alınmış, lakin xüsusi qulluga görə (30%) əlavə təminat xərcliyinə daxil edilsə də nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Təminat xərcliyi isə (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Onu da nəzərə almaq lazımdır ki, təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur...Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun...Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir”. Belə olan halda, hazırkı iddiaçıya tibbi kompensasiyanın hərbi xidmətdən buraxıldığı günə olan təminat xərcliyinə daxil olan xüsusi qulluga görə (30%) əlavə də nəzərə alınmaqla verilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçula kimi pul təminatına daxil olan “Xüsusi şəraitdə xidmətə görə” vəzifə maaşının 30% əlavəsi nəzərə alınaraq kompensasiyanın yenidən hesablanaraq fərq məbləginin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçula kimi pul təminatına daxil olan “Xüsusi şəraitdə xidmətə görə” vəzifə maaşının 30% əlavəsi nəzərə alınaraq kompensasiyanın yenidən hesablanaraq fərq məbləginin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar