Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-333/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X59 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X9, üçüncü şəxslər X34, X10, X47, X14, X11, X58, X12, X27, üçüncü şəxs X4 vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X34 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yeni çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış ləğv edilərək, onların payları göstərilməklə, hər kəsin payı paylar üzrə müəyyən edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xudu Məmmədov küç.,13 ünvanında yerləşən bərbərxana və bərbərxananın sahəsi Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" firmasının 1 nömrəli bərbərxanasıdır. xx.xx.1997-ci il tarixdə həmin müəssisə alqı-satqı müqaviləsinə əsasən (2898 nömrəli müqavilə) Dövlət Əmlak Komitəsindən alınmış, alıcı qismində o, etibarnamə əsasında alqı-satqıda iştirak etmiş və müəssisəni almışlar. Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" Firmasının əmlakında olan öz paylarını birləşdirməklə payçılar “Tural-B” firmasını təsis etmişlər. Hər bir payçının “Tural-B” firmasında payları müəyyən olunmuşdur. Nizamnamə fonduna əsasən əmlakın 61,52 faizi iddiaçının, 2,05 faizi hər bir payçının payı olmaqla 19 nəfər payçıların payı müəyyən olunmuşdur. Bundan sonra “Tural-B” firması fəaliyyətini davam etdirmişdir. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, digərləri (19 nəfər) ilə onun payı paylar üzrə bərabər bölünmüşdür. Halbuki əmlakın 61,52 faizi onun, 2,05 faizi digərlərinin payıdır. Qeyd edilənlərə əsasən həmin çıxarış ləğv edilərək, onların payları göstərilməklə, hər kəsin payı paylar üzrə müəyyən edilməklə yeni çıxarış verilməlidir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, müraciətinə cavabdeh orqan tərəfindən cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış Seriya RX № ******* Çıxarışa əsasən paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən ona düşən hissə göstərilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 aprel 2021-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001752 qeydiyyat nömrəli, xx.xx.1997-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən ünvan 4 ünvanda yerləşən "xxxx" İKF-ın 1 nömrəli bərbərxanasına dair ümumi birgə mülkiyyət üzrə hüquqları tanınmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair pay bölgüsünün aparılması barədə notarial qaydada təsdiq olunmuş müqavilə təqdim olunacağı təqdirdə iddiaçının müraciətinə yenidən baxıla bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-612/2019 nömrəli qərardadına əsasən paylara uyğun çıxarışın verilməsinə dair iddia mümkün sayılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2037/2021 saylı qərardadı ilə, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarı ləğv olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən iddiaçıya düşən hissə göstərilməklə mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, … 1.Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə qeyri-yaşayış sahəsinin digər payçıları inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdirlər. 2. İş materiallarında olan “Tural-B” firmasının xx.xx.1997-ci il tarixli təsis müqaviləsinə əsasən iddiaçı və digər şəxslər arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirirlər və “Tural-B” firmasını təsis edirlər, firmanın nizamnamə fondunda iddiaçının payı 26.697.543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878.708 AZM – 2,025% müəyyən olunmuşdur. Lakin iş materiallarında olan xx.xx.2011-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı da daxil olmaqla 20 adda şəxsin ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair payların müəyyən olunub-olunmadığı araşdırılmamışdır. 3. Eyni zamanda 2017-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin 59 kv.m-ri iddiaçı tərəfindən X1 zaman digər mülkiyyətçilərin razılığının alınıb-alınmadığı müəyyən edilməmişdir. Hazırki işdə digər ziddiyyətli məqamlar da qalmışdır ki, işə yenidən baxacaq 1-ci instansiya məhkəməsi bunları aradan qaldırıb əsaslı və qanuni qərar qəbul etməlidir. Belə ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində yalnız ona yeni çıxarışın verilməsini tələb etsə də, ilkin iddia ərizəsində bütün təsisçilərin payları ayrıca göstərilməklə, onlara yeni çıxarışın verilməsini tələb etmiş, bu zaman onun başqa təsisçilərin adından çıxış etmək səlahiyyəti olması barədə işdə hər-hansı hüquqi sənəd mövcud olmamışdır. Digər tərəfdən, iddiaçı ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın təsis müqaviləsində müəssisənin nizamnamə fondundakı payına uyğun çıxarışın verilməsini istəyir. Əvvəla, işin materiallarında müəssisənin təsisçiləri arasında daşınmaz əmlakın bölünməsi haqqında hər hansı razılaşmanın olması müəyyən edilmir, işdə olan təsisçilərin bağladığı təsis müqaviləsi isə daşınmaz əmlaka dair payların bölünməsi barədə deyil, hüquqi şəxsin nizamnamə fondunda payların müəyyən edilməsi barədə olmuşdur. Cavabdehin həmin hal ilə əlaqədar göstərdiyi dəlillər tam əsaslıdır. Nəzərə alınmalıdır ki, cavabdeh təsisçilərin razılığ olmadan özbaşına onların əmlakını bölə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı təsis müqavələsində qeyd olunmuş 61,52% payına uyğun daşınmaz əmlakın müvafiq hissəsini tələb edir. Bu zaman aydın olmur ki, o, əmlakın satılmasından sonra yerdə qalan ümumi birgə mülkiyyət olan 121,2 kv.m sahənin 61,52%-ni istəyir, yoxsa həmin mülkiyyətin əvvəlki sahəsindən 61,52%-ni. Nəzərə alınmalıdır ki, birinci halda, digər təsisçilərin daşnmaz əmlakdakı payları sahə baxımından xeyli azalır. Bu halda da, onalırın müvafiq rəyləri alınmalıdır İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X34, X10, X48, X23, X49, X47, X13, X14, X11, X58, X12, X28, X50, X6, X16, X35 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən ona, yəni İddiaçı aid 61,52 faizinin 59 kv.metri satıldıqdan sonra yerdə qalan 53 kv.m-i göstərilməklə onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxslər X58, X14, X11, X12, X6, X16, X10, X50, X23, X49, X13, X3 Musa Sabir oğlu iddia ərizəsinə etirazında bildirmişlər ki, iddiaçının onlarla eyni pay sahibi olduğunu onların iddiaçıya qarşı “mülkiyyətə maneənin aradan qaldırılması” barədə qarşılıqlı iddiasına baxılarkən, onların ilk iddianın təmin, iddiaçının qarşılıqlı iddiasının rədd olunması barədə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qüvvədə saxlanması barədə Ali Məhkəmənin 30 oktyabr 2018-ci il tarixli qərarı təsdiq edir. Belə ki, “Tural-B” firması Xudu Məmmədov 13 ünvanlı mülkiyyət bərabər əsaslarla tərəflərindən özəlləşdirildikdən 4 ay sonra təsis edilmiş, beləliklə həmin firmada olan Nizamnamə kapitalındakı paylar bölgüsü mübahisələndirilən qeyri-yaşayış sahədəki əmlak hüquqlarına şamil edilə bilməz. Bundan başqa “Tural-B” firmasının Nizamnamə kapitalı cüzi pul vəsaiti olmaqla, orada nə hazırda mübahisələndirilən Xudu Məmmədov 13, nə də hər hansı digər daşınmaz əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və üçüncü şəxs X4 vəkili X17 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tural-B” firmasının xx.xx.1997-ci il tarixli təsis müqaviləsinə əsasən İddiaçı və digər şəxslər X29, X7, X48, X36, X23, X24, X30, X12, X15, X8, X51, X47, X34, X49, X42, X50, X10, X58, X18 arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirirlər və “Tural-B” firmasını təsis edirlər, firmanın nizamnamə fondunda iddiaçının payı 26697543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878708 AZM – 2, 025% müəyyən olunmuşdur; “Tural-B” firmasının Nizamnaməsinə əsasən müəssisənin nizamnamə fondu 43.393.000 AZM təşkil edir, iddiaçının payı 26.697.543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878.708 AZM – 2,025% təşkil edir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsi ("xxxx" İKF-nın 1 saylı bərbərxanası) ümumi birgə payda olmaqla İddiaçı və digər 19 nəfər şəxsin adına xüsusi mülkiyyət kimi xx.xx.2011-ci ildə qeydə alınmışdır; xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanda yerləşən ümumi sahəsi 180,2 kv metr olan qeyri-yaşayış sahəsinin ("xxxx" İKF-nin 1 saylı bərbərxanası) 59 kv.metrini X2 öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov, 13 ünvanda yerləşən qeyri-yaşatış sahəsi (180 kv metr) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri kimi X35 (payı 25,0 kv metr), X28 (payı 34,0 kv metr), X36, X48,X50, X37, X24, X30, X23, X49, X18, X51, X34, X47, X13, X14, X19, X26, X58, X20, X10, İddiaçı (birlikdə payları 121,2 kv metr) göstərilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişir ki, təqdim edilmiş və eyni zamanda komitənin arxivindəki sənədlərdən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" firmasının 1 nömrəli bərbərxanası həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq əmək kollektivi tərəfindən özəlləşdirilmiş və bu barədə onlara xx.xx.1997-ci il tarixli, 001752 nömrəli şəhadətnamə verilmişdir. Əmək kollektivinə düşən pay bölgüsü qanunvericiliyə uyğun olaraq Dövlət Əmlak Komitəsi ilə razılaşdırılaraq, xx.xx.1997-ci il tarixli, “Tural-B” firmasının təsis müqaviləsində göstərilməklə, notarial qaydada təsdiq edilmişdir. Bu barədə iddiaçıya onun müraciətinə cavab olaraq xx.xx.2018ci il tarixli məktubla da cavab verilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı və kollektivin adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 180,2 kv.m olan 1 saylı bərbərxanaya 01752 nömrəli, xx.xx.1997-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə tərtib edilmişdir. Sonradan qeyd olunan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış ilə İddiaçı (ümumbirgə) adına dövlət reyestrində qeydiyyata alınmışdır. 9 saylı NK-nın 4ə-570 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumbirgə mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 180,2 kv.m olan ("xxxx" İKF-nin 1 saylı bərbərxanası) qeyri-yaşayış sahəsindən ona məxsus hissədən 59 kv.m təşkil edən hissə X21 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Yerdə qalan hissə ilə bağlı (84.84 kv.m.-dən bir hissə) İddiaçı adına ********** saylı, xx.xx.2018-ci il tarixli çıxarış tərtib olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ("xxxx" İKF-ın 1 saylı bərbərxanası) 84.84 kv.m-dən bir hissəsi hazırda İddiaçı xüsusi mülkiyyətindədir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixli təsis müqaviləsinə əsasən İddiaçı və digər şəxslər Bakı şəhəri Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin "xxxx" firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirmiş və “Tural-B” firmasını təsis etmişlər,firmanın nizamnamə fondunda iddiaçının payı 26697543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878708 AZM – 2, 025% müəyyən olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək əmlakın ona aid payı göstərilməklə yeni çıxarışın verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən qeyri-yaşayış Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən ona aid 61,52 faizinin 59 kv.metri satıldıqdan sonra yerdə qalan 53 kv.metri göstərilməklə adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-ci maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İşin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti daşınmaz əmlak iddiaçı və üçüncü şəxslərin ümumi birgə mülkiyyətindədir və paylar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinin tələbindən də göründüyü kimi ümumi əşyaya birgə mülkiyyət iştirakçılarının paylı mülkiyyəti bu şəxslərin razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsas müəyyənləşdirilə bilər. Payların müəyyən edilməsinə dair məhkəmə qərarının olmaması işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, işin materiallarında müəssisənin təsisçiləri arasında daşınmaz əmlakın bölünməsi, payların müəyyən edilməsi haqqında hər hansı razılaşmanın olması müəyyən edilmir, işdə olan təsisçilərin bağladığı təsis müqaviləsi isə daşınmaz əmlaka dair payların bölünməsi barədə deyil, hüquqi şəxsin nizamnamə fondunda payların müəyyən edilməsi barədə olmuşdur. Cavabdehin həmin hal ilə əlaqədar göstərdiyi dəlillər tam əsaslıdır. Nəzərə alınmalıdır ki, cavabdeh təsisçilərin razılığı olmadan özbaşına onların əmlakını bölə bilməz. Bundan əlavə, qeyd edilən əmlakın hüquqi şəxsin nizamnamə kapitalına da daxil olması müəyyən edilmir. Birgə mülkiyyətçilər əmlaka olan paylarını hüquqi şəxsə verməklə təsis etmişlərsə də, həmin əmlak hüquqi şəxsin mülkiyyəti olmaqla daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmalı idi. Həmçinin qeyd edilməlidir ki, hüquqi şəxsin iştirakçısı (hazırkı halda iddiaçı) hüquqi şəxsdən çıxdıqda onun nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia müddətinin tətbiqi ilə bağlı üçüncü şəxslərin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Hazırkı iddia nə ailə münasibətlərindən, də mülki münasibətlərdən irəli gələn tələb deyil. Bu iddiada cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı hərəkətləri mübahisələndirilir ki, bu da cavabdehin publik hüquq sahəsində fəaliyyəti ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati məhkəmə icraatında yalnız İPM-in 38-ci maddəsində iddia müddəti nəzərdə tutulmuşdur ki, o da mübahisələndirmə və məcburetmə haqqında iddiaların verilməsi üçün nəzərdə tutulmuş prosessual məhdudiyyətdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan həmin maddə də tətbiq edilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X34 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yeni çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-333/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-333/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver