Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3330/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün N.Mustafayevə ayrılmışdır. Daha sonra aramızda notarial formada razılaşmaya əsasən cavabdehə müraciət edərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi xahiş edilmiş, lakin tələbin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır və notarial formalı razılıq nəzərə alınmaqla müraciət təmin edilməlidir. Məhkəmənin qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da göründüyü kimi bələdiyyə qərarı ilə üçüncü şəxs X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərar əsasında N.Musfafayevə ayrılmış torpaq sahəsinə dair bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin N.Mustafayevin razılıq ərizəsi əsasında özünün adına sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan razılıq ərizəsindən də görünür ki, üçüncü şəxs N.Mustafayev onun adına olan torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi hazırkı iddia forma baxımından olmasa da məzmun baxımından üçüncü şəxsin adına olan bələdiyyə qərarında dəyişiklik edilməsi, iddiaçının adına həmin qərarın və qərar əsasında tərtib edilmiş digər sənədlərin onun adına keçirilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmini əsası mövcud deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin:
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən şəxslərin mülkiyyətinə vermək, torpaq sahəsini zəruri olduğu halda geri qaytarmaq, məzmun etibarı ilə də həmin torpaq sahəsinin başqa şəxsin adına da sənədləşməsinə münasibətdə sərəncam vermək kimi səlahiyyətlərə malikdir. Hazırkı iş üzrə də bələdiyyə həmin səlahiyyətlərindən istifadə edərək üçüncü şəxsin mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etmiş, torpaq sahəsinin həmin şəxsin mülkiyyətinə keçirilməsi barədə iradə ifadəsini göstərmişdir. İddiaçının hazırkı tələbi isə bələdiyyənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən istisnalar nəzərə almaqla torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilməklə ayrılmasına dair normativ tələbinin müddəalarına uyğun deyil. Belə ki, istər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, istər "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin, istərsə də aidiyyəti torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması ilə bağlı müddəa müəyyən etmişdir. İddiaçı isə hərrac və müsabiqə keçirilmədən adıçəkilən torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb edir. Göründüyü kimi iddiaçı cavabdehin səlahiyyətindən kənar torpaq sahəsinin ayrılmasında iddialıdır. Məhkəmə hesab edir ki, hətta adıçəkilən səlahiyyət mövcud olsa belə, bələdiyyənin torpaq sahəsinin ayrılmasına münasibətdə səlahiyyəti diskresion səlahiyyət qismində qiymətləndirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Hazırkı halda da cavabdeh torpaq sahəsinin ayrılmasına münasibətdə diskresion səlahiyyətindən istifadə edərək üçüncü şəxsin adına torpağın satılması barədə qərar qəbul etmişdir ki, iddiaçının tələbi ilə torpaqayırma sənədlərində hər hansı dəyişikliyin edilməsi zərurəti, həmin torpaq sahəsinin üçüncü şəxsin adından digər bir şəxsin adına keçirilməsinin məcburiliyindən söhbət belə gedə bilməz. Bu zaman üçüncü şəxsin hər hansı razılığının olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilməsi yolverilməzdir. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov