Məhkəmə qərarları › İş №2-1(112)-3331/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3331/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3331/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs Mənzil Kommunal Təsərrüfat Departamentinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, daimi yaşadığı (olduğu) Bakı şəhəri, ünvan 10na qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olduğu üçün xx.xx.1999-cü ildən xx.xx.2012-ci ilədək ünvan 1 ünvanında yerləşən 3 saylı Uşaq evində təhsil almış və orada da yaşamışdır. 2014-cü ildən isə Bakı şəhəri Nizmai RİH-in köməkliyi ilə hazrıda faktiki olaraq yaşadığı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansında olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 saylı evin (yataqxananın) 7 saylı otağında yaşayır, formal olaraq isə 3 saylı Uşaq evində - ünvan 2 ünvanında qeydiyyatdadır. Faktiki olaraq 8 ildən artıq yaşadığı ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Mənzil-Kommunal Təsərrüfat Departamenti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində iddianın mahiyyəti ilə bağlı münasibət bildirilmədən qəbul ediləcək qərar icraya yönəldikdən sonra icraya ediləcəyi qeyd edilmişdir. Üçüncü şəxs Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı uzun illər qeydiyyatsız yaşadığı ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binasının 7 saylı mənzilinə yaşayış yeri üzrə daimi qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında iddiaçının ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binasının 7 saylı mənzilinə qeydiyyata alınmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, ünvan 10na qeydiyyata alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -5 saylı “ASAN Xidmət” mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır. -141 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 1322 №-li arayışının surətindən görünür ki, İddiaçı valideyn himayəsindən məhrum olmuş gənclərin yerləşdirildiyi ünvan 5 ünvanında yaşayır. -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 19 №-li arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.1999-cu ildən Xətai rayonu 3 saylı uşaq evində (Telnov küçəsi, 12b) yaşayıb, tərbiyə almış, xx.xx.2012-ci ildə uşaq evini tərk etmişdir. Valideynləri haqqında məlumat yoxdur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 12b saylı binanın 3 nömrəli uşaq evi idarəsində qeydiyyatdadır və 2014-cü ildən K.Balakişiyev küçəsi, 25 saylı binanın 7-ci mənzilində yaşayır. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən alınmış sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 25 ünvanında yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və istismar edilməsi üçün həmin Birliyin 141 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq nəzərdə tutur. Həmçinin vurğulanmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Qeyd olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, qeydiyyat şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə istinad olunan Plenum Qərarından göründüyü kimi, şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı başqa ünvanda qeydiyyatda olsa da, uzun müddətdir faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 saylı evin (yataqxananın) 7-ci mənzilində yaşayır və sözügedən mənzilin balanssaxlayıcısı olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddiaçının həmin mənzilə qeydiyyata alınmasına etiraz etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, ünvan 10 ünvanına qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur və bu qeydə alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Odur ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 25 saylı evin (yataqxana) 7 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar