Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3331/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X3 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı “ünvanlı dövlət sosial yardımının bərpa edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Ərizə iddia tələbi “iddiaçı X4 ünvanlı sosial yardımın dayandırılmasının qanunsuz hesab edilməklə dayandırıldığı 01 sentyabr 2023-cü il tarixindən bərpa edilməsi və ödənilməmiş ünvanlı sosial yardımın ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Lakin sonradan cavabdeh tərəfindən sosial yardımın ödənilməsi dayandırılmışdır. İddiaçı ünvanlı dövlət sosial yardımın bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatlara əsasən, iddiaçının əri X11 (FİN: 55AYPJM) işəgötürən X7 (VÖEN: **********) ilə əmək müqaviləsi bağlayaraq 1217,33 manat gəlir əldə etmişdir. Lakin bu məlumat Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta (Hesabat) - Baxış Altsistemində öz təsdiqini tapmır. Belə ki, adıçəkilən altsistemdə olan məlumatlara əsasən Ş.Haciyevin fərdi hesabında axırıncı ödəniş 2017-ci ildə qeydə alınmışdır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək mügaviləsinin ailəyə ünvanlı sövlət sosial yardımı təyin edilməsi üçün formal olarag bağlanmasına əsaslı şübhələr yaradır. Həmçinin iddiaçıya sosial yardım təyin edilərkən xx.xx.2023-cü il tarixdə aparılmış maddi-məişət şəraitinin müayinəsi aktına əsasən, təmsilçi İddiaçı həyat yoldaşının 2023-cü ilin fevral ayından etibarən günəmuzd işləyərək aylıq 300 manat əməkhaqqı aldığı və başqa gəlirlərinin olmadığı bildirilmişdir. Həyata keçirilən müayinə zamanı iddiaçının verdiyi məlumatlara əsaslanaraq təyin edilmiş sosial yardımın sonradan kameral yoxlaması zamanı İddiaçı həyat yoldaşının işlədiyini bildirməsinə baxmayaraq, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi aşkar olunmuşdur. Belə olan halda ailənin əvvəlki 12 ayda olan gəlirlərinin müəyyən edilməsi və sosial yardımın təyin edilib ödənilməsi, ödəniləcək məbləğin müəyyən edilməsi mümkün olmadığından təyin edilmiş sosial yardım dayandırılmışdır. Qeyd edirik ki, təmsilçinin işləməsi, əldə etdiyi gəlir və.s hallar birbaşa olaraq əmək müqaviləsi əsasında ödənilən məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki işdə ailəyə təyin ediləcək ünvanlı sosial yardımın məbləği və hər bir ailə üzvü üçün müəyyən edilmiş ehtiyac meyarından aşağı olan məbləğ təmsilçi tərəfindən bəyan edilmiş əməkhaqqı əsasında müəyyən edildiyindən daha sonra sözügedən işləmə faktının təsdiqini tapmaması imtina əsasıdır və dayandırmaya əsas verən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubundan görünür ki, iddiaçının ünvanlı dövlət sosial yardımı almaq hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, VEMTS-da risk əsaslı auditin həyata keçirilməsi zamanı ailəsinin gəlirində uyğunsuzluq aşkar olunduğuna görə təyin olunmuş sosial yardımın ödənişi Qaydalara uyğun olaraq “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmaması” səbəbi göstərilməklə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Həmçinin iddiaçının ailəsinin sosial yardımı almaq hüququ xx.xx.2024-cü il tarixinədək məhdudlaşdırılmışdır. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzdən görünür ki, vergi ödəyicisi X5 ailə üzvləri haqqında məlumat cədvəlindən görünür ki ailə üzvləri sırasında X8, X9, X6, X1 adları qeyd olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlı sosial yardım təyin edilmiş, daha sonra 01 sentyabr 2023-cü il tarixdən etibarən ünvanlı sosial yardımın ödənilməsi orqanın öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın (ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar) qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda ünvanlı dövlət sosial yardımı alan şəxs orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalıdır. Göründüyü kimi cavabdeh iddiaçının dinləmə hüququnu təmin etməmiş, onun etimad hüququnun mövcudluğunu nəzərə almamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı inzibati aktı da təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar) Göründüyü kimi kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı inzibati icraatı prosessual baxımından düzgün aparmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təkcə prosessual baxımından deyil həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, “Ünvanlı sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. 4.8-1. Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır: 4.8-1.1. ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə; 4.8-1.2. ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla); 4.8-1.3. ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda; 4.8-1.4. bu Qaydaların 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərində qeyd olunan müddətlər başa çatdıqda. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin: 3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək; 3.1.32. ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək Nazirliyin vəzifələrinə aiddir. Qanunvericliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Ünvanlı sosial yardımın təyin edilməsi isə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi, o cümlədən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində ünvanlı dövlət sosial yardımın dayandırılmasının əsasları konkret olaraq səciyyələnmişdir. Eyni zamanda həmin Qaydalarda sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım ailənin elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməsi şərtidə mövcud olmuşdur. Məhkəmə yuxarıda göstərilən halların hazırki işin faktiki halları ilə birgə təhlil etdikdə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya təyin olunmuş ünvanlı dövlət sosial yardımı dayandırmaqda haqlı olmamışdır. Belə ki, cavabdehin etiraz dəlillərindən də göründüyü kimi cavabdeh iddiaçının ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmamasına əsaslanmışdır. İlk növbədə nəzərə alınmalıdır ki, ümumiyyətlə göstərilən bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarında ünvanlı dövlət sosial yardımın dayandırılması üçün sadalanan əsasların əhatə dairəsinə düşmür. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının ailə üzvü olan X10 fərdi hesabında axrıcı ödənişinin 2017-ci ildə qeydə alınması onun iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Təkzib olunmaz haldır ki, X10 adına hal-hazırda qüvvədə olan əmək müqaviləsi mövcuddur (bu hal tərəflər arasında mübahisələndirilmir). Həmin əmək müqaviləsi ləğv olunmamış və hüquqi qüvvəsini saxlamışdır. Əmək müqaviləsi qüvvədə olduğu halda, cavabdehin hazırda həmin müqavilənin mötəbərliyini şübhə altına alması ünvanlı sosial yardımın dayandırılması üçün formal yanaşmaya səbəb olur. Xülasə qeyd olunmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (Bu maddə 30 noyabr 2018-ci il tarixdə əlavə olunmuşdur) Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, qüvvədən düşmüş və qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh 2018-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, hazırda isə Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməli idi. Göründüyü kimi əmək müqaviləsi qüvvədə olduğu halda, işəgötürən tərəfindən işçiyə münasibətdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyası aidiyyəti inzibati orqanın aiddir. İstənilən halda, iddiaçının ailə üzvü olan X10 fərdi hesabında axrıcı ödənişinin 2017-ci ildə qeydə alınması və növbəti illərdə əmək haqqıdan məcburi sosial sığorta haqlarının tutulması istiqamətində əsas məsuliyyət işəgötürənin özünə və buna nəzarət funksiyası isə aidiyyəti inzibati orqana aiddir. Yəni, nə iddiaçının, nə də ki onun ərinin (X10) əmək haqqında məcburi sosial sığorta haqlarının ödənilməməsində təqsirli hərəkətləri olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, işəgötürən X7 şahid qismində məhkəmə iclasında verdiyi izahatda X13 ilə bağlanmış əmək müqaviləsinin qüvvədə olduğunu, onun iki işçisi olduğunu, həmin işçilərə ödənilən əmək haqqında məcburi sosial sığorta haqlarının köçürüldüyü, yalnız sistemdə problem olduğu üçün fərdi hesabda əks olunmadığını təsdiq etmişdir. Göstərilən bütün halları rəhbər tutaraq məhkəmə hesab edir ki, X10 adına qüvvədə olan əmək müqaviləsi olduğu halda, həmçinin nə iddiaçının, nə də ki adıçəkilən şəxsin ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verdiyi sübut olunmadığından, ən əsası isə cavabdeh iddia etdiyi hal, yəni muzdlu işlə əlaqədar gəlirdən məcburi sosial sığorta ödənişlərinin olunmaması iddiaçının və ya X10 məsuliyyət sferasına aid olmadığından, hazırki halda iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılması və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq onlara1 (bir) il müddətinə sosial yardım almaq hüququna məhdudiyyət tətbiq edilməsi əsassızdır. Odur ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X4 ünvanlı sosial yardımın dayandırılmasının qanunsuz hesab edilməklə dayandırıldığı 01 sentyabr 2023-cü il tarixindən bərpa edilməsi və ödənilməmiş ünvanlı sosial yardımın ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3331/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3331/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver