Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3332/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı X1 cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaşdan, yəni 10.01.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı məhkəmə qərarı il təsdiq olunmuş iş dövrünü əmək kitabçasında olan dövr ilə nəzərə alaraq onun 10.01.2021-ci il tarixdən yaşa görə əmək pensiya hüququnu yarandığını iddia edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi iddiaçının ümumi iş stajının toplanmamasına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum kapitaldan az təşkil etdiyinə əsaslanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi İddiaçı 03.12.2018-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən ümumi sığorta stajı 14 il 09 ay tələb olunan müddətdən (25 ildən azdır) Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 13 il sığorta stajına əsasən 9906,91 manat, 01.01.2006-cı il tarixdən onun pensiya hüququ yarandığı tarixədək 1003,35 manat olmaqla ümumilikdə 10.910,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. Ümumi iş stajının 14 il 09 ay olması;
2. Fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və 10.01.2021-ci il tarixində, yəni 62 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -əmək kitabçası; (3.2.1) -əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (3.2.2) 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi qüvvədə olan qanunvericilik vətəndaşın ümumi iş stajının təkcə əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilməsini şərtləndirməmiş, əksinə ümumi iş stajın digər sənədlər əsasında təsdiq edilməsini istisna etməmişdir ki, bu sənədlərdən biri qismində qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)13985/2015 saylı, 14.12.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının İddiaçı Ermənistan Respublikası Masis rayonu Dəmirçi kəndində eyni adlı sovxozda 1975ci il tarixdən1988-ci il tarixədək sağıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan və məhkəməyə təqdim etmiş olduğu yazılı etirazının məzmunundan görünür ki, cavabdeh məhkəmə qərarı ilə müəyyən edilmiş faktı qəbul edilmiş və iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 13 il olmasını qəbul etmişdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı 03.12.2018-ci il tarixdən 25.01.2021-ci il tarixədək "xxxx" MMC-də aşbaz vəzifəsində işləmişdir ki, bu müddət ümumilikdə 02 il 1 ay 15 gün təşkil edir. (10.01.2021ci il tarixədək isə 02 il 01 ay 10 gün) Göründüyü kimi, iddiaçının əmək kitabçasında əks olunan və məhkəmə qərarı ilə təsdiq olunan əmək fəaliyyəti dövrü cəmlədikdə müəyyən olunur ki, onun 62 yaşı tamam olduğu, yəni 10.01.2021-ci il tarixədək ümumi iş stajı ümumilikdə (15 il 01 ay 10 gün = 13 il + 02 il 01 ay 10 gün) təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsinin əsaslandırılmasında Ermənistanda işlədiyi müddətin 23 ildən çox olduğunu iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfindən isə məhkəmə qətnaməsindən də görünür ki, iddiaçı Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistanda işlədiyi müddətin 1975-1988-ci illəri əhatə etdiyini qəbul etmiş və məhz həmin illər üzrə faktın tanınmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı mülki məhkəmə icraatında baxılan işdə onun Ermənistanda işlədiyi müddətinin 13 il təşkil etdiyini öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Bununla da, onun Ermənistanda işlədiyi müddətin 23 ildən çox olmasını istisna etmişdir. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməlidir. Məhkəmə mübahisənin 10 yanvar 2021-ci il tarixədək (minimum məbləğin 240 manat olmasına qədər) yarandığını əsas gətirərək bu nəticəyə gəlmiş və hesablama qaydasını gözlənin pensiya ödənişi müddətini və minimum əmək pensiyası məbləğini əsas götürmüşdür. Hesablama qaydası: 144 ay (gözlənilən pensiya ödənişi müddəti ) x 200 manat (minimum pensiya məbləği) = 28.800 manat İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) 01.01.2006-01.07.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4
Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır.Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2021-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 4.680 manat (13x360) məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2021-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir: İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik əvvəlinə pensiya kapitalı səviyyəsi 2006 8,3 5.068,44 =(4.680+4.680*8,3%) 2007 16,7 5.914,87 =(5.068,44+5.068,44*16,7%) 2008 20,8 7.145,16 =(5.914,87+5.914,87*20,8%) 2009 1,5 7.252,34 =(7.145,16+7.145,16*1,5%) 2010 5,7 7.665,72 =(7.252,34+7.252,34*5,7%) 2011 7,9 8.271,31 =(7.665,72+7.665,72*7,9%) 2012 1,1 8.362,29 =(8.271,31+8.271,31*1,1%) 2013 2,4 8.562,98 =(8.362,29+8.362,29*2,4%) 2014 1,4 8.682,86 =(8.562,98+ 8.562,98*1,4%) 2015 4,0 9.030,17 =(8.682,86+8.682,86*4%) 2016 12,4 10.149,91=(9.030,17+9.030,17*12,4%) 2017 12,9 11.459,21 =(10.149,91+10.149,91*12,9%) 2018 2,3 11.722,77 =(11.459,21+11.459,21*2,3%) 2019 2,6 12.027,56 =(11.722,77+11.722,77*2,6%) 01.01.2020 2,6 12.340,28 =(12.027,56 +12.027,56*2,6%) 31.12.2020 2,8 12.685,81 =(12.340,28+12.340,28*2,8%) 01.01.2021 12 14.207,75 =(12.685,81+12.685,81*12%) 31.12.2021 6,7 15.159,67 =(14.207,75+14.207,75*6,7%) 01.01.2022 12,1 16.993,99 =(15.159,67+15.159,67*12,1%)
İddiaçının 62 yaş həddi 2021-ci ilin yanvar ayında tamam olur. Belə olan halda, onun 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq 01.01.2006-cı il tarixinə topladığı 4.680 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2021-ci ilin əvvəlinə 14.207,75 manat təşkil edir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən məlumatlar (hər ilin sonuna olan faizlər) hazırkı mərhələdə işə əlavə olunmuşdur). Qeyd olunmalıdır ki, iddiaçının 03.12.2018-ci il tarixdən pensiya hüququ yarandığı tarixdək (10.01.2021) 1003,35 manat pensiya kapitalı da nəzərə alınmalıdır. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 105,63 ((14.207,75+1003,35/144 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində (əvvəlki redaksiyasında) nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 13.588,9 manat fərq ilə 15.211,1 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir. Əlavə olaraq məhkəmə bildirir ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının pensiya kapitalının 9.906,91 manat (01.01.2006-cı il tarixədək toplanmış iş stajına əsasən) olması göstərilsə də, həmin pensiya kapitalının hesablama qaydası məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, hər nə qədər pensiya kapitalının hesablanması zamanı fərq yaransa belə, bu hal iddiaçının ziyanına şərh edilmir. Belə ki, məhkəmə tərəfindən hesablanmış pensiya kapitalı cavabdehin hesabladığı pensiya kapitalından çox olsa da, həmin kapital tələb olunan pensiya kapitalından azdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin dekabr ayından pensiya kapitalı qeydə alınmağa başlanmışdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı 01.07.2018-ci il tarixdən sonra qeydə alındığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Orxan Həsənov