Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3333/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X10 (Hüquqi Təminat İdarəsinin X1 Təminatı şöbəsinin baş inspektoru) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “X11, İnc. Of Zhuai şirkətindən idxal edilən kondisioner hissələrinin X6 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X6 mal nomenklaturasının 841581 təsnifat kodu əsasında gömrük rəsmiləşdirilmələrinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X11, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X6 mal nomenklaturasının ********** təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 25 ildir mühəndislik fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət növü isitmə, soyutma, havalandırma avadanlıqlarının satışı, quraşdırılması və servisidir. İddiaçı fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Aqrokompleks”i, Sumqayıt Şəhər Məhkəməsi, X7, “KFC" Amburan Mail, “Həştərxan” İş Mərkəzi, Saphire Otel və başqa böyük layihələrə imza atıb. Hazırda şirkətin 100-ə peşəkar əməkdaşı var. İddiaçı dünyanın bir çox nüfuzlu şirkətləri ilə, həmçinin ÇXDR-nin X11 İnc. Of Zhuai şirkəti ilə sıx əməkdaşlıq edərək həmin şirkətin istehsal etdiyi avadanlıqların satışını, quraşdırılmasını və servisini həyata keçiririk və bu şirkətin Azərbaycanda rəsmi təmsilçisidir. İddiaçı 2020-ci ilin noyabr ayının 2-də X11, İnc. of Zhuai şirkətininin 841581 təsnifat kodlu ilə ixrac etdiyi 18 adda 177 ədəd kondisioner hissələrini ixrac bəyannaməsinə və malların mənşə sertifikatına əsaslanaraq eyni təsnifat kodu ilə gömrük rəsmiləşdirməsindən keçirilməsi üçün idxal bəyannaməsini Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Lakin gömrük əməkdaşları idxal bəyannaməsini geri qaytararaq, iddiaçının idxal etdiyi kondisioner hissələrini 841582 təsnifat kodu altında bəyan etməsini tələb edib. İddiaçı bununla razılaşmayaraq idxal etdiyi kondisioner hissələrinə düzgün təsnifat kodunun təsdiq edilməsi üçün X5 İdarəsinə müraciət edib. Həmin İdarənin 13 noyabr 2020-ci il tarixli, 2200-015/003-24/005992 nömrəli rəyində iddiaçının idxal etdiyi malların adı tamamilə əsassız və absurd şəkildə havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri kimi və həmin malların adına tamamilə zidd olan 841582 təsnifat kodu (digər quraşdırılmış soyuducu qurğuları) verilib. Bununla da ekspert qanunsuz, əsassız və anlaşılmaz bir rəy verib. Belə ki, ekspertiza malların ixrac və idxal bəyannamələrində, idxal edilmiş malların mənşə sertifikatında göstərilən 841581 təsnifat koduna və bu günə qədər iddiaçının idxal etdiyi həmin mallara dair idxal bəyannaməsində istinad etdiyi 841510 təsnifat koduna tamamilə zidd olan yeni 841582 təsnifat kodu verib. Üstəlik bu azmış kimi malın adını da X6 mal nomenklaturasında olmayan yeni bir ad kimi göstərib. X5 İdarəsinin verdiyi rəy üzrə iddiaçının idxal etdiyi malların 841581 təsnifat kodu altında 5%-lik gömrük rüsumu ilə deyil, qanunsuz olaraq 841582 təsnifat kodu altında 15%-lik gömrük rüsumu ilə rəsmiləşdirilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıyla yanaşı iddiaçının əsassız olaraq artıq gömrük rüsumu ödəməsinə səbəb olur. Bu da iddiaçının idxal etdiyi malların maya dəyərinin artmasına və həmin malların rəqabət qabiliyyətini aşağı salmaqla iddiaçıya böyük maddi zərər vurulmasıyla nəticələnir. İddiaçı idxal etdiyi kondisioner hissələrinin qanunvericiliyin tələbinə əsasən 841581 təsnifat kodu əsasında rəsmiləşdirilməsinə kömək edilməsiylə bağlı həm cavabdehin rəhbərliyinə, həm Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə, həm də müxtəlif vəzifəli şəxslərə və dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlayıb. 16 noyabr 2020-ci ildə iddiaçı cavabdehin Apellyasiya Şurasına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yazılı şikayətlə müraciət edərək idxal etdiyi kondisioner hissələrinə dair düzgün ekspertiza rəyinin verilməsi və idxal etdiyi malların 841581 təsnifat kodu altında rəsmiləşdirilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, cavabdehin Apellyasiya Şurası 25 noyabr 2020ci il tarixli, 1000-110/006-24/023251 nömrəli məktubla iddiaçının apellyasiya şikayətinə baxmaqdan imtina etmişdir. İddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yazılı müraciətlə bağlı 09 dekabr 2020-ci ildə cavabdehin rəsmi elektron poçtundan cavab məktubu daxil olub. Məktubda qeyd edilib ki, İddiaçı MMC-nin direktoru X14 tərəfindən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyevə ünvanlanmış elektron müraciətinə X5 İdarəsində baxılaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və iddiaçının təqdim etdiyi kataloqlar əsasında aparılmış araşdırmalarla yükün sənaye kondisioneri olmadığı, həmin malların multi-split sistemli bir neçə məişət tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifiəşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılması müəyyən edilmişdir. 15 dekabr 2020-ci il əvvəlki məzmunda cavab məktubu daxil olmuşdur. Məktubda həmçinin qeyd edilir ki, iddiaçının idxal etdiyi mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN görə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi cavabdehin tabeliyində olan X5 İdarəsi növbəti dəfə iddiaçının idxal etdiyi kondisioner hissələrini split kondisioneri kimi tanıyaraq həmin malları 841582 təsnifat kodu altında müəyyən edib. İddiaçı bildir ki, divar tipli split kondisionerlər əsasən məişətin müxtəlif sahələrinin soyudulması və isidilməsi üçün istifadə olunur. Split tipli kondisionerlər məhdud imkanlara malikdir. Belə ki, bir xarici blokun bir daxili bloka bağlanması şərtilə quraşdırılması üçün hazır vəziyyətə gəlir. Yəni onun quraşdırılması üçün hər hansı əlavə işlərin görülməsinə zərurət yoxdur. İddiaçının idxal etdiyi avadanlıqlar isə split kondisionerlərdən fərqli olaraq, inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyutma ilə təmin edilməsi üçün mərkəzi sistemlərdə istifadə olunur. Belə ki, müxtəlif təyinatlı binaların ölçülərindən, quruluşundan asılı olaraq soyutma-isitmə sistemi layihələndirilir, bu layihələrə uyğun müxtəlif parametrli avadanlıqlar seçilir və bu avadanlıqların öz aralarında birləşdirilməsi üçün mis borulardan, xüsusi siqnal kabellərindən və başqa materiallardan istifadə edilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Çünki burada çox sayda müxtəlif parametrli avadanlıqların hamısını bir yerdə, bir sistem şəkildə işləməsini təmin etmək üçün ciddi mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. Bu proses layihəçi, mühəndis və başqa ixtisaslı insanın əməyindən istifadə olunmasıyla meydana çıxır. Yuxarıda qeyd edilən izahdan da göründüyü kimi iddiaçının idxal etdiyi mallar hissələr şəklində gəlir və sonradan həmin hissələr istehsal prosesindən keçirilərək mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaradılır. Göründüyü kimi split kondisionerlərin 15%-lik gömrük rüsumuna cəlb edilməsinə səbəb həmin malların hazır məhsul olması və heç bir istehsal prosesindən keçməməsidir. İddiaçı X11, İnc. ofZhuai şirkətinin ixrac sənədlərini araşdırarkən müəyyən edib ki, həmin istehsalçı şirkət iddiaçının idxal etdiyi malları kondisioner hissəsi kimi ixrac edir. Lakin təəssüf ki, iddiaçı uzun illər ərzində bu fakta lazımi diqqət göstərməyərək həmin kondisioner hissələrini split kondisionerlərin təsnifat kodu altında idxal edib. Halbuki iddiaçının yuxarıda qeyd edilən izahından, istehsalçının ixrac bəyannaməsindən və malların məişət sertifikatından göründüyü kimi iddiaçının idxal etdiyi mallar məhz kondisioner hissələridir və 841581 təsnifat kodu altında sinifləşdirilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi” tələbinə dair iddia ərizəsində qeyd olunanları əsassız hesab edir. Cavabdeh bildirir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Çin Xalq Respublikasının hüquqi şəxsi “X12, İNC. OF ZHUHAİ” arasında bağlanmış 15.01.2019-cu il tarixli müqavilə əsasında iddiaçı Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Çin Xalq Respublikası olan 80242,00 ABŞ dolları dəyərində 177 ədəd “Gree" markalı split kondisionerlər və 250,00 ABŞ dolları dəyərində 50 ədəd kondisionerlərin istifadə etmə qaydaları kitabları idxal etmişdir. İdxal edilmiş mallar İddiaçı MMC tərəfindən 03 noyabr 2020-ci il tarixdə **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxal edilmiş malların təsnifat kodu daha əvvəl İddiaçı MMC-nin eyni şirkətdən idxal etdiyi eyni malların təsnifat kodundan fərqli olduğu üçün mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməmiş, iddiaçının təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli, **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Mallar İddiaçı MMC-nin təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli, **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyindən 03 noyabr 2020-ci il tarixli **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ləğv edilmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır... “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Gömrük Məcəlləsinin 321-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, bəyannaməçi tərəfindən malın təsnifat kodu bəyannamədə düzgün göstərilmədikdə, gömrük orqanları özləri həmin malları təsnifatlandırır və bu barədə onların qərarları məcburi xarakter daşıyır. Malın təsnifat kodunun müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çəxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Maddənin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların təsnifatlandırılması zəruridir, çünki həmin təsnifata uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Təsnifatlandırma isə X6 mal nomenklaturasında müəyyən edilmiş kodla aparılmalıdır. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların təsnifat kodunun müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifat kodunun müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin indiyə kimi "Buxar Mühəndislik” MMC bununla bağlı gömrük orqanına müraciət etməmişdir. Həmin Məcəllənin 322.1.2-ci maddəsinə əsasən malların X6 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri ekspertə əsaslandırılmış etiraz etmək, konkret ekspertin təyin olunması barədə vəsatət vermək, ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək, ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək, mallardan prob və nümunələr götürmək, ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın surətini almaq və əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək hüquqlarına malikdirlər. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir... Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların X6 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Cavabdeh eyni zamanda bildirir ki, İddiaçı MMC-nin 05.11.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin X5 İdarəsində 24/24/008191 daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu və Bakı Baş Gömrük İdarəsi tərəfindən X5 İdarəsinə göndərilən 1400-012/004-25/008785 nömrəli 16.11.2020-ci il tarixli sorğu əsasında İddiaçı MMC-nin ünvanına ARV**********716 nömrəli 22.10.2020-ci il tarixli invoysla idxal olunmuş yükün X6 Mal Nomenklaturası (XİF MN) üzrə təsnifat kodunun təyininə dair müraciətlərə əsasən sorğular daxil olmuşdur. Sorğular üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və İddiaçı MMC tərəfindən təqdim olunmuş kataloqlar üzrə aparılmış araşdırmalar əsasında yükün sənaye kondisioneri olmadığı müəyyən olunmuşdur. Belə ki, idxal olunmuş obyekt yığılmamış pərakəndə halda gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal olunmuş obyektlər malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas təsfir qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə həmin izahnamənin 16-cı fəslinin 1-ci qeydinin 3-4 bəndinə istinadən “GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və xarici blok funksiyasını həyata keçirən kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 0 alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifatı aşağıdakı bu prinsiplər - malların mənşəyi, kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı, habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz təqdim olunan kataloqlar üzrə İddiaçı MMC tərəfindən idxal olunmuş kondisionerlər də müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar və s.) quraşdırılması göstərilmişdir. Elə bu göstərilən səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlərdir və sənaye kondisionerləri hesab olunmur. Belə ki, sənaye dedikdə hasilat və istehsal sahələri nəzərdə tutulur. Hasilat sahəsinə yerin təkindən çixarılan sərvətlər aid olur. Emal sahəsinə isə istehsal vasitələri və istehlak mallarını istehsal edən sahələr aid olunur. Lakin idxal olunmuş kondisionerlər bu tipli obyektlərdə quraşdırılmamışdır. Belə ki, faktiki olaraq bu kondisionerlər idxalçı tərəfindən təqdim olunan kataloqlar üzrə müxtəlif yerlərdə quraşdırılmışdır. Buna görə eyni markalı, müxtəlif modelli malların təsnifat kodu sistem halında xarakterizə olunan obyekt təqdim olunmuş multi-split sistemli bir neçə müxtəlif tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılmışdır. Digər tərəfdən isə bildirilir ki, İddiaçı MMC tərəfindən idxal olunmuş mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN üzrə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Həmçinin bildirirlər ki, “Buxar Mühəndislik" MMC Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin 13 noyabr 2020-ci il tarixli, 2200-015/003-24/005992 nömrəli rəyi ilə razılaşmayaraq, 16 noyabr 2020-ci il tarixdə 20-054 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçı MMC-nin 16.11.2020-ci il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apelyasiya Şurasının Katibliyində baxılmışdır. İddiaçı MMC-yə 26.11.2020-ci il tarixdə cavab olaraq göndərilən 1000-110/006-24/023251 nömrəli məktubda göstərilmişdir ki, “Tərəfinizdən daxil olan müraciətinizdə irəli sürdüyünüz tələblə bağlı Komitə sistemində hər hansı yuxarı orqana və ya yuxarı vəzifəli şəxsə ünvanladığı məktub barədə hər hansı məlumat qeyd olunmamışdır. Bununla əlaqədar “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 1.8-ci bəndinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanının strukturuna daxil olan qurumların (yanında olan dövlət agentlikləri, xidmətləri, tabeliyində olan orqanlar, yerli bölmələri, o cümlədən mərkəzi icra hakimiyyəti orqanının və onun yanında olan dövlət xidmətlərinin və agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (o cümlədən ikili tabelikdə olan yerli qurumları)) və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə Apelyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, həmin qurumlara və vəzifəli şəxslərə münasibətdə mərkəzi icra hakimiyyəti orqanının sistemində hər hansı yuxarı orqan və ya yuxarı vəzifəli şəxs baxmış olsun. Şikayətiniz “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 18-ci bəndinin müddəalarına riayət edilməklə təqdim edildikdən sonra icraata götürüləcək." İddia ərizəsində göstərildiyi kimi İddiaçı MMC tərəfindən malların X6 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin X8 İdarəsinə müraciət edilmişdir. X8 İdarəsinin ekspertinin verdiyi rəy iddiaçını qane etmədiyi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydalarının yuxarıda qeyd olunan müvafiq bəndlərində və yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza və etiraza uyğun məzmunlu ekspert rəyinə münasibətdə qeyd olunanlara əsasən izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq mövcud maddi və prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan satıcı “X12, İNC. OF ZHUHAİ” ilə alıcı İddiaçı MMC arasında bağlanmış CMS15012019 saylı, 15 yanvar 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında dəyəri 80242,00 ABŞ dolları təşkil edən soyutma avadanlıqları və onların ehtiyat hissələrinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İdxal edilmiş mallar İddiaçı MMC tərəfindən 03 noyabr 2020-ci il tarixdə **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İşdə olan 10.12.2020-ci il tarixli, **********9330 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X12, İNC. OF ZHUHAİ” tərəfindən göndərilmiş mənşə ölkəsi Çin Respublikası, istehsalçı Çin Respublikasının 177 ədəd Gree markalı kondisioner avadanlıqları İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün 10.12.2020-ci il tarixdə gömrük bəyannaməsi təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 05.11.2020-12.11.2020-ci il tarixləri ərzində ilkin və kompleks ekspertiza keçirilmiş A18850220 №li 28.08.2020-ci il tarixli invoys, yol nəqliyyat sənədi, gömrük bəyənnaməsi və mallara baxış keçirilərək, yükün XİF MN-a uyğun təsnifat kodunun müəyyən edilməsi məqsədilə tədqiqat aparılmış, nəticədə İddiaçı MMC-nin ünvanına A18850220 №li 28.08.2020-ci il tarixli invoys üzrə idxal olunan 1-18-ci mövqe üzrə “Gree” markalı havanın temperaturu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan məişət kondisionerləri olması qeyd edilmişdir. İşdə olan X5 tərəfindən iddiaçıya verilmiş elektron məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron müraciət tamamlanmamışdır. Bununla əlaqədar İddiaçı MMC-nin 24/24/008191 nömrəli 05.11.2020-ci il və və Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400-012/004-25/008785 nömrəli 16.11.2020-ci il tarixli sorğuları əsasında İddiaçı MMC-nin ünvanına ARV**********716 nömrəli 22.10.2020-ci il tarixli invoysla idxal olunmuş yükün XİF MN üzrə təsnifat kodunun təyininə dair daxil olmuş müraciətlər əsasında sorğu üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və iddiaçı tərəfindən təqdim olunmuş kataloqlar, aparılmış araşdırmalar əsasında yükün sənaye tipli kondisionerlərə aid olmadığı müəyyən olunmuşdur. İdxal olunmuş obyekt yığılmamış pərakəndə halında gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal edilən obyektlər malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas şərh qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə həmin izahnamənin 16-cı fəslinin 1-ci qeydinin 3-4 bəndinə istinadən onlar GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 o alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifat aşağıdakı prinsiplər-malların mənşəyi kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz iddiaçının təqdim etdiyi şirkətin kataloqunda müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar, və s.) quraşdırılması göstərilmişdir. Elə bu səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlər sənaye kondisionerləri hesab olunmur. Buna görə eyni markalı, müxtəlif modelli malların təsnifat kodu sistem halında xarakterizə olunan obyekt təqdim olunmuş multi-split sistemli bir neçə tipli bloklardan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılmışdır. Digər tərəfdən isə bildirmişlər ki, iddiaçının idxal etdiyi mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında maksimum tarif dərəcəsilə rəsmləşdirilmiş və XİF MN görə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Məhz idxal edilən bu kondisiyalaşdırma sistemi də analoji mallar dəstindən ibarətdir. Məhkəmə araşdırması dövründə məhkəmənin 08 may 2021-ci il tarixli, 2-1(112)- 3333/2021 saylı qərardadına əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında İddiaçı MMC tərəfindən idxal olunan malların mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğun olub-olmaması, İddiaçı MMC tərəfindən idxal olunan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri X6 mal nomenklaturasının əsas şərhetmə qaydalarına uyğun olaraq malların X6 mal nomenklaturası üzrə **********, **********, yoxsa ********** XİF MN koduna uyğun olubolmaması barədə sual qoyulmuşdur. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 17 iyul 2021-ci il tarixli, 9/3909 saylı ekspert rəyinin tədqiqat hissəsində müəyyən edilən hallar aşağıdakı kimi olmuşdur: İş materiallarında olan məlumatlara əsasən tədqiqat obyektlərinin, yəni İddiaçı MMC tərəfindən idxal olunan malların sənaye tipli kondisionerlərin hissələri olduğu müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin hissələrinin mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğunluğu, yəni “841581 00 90” nömrəli koda uyğunluğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 8415 mal mövqeyinə aşağıdakılar daxil edilir: 8415 - Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular; 8415 10 - pəncərə, divar, tavan və ya döşəməüstü tipli, vahid korpusda və ya “splitsistemlər”; 8415 10 100 0 - vahid korpusda, əd, 15; 8415 10 900 0 - “split-sistemlər”, əd,15 8415 20 000 - mühərrikli nəqliyyat vasitələrində insanlar üçün istifadə olunan; 8415 20 000 1 - minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə, əd, 0; 8415 20 000 9 - digərləri, əd, 15 – digərləri: 8415 81 00 - quraşdırılmış soyuducu qurğusu və soyuq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları); 8415 81 001 0 - xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri, əd, 0; 8415 81 009 0 - digərləri, əd, 5; 8415 82 000 - digərləri, quraşdırılmış soyuducu qurğusu olan; 8415 82 000 1 - mülki aviasiya üçün, əd, 0; 8415 82 000 9 - digərləri, əd, 15; 8415 83 000 0 - quraşdırılmış soyuducu qurğusu olmayan; 8415 83 000 1 - mülki aviasiya üçün; 8415 83 000 9 - digərləri; 8415 90 000 - hissələri; 8415 90 000 1 - kondisionerlərin –,5; 8415 90 000 9 - digərləri, –,15; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.6-ci maddəsinə əsasən mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən X6 mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X9 Edilmiş Sisteminə və X4 X6 vahid mal nomenklaturasına uyğun olmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X6 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların X6 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları X6 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli ekspert rəyi sübut qismində qəbul edilə bilməz. Belə ki, tərtib edilmiş ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr əsaslandırılmış qaydada təhlil aparılmalı olduğu halda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi tərəfindən verilmiş ekspert rəyi yalnız nəticə hissəsindən ibarət olmaqla, eyni zamanda iddiaçının idxal etdiyi malların adının, havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri olaraq və həmin malların adının 841582 təsnifat koduna aid olduğu (digər quraşdırılmış soyuducu qurğuları) qeyd edilməklə, malın adı X6 mal nomenklaturasında olmayan yeni ad kimi müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən idxal edilən mallar split kondisionerlərdən fərqli olaraq, inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyudulması ilə təmin edilməsi məqsədilə mərkəzi sistemlərdə istifadə olunmaqla müxtəlif təyinatlı binaların layihələrinə uyğun müxtəlif parametrli avadanlıqlar əsasında seçilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Göründüyü kimi sözügedən proseslərin gedişatı əsnasında müxtəlif parametrli avadanlıqların hamısını bir yerdə, vahid sistem şəklində işləməsini təmin etmək üçün mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. Bu proses layihəçi, mühəndis və başqa ixtisaslı peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. Belə olan halda iddiaçının idxal etdiyi mallar, hissələr şəklində gətirilməklə sonradan həmin hissələr istehsal prosesindən keçirilməklə mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaradılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərə və keçirilmiş ekspertiza üzrə alınmış ekspert rəyinə əsasən iddiaçı tərəfindən idxal olunan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən sənaye tipli kondisionerlərin hissələri olduğundan, qeyd olunan malların mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğun olaraq “841581 00 90” nömrəli koda uyğun olduğu müəyyən edilməkdədir və beləliklə cavabdeh tərəfindən həmin malların 841582 nömrəli koda uyğunlaşdırılması düzgün deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən idxal olunan malların XİF MN-də göstərilən “841581 00 90” nömrəli koda uyğun olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının tələbi təmin edilməli, İddiaçı X11, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X6 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X11, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X6 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3333/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3333/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver