Məhkəmə qərarları › İş №2-1(112)-3334/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3334/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3334/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-ci il tarixli, 09 saylı inzibati aktının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı Xəzər rayon İcra Şöbəsinə xx.xx.2023-ci il tarixli 9 saylı qərarla inzibati aktın təmin edilməsi üçün müraciət etmişdir. Cavabdeh inzibati aktla iddiaçının hal-hazırda yaşadığı ünvan üzrə (ünvan 1 ) əmlak və torpaq vergisi üzrə 50 manat,ötən dövr üçün 175 manat, faiz olaraq isə 53 manat, 20 qəpik müəyyən edərək, ümumilikdə onun əmlak və torpaq vergisi üzrə Şüvəlan bələdiyyəsinin hesabına 253 manat 20 qəpik pulun ödənilməsini müəyyən etmişdir. İddiaçı hesab edir ki, Şüvəlan bələdiyyəsinin qeyd olunan xx.xx.2023-ci il tarixli 09 saylı inzibati aktı qeyri-qanuni olduğundan ləğv olunmalıdır. İddiaçı bildirir ki, o, əmlak və torpaq vergisi yarandığı iddia edilən ünvanda yaşayır. Qeyd olunan ünvanın mülkiyyətində olmasına dair müvafiq çıxarış yoxdur və bu əmlak ona atasından miras olaraq qalmışdır. Dəfələrlə mülkiyyətinə alınmasına dair müvafiq qurumlara müraciət etməsinə baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020 ci il tarixli məktubuna əsasən qeyd olunan ünvana mülkiyyət hüququnun olmaması faktı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, son 3 ilin yalnız torpaq vergisi 14 manat 40 qəpik etdiyi halda cavabdeh tutduğu vəzifədən istifadə edərək onun 253 manat 20 qəpik vergi borcunun yarandığını iddia etmişdir. İddiaçı sözügedən torpaq sahəsi üçün 2019-cu il tarixinədək könüllü olaraq Şüvəlan bələdiyyəsinin hesabına hər il 50 manat pul köçürmüş və müvafiq ödəniş qəbzi də vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı münasibət (etiraz) daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbi müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı uzun müddətdir vergi ödəyicisidir, son 3 ildə isə bələdiyyəyə olan borclarını ödəməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şüvəlan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 9 №-li qərarının surətindən görünür ki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.6-bəndini əsas tutaraq İddiaçı ünvan 3 ünvanı üzrə 253,20 manat əmlak və torpaq vergisi tutulması müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli tədiyyə bildirişdən görünür ki, iddiaçıdan 253.20 manat əmlak və torpaq vergisinin ödənilməsi tələb edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusu ilə cavabdeh Şüvəlan bələdiyyəsi tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi üzrə inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə X3, X2 və X4 tərəfindən akt tərtib edilmiş və aktda İddiaçı əmlak və torpaq vergisini ödəməkdən müxtəlif bəhanələrlə yayınması göstərilmişdir. Aktda fərdi yaşayış evinin sahibi barədə hər hansı qeyd aparılmamış, həmin hissə boş saxlanılmışdır. Bundan başqa Şüvəlan bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıdan əmlak və torpaq vergisinə görə hesablanmış 253,20 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə mülki qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə növündə iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətinə əməl olunmasıdır. Hazırkı halda mübahiələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) edilməsi barədə cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmiş, həmçinin qeyd olunan inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanalr) barədə qeyd aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. AR Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar»ın təsdiq edilməsi barədə 101 nömrəli 6 aprel 2015-ci il tarixli qərarı ilə Bakı şəhərinin Xəzər rayonu 10.2-ci və 12-ci zonalar üzrə müəyyən edilmişdir ki, həmin zonalara tətbiq olunan əmsallar müvafiq olaraq “0.80” və “0,70”-dir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 208.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İstinad olunan qanunvericilik normalarını hazırkı iddiaya tətbiq edərək məhkəmə qeyd edir ki, mübahisələndirilən 30 avqust 2023-cü il tarixli 9 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yuxarıda istinad olunan Əsasnamənin tələblərindən göründüyü kimi, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Digər tərəfdən VM-in 200.1-ci maddəsindən göründüyü kimi, fiziki şəxslər xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi ödəməlidirlər. Hazırkı halda isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəs, Nizami küçəsi 4, dalan 1, ev 1A-nın iddiaçının xüsusi mülkiyyətində olması müəyyən edilmədiyindən iddiaçıya əmlak vergisinin hesablanmasının qanuni əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən 30 avqust 2023-cü il tarixli 9 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış (vaxtında) olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur. Habelə, vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 30 avqust 2023-cü il tarixli 9 nömrəli qərar onu qəbul edən inzibati orqan Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Belə ki, istər tərtib olunmuş aktda, istərsə də mübahisələndirilən qərarda əmlak və torpaq vergisinin hansı dövrlər üzrə yarandığı və hüquqi əsasları barədə heç bir qeyd aparılmamışdır. Həmçinin, hesablanmış əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən iddiaçıya göndərilmiş tədiyə bildirişi 30 avqust 2023-cü il tarixlidir. Halbuki, VM-in 200.4-cü maddəsinə əsasən, vergi ödəyicisinə tədiyə bildirişi avqust ayının 1-dən gec olmayaraq göndərilməlidir. Bundan başqa həmin bildirişin iddiaçıya göndərilməsi və onun tərəfindən alılnması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qərarda hər il 50 manat əmlak və torpaq vergisi borcunun hansı qaydada (düsturla) hesablandığı da aydın olmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli 9 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 30 avqust 2023-cü il tarixli 9 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş qaydalara və müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Şüvəlan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 09 saylı qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar