Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3335/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyasına) qarşı «uşaqların soyadının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqların soyadının dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 5 mart 2015-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan onların iki övladı – 18 may 2015-ci il tarixdə X4 və 19 sentyabr 2020-ci il tarixdə X6 doğulmuşlar. Övladlarına iddiaçının soyadına uyğun olaraq “Bilalov” soyadı verilmişdir. Lakin iddiaçının soyadını araşdırarkən həmin soyadın hansı əsaslarla verilməsinin səbəbini bilməmişdir. Belə ki, onun “Bilal” adlı babası və ya ulu babası olmamışdır. Buna görə də, iddiaçı övladlarının soyadının onun adına uyğun olaraq “Ədalətli” soyadı daşımaları üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin həmin orqan müraciəti təmin etməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, İPM-in 45 – 46-cı maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2, 11-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının övladları X2 və X1 dəyişdirilərək “Ədalətli” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə iddia ərizəsində cavabdeh olaraq “Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası”nın göstərilməsini formal xəta qismində qiymətkəndirmiş və caavabdeh inzibati orqan kimi “Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti”ni qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin hazırkı İddiaçı ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Uşaqların soyadının dəyişdirilməsi barədə ərizəyə Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan filir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı, uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcədə soyadının digər valideyninin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qeyd olunanları nəzərə alaraq, müraciətin Komissiya tərəfindən müsbət həlli mümkün olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 4-cü bəndində nəzərdə tutulur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilməsini, o cümlədən valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilməsini, valideynlər arasında fikir ayrılığı olduqda isə mübahisənin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edildiyini nəzərdə tutur. Qanunvericilik həmçinin müəyyən etmişdir ki, həmin orqanlar müvafiq hallarda uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə və soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər. Hazırkı işin hallarına görə isə, uşaqların soyadının dəyişdirilməsində valideynlər arasında fikir ayrılığı mövcud deyil, lakin iddiaçının arzuladığı hal, onun uşaqlarının soyadının digər valideynin soyadına dəyişdirilməsi də deyil. Onun istəyinə uyğun olaraq, uşaqların soyadının atası kimi onun özünün adına uyğun “Ədalətli” verilməsi isə hazırkı cavabdehin səlahiyyətlərində deyil. Odur ki, iddiaçının müraciəti üzrə qaldırılan məsələnin həllinin mümkün olmaması barədə cavabdeh inzibati orqanın imtinası qanuna uyğun qiymətləndirilir. Belə olan halda, məhkəmə iddianı əsaslı saymır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyasına) qarşı «uşaqların soyadının dəyişdirilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyasına) qarşı «uşaqların soyadının dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3335/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3335/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver