Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3336/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamının verildiyi andan etibarsız hesab edilməsi və ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və yaxud ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, əsl olmayan iddiaçı X3 əsl İddiaçı2lə əvəz edilməsi və "xxxx" MMC-nin üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçılar xx.xx.2023-ci il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında 51 saylı, 04 mart 2020-ci il tarixli sərəncamının qismən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.017820 ha torpaq sahəsinə münasibətdə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev və onun ayrılmaz tərkib hissəsi olan torpaq sahəsi iddiaçıların paylı mülkiyyətindədir. Üçünçü şəxs "xxxx" MMC tərəfindən iddiaçılara qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdikdən sonra və iddiaçılar müvafiq sənədlər ilə tanış olduqda məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "xxxx" MMC-yə iddiaçıların mülkiyyətində olan sahədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əlavə cavabdeh qanunsuz olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini belə hazırkı iş üzrə üçünçu şəxsə icarəyə vermişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda iddiaçının ümumiyyətlə narazı qaldığı inzibati aktla əlaqədar şikayət instansiyasına müraciət edib-etmədiyi görünmür və eyni zamanda şikayətçi qanunla müəyyən olunmuş müddətdə məhkəmədə iddia qaldırmamasının səbəblərini açıqlamamışdır, yəni iddiaçı qanunla müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisələndirdiyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə "xxxx"' MMC-yə sərəncamda göstərilən ərazidə 4,2258 ha torpaq sahəsi ayrılmış, iddiaçıya məxsus əmlak isə birgə mülkiyyətdə sərəncam verildikdən 1 il 2 ay keçdikdən sonra yəni xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Bakı ŞİH-in “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının iddiaçının mülkiyyət hüququnu pozmasının nədə ifadə olunması əsaslandırılmamışdır. Göründüyü kimi iddiaçının iddia tələbi əsassızdır, yolverilməzdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestindən çıxarışın (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.60 kv.m. olan fərdi yaşayış evi və altındakı 0,017820 ha torpaq sahəsi X3 və İddiaçı1 paylı mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə X2 mülkiyyətində olan hissə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına qeydiyyata alınmışdır; “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "Pilot- 16” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 51 №-li Sərəncamı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09 2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-ci il tarixli, **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə'’nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H Əliyev. Y Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən “Pilot-16'’ MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X4 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi məqsədilə həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlər məhkəmə sorğusu əsasında təqdim edilmişdir: Bakı şəhər, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X4 və Novruzov qardaşları küçələrin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri- yaşayış obyektlərinin sökülməsini və həminünvanlarda yaşayan mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qeyd olunan ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsi ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir; Nəsimi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qeyd olunan ünvanda yerləşən 4,2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir; Azərbaycan Respublikasının əmlak məsələləri dövlət komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Qeyd edilən torpaq sahəsinə dair "xxxx" MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli 1576 nömrəli icarə müqaviləsi bağlanmış, lakin "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarı: Həmin Qərarda ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Belə ki, hazırkı mübahisə Bakı Şəhər İcra Hakimiyyətinin “Yaşayış və qeyri yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə" sərəncamının iddiaçılara aid hissədə ləğvinə dair mübahisədir. Mübahisələndirilən Sərəncamdan görünür ki, iddiaçıların mülkiyyətində olan evi və onun altındakı torpaq sahəsi sərəncamla ayrılmış torpaq sahəsinin hüdudlarına düşür. Lakin sərəncamda qeyd edilir ki: 1. Nəsimi rayonu H.ƏLiyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir binalar tikilməsi üçün torpaq sahəsi MMC-nin istifadəsinə verilsin. Sərəncamda daha sonra qeyd edilmişdir ki: 2. Ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən MMC tərəfindən həll edilsin. Beləliklə, mübahisələndirilən Sərəncamda məhz iddiaçının evi sökülməsi deyil, Nəsimi rayonu H.ƏLiyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir binalar tikilməsi üçün MMC-nin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, konkret halda iddiaçılar pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) fərdi yaşayış evinin və altındakı torpaq sahəsinin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. İddiaçının dəlillərinə münasibətdə məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırda mübahisələndirilən sərəncam qəbul edilərkən, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmamışdır. Onların mülkiyyət hüququ sərəncam verildikdən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdeh tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin digər şəxsə icarəyə verilməsi halı hazırkı iş üzrə mövcud deyil. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan sərəncamın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3336/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3336/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver